Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan qadının şikayəti təmin edilməyib


Sosial 31 Mar 2018 11:53:51 284 0

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan qadının şikayəti təmin edilməyib

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Arifə Abaszadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, A.Abaszadənin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, A.Abaszadə Azərbaycan vətəndaşı olan qadını aldadaraq Türkiyəyə aparıb. O, qadınları Türkiyədə dayə, xadimə və digər bu kimi işlərlə təmin edəcəyinə vəd verib. Lakin qadınları otellərə yerləşdirəndən sonra onların ümumvətəndaşlıq sənədlərini əllərindən alıb. Sonra da qadınları ayrı-ayrı ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Zərərçəkmişlərin şikayəti əsasında A.Abaszadənin barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq dövründə və birinci instansiya məhkəməsi dövründə A.Abbaszadənin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə A.Abbaszadənin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum qadın apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.