Təqsirləndirilən şəxs: "Fikrət Qocanın oğlu öləndən sonra telefonunu aparıb satdım"


Sosial 09 Okt 2017 16:28:45 408 0

Təqsirləndirilən şəxs: "Fikrət Qocanın oğlu öləndən sonra telefonunu aparıb satdım"

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində həkimlər ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində həkim Günay Cavadova ifadə verib.

O, 9 saylı xəstəxanasında həkim işlədiyini deyib: "Biz çağırış əsasında hadisə yerinə getdik. Bizi orada Elnur Nəhmədov qarşıladı. İçəri girəndə xəstə barədə soruşdum. Dedilər ki, yıxılıb. Mən də soruşmadım ki, haradan, necə yıxılıb. Ora çatanda artıq həmin şəxs keçinmişdi. Nəbzi yox idi. Gözlədik ki, polis gəlsin. Hazırda təqsirləndirilən şəxslərin hər üçü orada idi. Həmin şəxslərdən Elnur Nəhmədov çox həyacanlı görünürdü. O, xəstəyə iynə vurmağımı istədi. Bildiridim ki, artıq gecdir".

Daha sonra şahid qismində Səma Məmmədova dindirilib. Həmin şəxs də Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işlədiyini, təqsirləndirilən şəxslərdən E.Nəhmədovun onları qarşıladığını söyləyib: "İçəri daxil olanda kresloda bir nəfərin yaralı halda olduğunu gördük. Həkim yoxlayıb onun öldüyünü söylədi. Hər üç təqsirləndirilən şəxs orada idi, onların içkili vəziyyətdə olduğu hiss olunurdu. Elnur Nəhmədov çox həyacanlı idi, digərlərinə baxanda isə o, az içkili vəziyyətdə görünürdü. Həmçinin Elnur Nəhmədov bir az doluxsunmuşdu. Ondan xəstənin nəyi olduğunu soruşduq. Dostu olduğunu söylədi. Sonra həkim polisə məlumat verdi".

Prosesdə təqsirləndirilən R.Məmmədov ifadə verib. O, qətlə yetirilən Yalçın Qocayevlə birgə yeyib-içdiklərini bildirib: "Sonra Elnur Yalçına söhbəti olduğunu dedi. Birgə yedik-içdik. Rəhmətlik Elnura "niyə gecələr mənim evimə zəng edirsən" dedi. Sonra Elnurla aralarında mübahisə yarandı. Yalçın söyüş söyməyə başladı. Elnur onu itələyəndə Yalçın yıxıldı. Sonra Pərviz onu qaldırmaq üçün məndən kömək istədi. Onu yerindən qaldırdıq. Biz təcili tibbi yardım maşını çağırdıq. Hələ rəhmətlik məndən də siqaret istədi. Bir qədər keçəndən sonra Yalçının səsi xırıldadı, nəfəsi az gəlirdi. Elnur çox qorxdu, ağlamağa başladı. Hadisə yerinə təcili tibbi yardım maşını gəldi. Yalçın öləndən sonra evimizə getdim. Yalçının telefonu da məndə idi, aparıb satdım. Çünkü pulum qurtarmışdı".

R.Məmmədov Y.Qocayevin də içki içən olduğunu qeyd edib: "Mən Vətən Müharibəsi Veteranlar Birliyində mühafizəçi işləyirdim. Tez-tez orada oturub, yeyib-içirdik".

Məhkəmədə R.Məmmədovun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsini özünün yazmadığını, yalnız qol çəkdiyini deyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.