Şabranda qayınatasını döyən şəxsin apellyasiya şikayəti təmin edilməyib


Sosial 08 Mar 2018 16:11:13 240 0

Şabranda qayınatasını döyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rüzgar Əsgərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Əsgərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib.

İttiham aktına əsasən, hadisə 2017-ci il yanvarın 12-dən 13-nə keçən gecə Şabran şəhəri, X.Rza küçəsində yerləşən evdə baş verib. R.Əsgərov sərxoş halda ailədaxili münasibətlərin pozulması səbəbindən ondan faktiki ayrılaraq son bir ildən artıq müddət ərzində atası evində yaşayan arvadı Turanə Abdullayevanı geri qaytarmaq istəyib. O, ailəsinin dağılmasında günahkar hesab etdiyi qayınatası Rahib Abdullayevdən qisas almaq məqsədilə yaşadığı Xızı rayonunun Giləzi qəsəbəsindən Şabran şəhəri, X.Rza küçəsində yerləşən evinə gedib. Evin həyətində aralarında baş vermiş mübahisə zamanı R.Əsgərov qayınatası R.Abdullayevi döyüb.

Daha sonra R.Əsgərov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

O, məhkəmədə özünü təqsirli bildiyini deyib və əməlini etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əsgərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində çıxarılan hökmlə razılaşmadığını və ona təyin edilən cəzanın yüngülləşdirilməsini istəyib.