Suraxanıda adam öldürməyə cəhddə təqsirləndirilən qardaşlar məhkəmədə dindirilib


Sosial 10 Apr 2018 13:50:08 317 0

Suraxanıda adam öldürməyə cəhddə təqsirləndirilən qardaşlar məhkəmədə dindirilib

Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən iki qardaş Kamran və İmran Yusifzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə K.Yusifzadə özünü qismən, İ.Yusifzadə isə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Rəhman Səlimova ifadə vermək üçün söz verilib.

Hakim bildirib ki, zərərçəkmiş R.Səlimov hadisədən əvvəl qardaşlardan birini - K.Yusifzadəni bıçaqlayıb, həmin cinayət işi isə ayrıca icraata ayrılıb.

R.Səlimov dindirilən zaman hadisə barədə danışıb. O, K.Yusifzadəni daha əvvəl söyüş üstündə bıçaqladığını qeyd edib: "Bərbərxanada oturmuşduq. Orada Elxanla Elmir də var idi. Birdən səs gəldi. Baxanda iki qardaşları - Kamranla İmranı gördüm. Sonra İmran içəri daxil oldu, məndən qardaşını niyə vurduğumu soruşdu. Kamran isə çöldə qapının qarşısında dayanmışdı. Bu zaman Kamran içəri daxil oldu və məni bıçaqla vurdu. Mən yerə yıxıldım, daha heç nə görmədim. Beş bıçaqdan biri ayağıma girdi".

R.Səlimov hadisə zamanı İ.Yusifzadənin onu bıçaqla vurduğunu görmədiyini deyib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını söyləyib.

Prosesdə iki hadisə şahidi dindirilib. Onlar hadisə barədə danışıb.

Daha sonra K.Yusifzadə ifadə verib. O bildirib ki, hadisədən əvvəl R.Səlimov onu dizindən bıçaqlayıb: "Sonra onunla söhbətə tək getdim. Qardaşım orada olmayıb. Söhbət zamanı Rəhmanı bıçaqladım".

İ.Yusifzadə də dindirilən zaman hadisə yerində olmadığını deyib: "Mən ora gələndə çox adam yığışmışdı. Hadisə zamanı orada olmamışam".

Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə ötən il Bakının Suraxanı rayonu ərazisində baş verib. Rayonun Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında yerləşən bərbərxanada qəsəbə sakini, 1990-cı il təvəllüdlü Rəhman İlham oğluSəlimovKamran və qardaşı İmran Yusifzadə ilə mübahisə edib.

Hər iki qardaş mübahisə nəticəsində R.Səlimovu bıçaqlayıb. Onlar R.Səlimova bir neçə bıçaq zərbəsi endiriblər.

Hadisədən sonra saxlanılan qardaşlar barəsində Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.