Beyləqanda həmkəndlisini güllələyərək öldürən şəxs saxlanılıb - YENİLƏNİB


Sosial 12 Yan 2018 13:26:00 265 0

Beyləqanda həmkəndlisini güllələyərək öldürən şəxs saxlanılıb - YENİLƏNİB

Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng də götürülüb

Beyləqan rayonunda həmkəndlisini güllələyərək öldürən şəxs saxlanılıb.  

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub.

Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Ə.Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Bayramov Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M.Mustafayev Ə.Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng də götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. 

*** 09:43

Beyləqan rayonunda qətl hadisəsi törədilib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Dünyamalılar kəndində qeydə alınıb. 

Belə ki, 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu 1991-ci il təvəllüdlü Bayramov Əli Əlovsət oğlunu odlu silahla qətlə yetirib.

Məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.