Azərbaycanda artrit xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb


Sosial 12 Okt 2017 11:47:00 342 0

Azərbaycanda artrit xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

"Bu xəstəlik kişilərdə gənc yaşlarda, qadınlarda isə daha yuxarı yaşlarda daha çox rast gəlinir"

"Dünyada artrit xəstəliyindən əziyyət çəkənlərin sayı son 20 ildə 2 dəfə artıb".  "Report" xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasında keçirilən tədbirdə xəstəxanasının baş həkimi Telman İbadov deyib.O bildirib ki, artroz və artritlər oynaqların son illərdə təsadüf edilən ən geniş yayılmış xəstəlikləridir: "Artrit - oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur. Bu xəstəliklər müxtəlif yaş qrupunda insanlarda rast gəlinə bilər. Artroza daha yaşlılar, doğuşdan sonrakı dövrdə qadınlar, klimakterik dövrdə qadınlar, tez-tez soyuqdəymə ilə xəstələnənlər məruz qalır, buna səbəb immun sistemin zəifləməsidir. Artrozların ilkin əlamətləri – yüngül keçici ağrılar, hərəkətlər zamanı oynaqların mütəmadi olaraq şıqqıltısıdır. Bu mərhələdə aparılan profilaktika tədbirləri əksər hallarda xəstəliyin qarşısını almış olur. Tədbirlər görülməzsə, bu proses illərlə davam edir, daha da güclənir, daimiləşir, sutkalarla davam edir, hətta gecələr də keçmir. Bu xəstəliklərin proqressivləşməsi isə bir çox hallarda əlilliyə gətirib çıxarır".Həkimin sözlərinə görə, bu ilin 9 ayı ərzində xəstəxanada 142 xəstə müxtəlif mənşəli artrit xəstəlikləri ilə bağlı stasionar müalicə alıblar: "Ötən il isə 221 nəfər Respublika Klinik Xəstəxanasında artrit xəstəliyi ilə bağlı stasionar müalicə alıblar. Müraciət edənlərin 27 faizində revmatoit artrit rast gəlinir".T.İbadov qeyd edib ki, bu xəstəlik kişilərdə gənc yaşlarda, qadınlarda isə daha yuxarı yaşlarda daha çox rast gəlinir: "Artrit müalicəsinin nəticəsi müsbət olur, artrozda isə vəziyyət fərqlidir, şikəstliyə qədər gəlib çıxa bilər".