Bakıda qadının bank hesabından pul çıxaran şəxs tutulub


Sosial 13 Okt 2017 11:50:02 335 0

Bakıda qadının bank hesabından pul çıxaran şəxs tutulub

Faktla əlaqədar cinayət işi başlanılıb

Sentyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən bir şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun həmin qadının qonşusu, Bakı şəhər sakini Hüseyn Muradov olduğu məlum olub və o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, H.Muradov qonşusunun evdə olmadığı vaxt açar seçmə yolu ilə onun evinə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürübmüş. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.