“Bizim dövr” qəzetinin baş redaktorunun məhkəməsində dövlət qurumlarının işçiləri ifadə verib


Sosial 06 Mar 2018 12:38:00 254 0

“Bizim dövr” qəzetinin baş redaktorunun məhkəməsində dövlət qurumlarının işçiləri ifadə verib

Məhkəmə prosesi sonradan qapalı olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Mustafa Muradov dindirilib.

O bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız S.Əliyevi tanıyır: "Onu da bir dəfə görmüşəm".

M.Muradov söyləyib ki, Mingəçevir Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyir: "Rabitə işi" ilə bağlı cinayət işi başlanılan zaman mətbuatda mənim barəmdə də yazılar getdi. Surxay mənə zəng edib dedi ki, "Rabitə Nazirliyinin həbs edilən şəxsləri ilə sizin əlaqəniz varmı?" O, mənim haqda yazıların hazır olduğunu, onu Nazirliyə göndərəcəyini bildirdi. Surxay məndən əvvəl 5 min, sonra 3 min, daha sonra 1000 manat istədi. Sonra Hikmətlə 600 manata razılaşdım. Yevlax postunun yanında isə 600 manat pulu Surxaya verdim".

Zərərçəkmiş şikayətinin olmadığını deyib.

Daha sonra şahid qismində Zaqatala Rayon Yol İdarəsinin əməkdaşı Sahib Abdullayev, Gülsarə Həmidova dindirilib.

Şahid G.Həmidova bildirib ki, qızı xəstə olduğu üçün həkimə müraciət edib: "Həkimlərin hamısı pul istədilər. Əməliyyat olunmalı idi. İmkanım yox idi. Sonra nəşriyyata getdim. Orda polislər mənə məsləhət gördülər ki, Maarif Abbasovla görüşüm. Maarif müəllimlə görüşüb,dərdimi dedim. Orada pul söhbəti olmadı, Maarif heç kimdən pul istəmədi. Əksinə, mən istədim qızımı əməliyyat etdirim".

Prokurorun suallarına cavab verən zaman şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyət yaranıb.

Şahidin istintaq ifadəsi elan edilib. O, istintaqa ifadəsində qeyd edib ki, "Kriminal 107" qəzetində müxbir kimi işə götürülüb, bir çox yerləri şantaj edərək hədə-qorxu ilə pullar alacaqdıq: "Mən də razılaşmışdım. Bir neçə aydan sonra qızımda xəstəlik yarandı. Xəstəxanaya Həzrət Abbasova adlı həkimin yanına getdik. Əməliyyat olunmalı idi. Həkim məndən əməliyyat üçün 100 manat pul lazım olduğunu dedi. Mən həkimin səsini yazıb Maarif müəllimə  verdim. O da səs yazısını yazaraq həkimi şantaj etməyə başladı. Orada mənə Maarif dedi ki, pul alsa, mənə də maddi köməklik edəcək. Daha sonra qəzetlərdə "Sabunçuda şok rüşvət" adlı yazılar çap edildi. Həzrət həkimin də xəstələrdən pul aldığı yazıda qeyd edilmişdi. Ancaq pulun alınıb-alınmamasından xəbərim olmayıb. Səsi sonradan sildim".

Hakim bildirib ki, şahid haqqında yalan ifadə verdiyi üçün qərar çıxarılacaq.

Digər şahid Mirəziz Əzizov dindirilən zaman "Azərbaycan Nəşriyyatı"nda çalışdığını deyib. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini söyləyib.

Həmin şahidin ifadəsi zamanı məhkəmə prosesin qapalı keçirilməsini elan edib. Daha sonra digər şəxslər zalı tərk ediblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Daha sonra "Gündəlik Bakı" qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.

G.Əliyeva "İlk xəbər" saytının, M.Abbasov isə "Kriminal" qəzetinin baş redaktoru olub.