Xaçmazda sevgilisinin anasını qətlə yetirən şəxsə hökm oxunub


Sosial 14 Noy 2017 17:08:36 271 0

Xaçmazda sevgilisinin anasını qətlə yetirən şəxsə hökm oxunub

O, 10 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Hacıəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Hacıəliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına əsasən, S.Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. 

Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyev G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb. 

Hadisə baş verən günü S.Hacıəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib. 

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib. 

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Məhkəmənin baxış iclasında qətlə yerilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində S.Hacıəliyevin anası ilə münasibətlərinin olduğunu ifadə edib: "Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununa bağlı maraqlandım. Mənə dedilər ki, "onların münasibətləri var, guya sən bilmirsən"? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibətim yoxdur. Amma ona inanmadım".