“Sabahın alimləri” VII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib


Sosial 14 Fev 2018 15:47:42 330 0

“Sabahın alimləri” VII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib

Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib

“Sabahın alimləri” VII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

"Report"un xəbərinə görə, təhsil naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov deyib ki, müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteIİSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Nazir müavini qeyd edib ki, təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün ölkədə geniş imkanlar yaradılıb: "Bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli və başqaları bu müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

Daha sonra qonaqlar stendlərə baxış keçirib.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir. 

Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Bu il 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 259 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109-dur.