Xızıda 16 ədəd partlamamış hərbi sursat tapılıb


Sosial 02 Fev 2018 04:41:10 465 0

Xızıda 16 ədəd partlamamış hərbi sursat tapılıb

Nəticə etibarilə 95 855 706 kv.m (9 586 ha) ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, fevralın 1-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 16 ədəd partlamamış hərbi sursat (PHS), 93 ədəd partlamış-yanmış mərmi qalıqları və 228 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 720 000 kv.m (72 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 123 gün ərzində 25 690 ədəd partlamamış hərbi sursat (PHS), 19 510 ədəd partlamış-yanmış sursat qalıqları və 103 897 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 95 855 706 kv.m (9 586 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakinlər arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.