Sosial şəbəkələr vasitəsilə quldurluq edən şəxslərin məhkəməsində "Azercell"in cavab məktubu səsləndirilib


Sosial 19 Okt 2017 12:27:25 321 0

Sosial şəbəkələr vasitəsilə quldurluq edən şəxslərin məhkəməsində "Azercell"in cavab məktubu səsləndirilib

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Rakif Xəlilov, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə "Azercell"ə göndərilmiş sorğuya cavab gəldiyi elan olunub.

Məhkəmədə həmin sorğunun cavabı səsləndirilib.

Daha sonra vəkil Şahin Rəfiyev vəsatət qaldırıb. O, əlavə şahid qismində Gültəkin Əsgərovanın məhkəmədə ifadə verməsini tələb edib.

Hakim bildirib ki, həmin qadının cinayət işi ayrıca icraata ayrılıb.

Prosesdə digər vəkillər də vəsatətlə çıxış edib.

Vəsatətlərə növbəti iclasda baxılacağı elan olunub.

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü R.Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

Məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl prosesinə gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.