Kollegiya sədri: "Bizim razılığımız olmadan vəkillik fəaliyyəti göstərənlər məsuliyyətə cəlb ediləcək"


Sosial 27 Mar 2018 13:18:56 338 0

Kollegiya sədri: "Bizim razılığımız olmadan vəkillik fəaliyyəti göstərənlər məsuliyyətə cəlb ediləcək"

“Vəkillər Kollegiyasına ən çox şikayət vətəndaşlar tərəfindən göndərilir"

“Vəkillər Kollegiyasına ən çox şikayət vətəndaşlar tərəfindən göndərilir. Əgər faiz etibarilə götürsək, bu, təqribən, 70% civarındadır”.

Bunu "Report"a Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, şikayətlərin bəziləri özünü vəkil kimi təqdim edən digər hüquqşünaslardandır: "Bəzi hüquqşünaslar özlərinə vətəndaşlara vəkil kimi təqdim edirlər. Vətəndaşlar da inanır, pul ödəyir, müqavilə bağlayırlar. Ancaq sonradan onlar vəkil olmadığı müəyyənləşir.Nəticə etibarilə vəkilliyin nüfuzu aşağı düşür. Ona görə də Vəkillər Kollegiyası olaraq biz vəkilliklə bağlı olan bütün adları artıq hüquqi qeydiyyata almışıq. Aprelin 1-dən etibarən həmin adlardan qanunsuz, yəni Vəkillər Kollegiyasının razılığı olmadan yararlananlar həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yəni biz bununla ciddi şəkildə mübarizə aparacağıq".

Kollegiya sədri indiyədək bu cür məsələlərlə bağlı kiminsə məsuliyyətə cəlb olunmamasından təəssüfləndiyini söyləyib: "İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsində vəkil adından qanunsuz istifadəyə görə inzibati məsuliyyət nəzərdə tutulub. İndiyədək Azərbaycanda bu maddə ilə bir nəfər də olsun məsuliyyətə cəlb edilməyib. Təbii ki, burada cərimə nəzərdə tutulub və bu, pul ifadəsində özünü göstərir. Amma nəzərə almaq lazımdır ki, məqsədimiz insanları cərimləmək deyil. Biz istəyirik ki, insanlar vəkil adından qanunsuz istifadə etməsinlər, vəkilliyi nüfuzdan salmasınlar. Vəkil adından yalnız Kollegiya üzvləri istifadə edə bilər. Çünki kollegiya üzvləri hər hansı pozuntuya yol verdikdə kollegiyanın müvafiq orqanları tərəfindən intizam icraatı başlana, həmin vəkil məsuliyyətə cəlb oluna bilər. Amma digər hüquqşünas haqqında isə belə bir tədbir görəcək qurum yoxdur. Digər tərəfdən, hər bir vəkil qazandığı vəsaitin 2%-ni sığorta-bank hesabına köçürür. Əgər həmin vəkil vətəndaşı aldatsa, o zaman vətəndaş Vəkillər Kollegiyasına qarşı iddia qaldıra bilər və dəymiş ziyanı təlb edə bilər. Sonra isə Vəkillər Kollegiyası ödədiyi vəsaiti vəkildən reqres qaydasında geri ala bilər".