Patriarx Kirill: "Qafqaz Müsəlmanları İdarəsi ilə uzunmüddətli münasibətləri dəyərləndiririk"


Sosial 22 Noy 2017 15:25:54 273 0

Patriarx Kirill: "Qafqaz Müsəlmanları İdarəsi ilə uzunmüddətli münasibətləri dəyərləndiririk"

"Sülhməramlı xidmət nümunələrindən biri də Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin Qarabağ münaqişəsində əməkdaşlığıdır"

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva Patriarxlığı və Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verib.

"Report" xəbər verir ki, bu barədə Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Sankt-Peterburqda keçirilən "Azərbaycan - Rusiya: İslam həmrəyliyi dinlərarası razılığın inkişafının mühüm elementi kimi" konfransının iştirakçılarına müraciətində bildirilib.

"Ümumi sülhməramlı xidmət nümunələrindən biri də Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin Dağlıq Qarabağdakı münaqişənin həllinə istiqamətlənmiş əməkdaşlığıdır", - müraciətdə deyilir.

Kirillin sözlərinə görə, Moskva Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsi ilə olduqca yüksək səviyyədə qarşılıqlı etimad ilə xarakterizə olunan uzunmüddətli münasibətləri qiymətləndirir: "Bu işdə 40 ildir yaxın dostum, dialoq aparılmasının ardıcıl tərəfdarı və sülhməramlı işlərdə tərəfdaş kimi tanıdığım hörmətli Şeyxülislam Allahşükür Paşazadənin böyük töhfəsi var".

Din xadimi dini liderlərin ekstremizm probleminə birgə reaksiya verməli olduqlarını qeyd edib.

"Aydın məsələdir ki, ekstremizmin yayılması dini maarifləndirmənin zəif olması, gənclərin informasiya kanallarından alınan məlumatları düzgün qiymətləndirə bilməməsi ilə bağlıdır. Buna görə də mənəvi təhsil və maarifləndirməni təşviq edərək camaatımızı bir-birinə hörmət etmək ruhunda tərbiyə etməliyik", - Rus Pravoslav Kilsəsinin rəhbəri bildirib.