Tanınmış jurnalistlər ADU tələbələri ilə görüşüb


Sosial 24 Noy 2017 12:43:47 275 0

Tanınmış jurnalistlər ADU tələbələri ilə görüşüb

Görüşdə “Anadolu” agentliyinin Bakı ofisinin rəhbəri və “Report” informasiya agentliyinin baş redaktoru iştirak edib

Türkiyənin “Anadolu” agentliyinin Bakı ofisinin rəhbəri Tolqa Özgənc və Azərbaycanın “Report” informasiya agentliyinin baş redaktoru Murad Əliyev Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

"Report" xəbər verir ki, əvvəlcə fakültənin Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi Nərgiz Cavadzadə qonaqları görüşdə iştirak edən 2 və 4-cü kurs tələbələri barədə məlumatlandırıb, bu cür görüşlərin tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Tolqa Özgənc çıxışında “Anadolu” agentliyinin xəbər siyasəti, o cümlədən peşə kodeksindən bəhs edərək Türkiyə və Azərbaycan mediasını müqayisəli təhlil edib. Türkiyənin dövlət agentliyinin cəmiyyət qarşısında öhdəlikləri barədə danışıb, ekstremal şəraitdə peşə fəaliyyətinin çətin məqamlarından söz açaraq təcrübəsini bölüşüb.

Murad Əliyev “Report” agentliyinin iş prinsipi barədə məlumat verib. O, son vaxtlar KİV-də ixtisaslaşma tendensiyasının artdığını qeyd edib və gələcəyin jurnalistlərinə hər hansı sahə üzrə ixtisaslaşmağı tövsiyə edib. M.Əliyev tələbələrə müasir medianın əsas tələbləri barədə danışıb və vurğulayıb ki, hər gün yenilənən informasiya texnologiyaları, sosial şəbəkələrin fonunda jurnalistlər də hadisələrə daha çevik reaksiya verməlidirlər.

Görüş tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.