Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməyib


Sosial 28 Noy 2017 14:43:45 258 0

Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməyib

Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

Bu gün Nərimanov Rayon Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Asif Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Bu barədə "Report"a A.Həmidovun vəkili Fariz Namazlı məlumat verib.

Vəsatətə hakim Rəşad Abdulovun sədrliyi ilə baxılıb. F.Namazlı vəsatətində qeyd edib ki, A.Həmidovun irəli sürülən ittihamlarla heç bir əlaqəsi yoxdur: "Belə ki, 19 avqust 2017-ci ildə Nazpəri Dostəliyevanın Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən evində oğurluq hadisəsi baş verən zaman Asif Həmidov orada olmayıb, Sumqayıtda olub. Onun bu işlərdən, oğurluq hadisəsindən xəbəri yoxdur və buna görə də müvəkkilim kimlərləsə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyini, kiminsə evinə oğurluğa getməsini söyləmək əsaslı deyil".

Vəkil bildirib ki, istintaq orqanı oğurluq hadisəsi baş verən zaman A.Həmidovun, həqiqətən də, N.Dostəliyevanın evinin ətrafında olmasını, onun digər həbs edilən şəxslərlə qabaqcadan əlbir olması, cinayət əlaqəsinə girməsini təsdiq edən heç bir sübut toplamayıb: "Digər ittihama gəldikdə, Asif Həmidovun narkotik vasitə əldə etməsi, onun satış niyyətinin olmasını təsdiq edən heç bir sübut mövcud deyil, narkotik vasitənin külli miqdarda olması onun, həqiqətən də, satış niyyəti ilə əldə etməsinə dəlalət etmir. İstintaq orqanı narkotik vasitənin, həqiqətən də, əldə edilməsini, təqsirləndirilən şəxsin onu satmaq niyyətinin olmasını sübut edən arqumentlər ortaya qoymalıdır. Lakin belə sübutlar mövcud deyil".

Məhkəmə vəsatəti təmin etməyib.

F.Namazlı söyləyib ki, Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.