Xızıda ölümlə nəticələnən qəza törədən sürücülər məhkəmə zalında həbs edilib


Sosial 01 Fev 2018 11:10:34 223 0

Xızıda ölümlə nəticələnən qəza törədən sürücülər məhkəmə zalında həbs edilib

Məhkəmənin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşən Nağızadə və Nəriman Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunublar.

Qeyd edək ki, hadisə ötən ilin avqustun 7-də saat 19:00 radələrində Xızı rayonunun Şuraabad kəndində baş verib. Kənd sakinləri N.Quliyevin və E.Nağızadənin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, habelə N.Quliyevin sərnişini, həmkəndlisi Rəşad Bayramov, E.Nağızadənin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib, R.Bayramov orada ölüb.

Hər iki şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.