2017-ci ildə məşğulluq orqanları tərəfindən 47 900 nəfər işlə təmin edilib


Sosial 11 Yan 2018 05:54:29 267 0

2017-ci ildə məşğulluq orqanları tərəfindən 47 900 nəfər işlə təmin edilib

14 min 820 nəfərə işsizlik müavinəti təyin edilərək ödənilib

"Ötən il ərzində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadıldı, 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlandı, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb edildi. Ümumilikdə, ötən il dövlət məşğulluğu tədbirləri hesabına 41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin olunub".

“Report” xəbər verir ki, bunu yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

"Bundan əlavə, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib. İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənilib", - deyə nazir bildirib.

S.Müslümov, eyni zamanda bildirib ki, aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatları yaradılıb. Bundan əlavə, bu təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib ki, bu da, fikrimizcə, onların məhsullarının satışında ciddi rol oynayacaq. Hazırda həmin ailə təsərrüfatlarının mütəmadi monitorinqi aparılmaqdadır.

"Müvafiq normativ hüquqi baza yaradılmaqla yeni fəaliyyətə başlayan işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını cari ildə 6 dəfəyə yaxın artıracaq. Bu tədbirlər üçün İşsizlikdən Sığorta Fondunun büdcəsində 35,8 milyon manat vəsait nəzərdə tutulub", - deyə nazir əlavə edib.