Sabiq idarə əməkdaşının qardaşının şikayəti əsasında məhkəmə başlayıb


Sosial 07 Okt 2017 18:33:00 357 0

Sabiq idarə əməkdaşının qardaşının şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası oktyabrın 26-na təyin edilib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 26-na təyin edilib.

İttihama aktına əsasən, N.Quliyev özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətdə olduğu gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə həmin cəmiyyətin direktoru Arif Həsənovla görüşüb. Ona guya gəmi təmiri sahəsində işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını deyərək, gəmi və tərsanə tapmaqla müəssisəni işlədib pul qazanacağına inandırıb. Bu məqsədlə A.Həsənovun etibarından sui-istifadə edərək onu aldadıb və 85 min 500 manat pulunu ələ keçirməklə dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. N.Quliyev məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan N.Quliyev apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, N.Quliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Nazir Quliyevin qardaşıdır.