Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir
Siyasət 11 Okt 2025 10:53:00 80 0
Azərbaycanın Latın Amerikasında diplomatik iştirakının tarixi strateji məqsədlər dəqiq müəyyənləşdirildiyi və xarici siyasət planlaşdırması ardıcıl aparıldığı halda coğrafi uzaqlığın maneə olmadığının parlaq nümunəsidir. Müstəqilliyin bərpasından dərhal sonra rəsmi Bakı anlayırdı ki, yeni xarici siyasət postsovet məkanı və ya yaxın qonşularla məhdudlaşa bilməz. Artıq ilkin mərhələdə Azərbaycan rəhbərliyi Qlobal Cənub ölkələrinin, xüsusilə də Latın Amerikacsnın təkcə iqtisadi ehtiyat deyil, həm də yeni formalaşan çoxqütblü dünyada mühüm siyasi resurs olduğunu dərk etmişdi.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif edib
Diplomatik münasibətlərin qurulmasının ilk dalğası 1992-1993-cü illərə təsadüf etdi: 1992-ci il fevralın 10-da Azərbaycan Meksika ilə, 1993-cü il oktyabrın 21-də Braziliya ilə, həmin ilin noyabrın 8-də isə Argentina ilə əlaqələr qurdu.
Bu addımlar daha çox simvolik xarakter daşısa da, gələcək əməkdaşlıq üçün təməl rolunu oynadı. 2000-ci illərdə isə yeni mərhələ başlandı - bəyannamə səviyyəsində iştirakdan sistemli əməkdaşlığa keçid dövrü. Bu baxımdan Azərbaycanın xarici işlər nazirinin Argentina, Peru, Uruqvay və Kolumbiyaya səfəri mühüm dönüş nöqtəsi oldu və regiona ilk genişmiqyaslı diplomatik-iqtisadi tur kimi yadda qaldı.
Diqqətçəkən məqam ondan ibarət idi ki, nümayəndə heyətinə yalnız diplomatlar deyil, həm də İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və biznes dairələrinin nümayəndələri daxil idi. Bu da Bakının siyasi dialoqu konkret iqtisadi layihələrə çevirmək niyyətində olduğunu göstərirdi.
Hazırda Azərbaycan regionun dörd əsas ölkəsində - Braziliya, Argentina, Meksika və Kubada tam səfirliklərlə təmsil olunur. Çili, Kolumbiya, Peru və Uruqvay kimi mühüm tərəfdaşlarla isə əlaqələr qeyri-rezident missiyalar vasitəsilə inkişaf etdirilir ki, bu da diplomatik iştirakda çevik yanaşmanı əks etdirir. Çoxsaylı beynəlxalq platformalarda əməkdaşlıq da önəmli rol oynayıb. Latın Amerikası ölkələri Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini fəal şəkildə dəstəklədilər ki, bu da təkcə etimad göstəricisi deyil, həm də sistemli diplomatik fəaliyyətin nəticəsi idi.
Bakı regiona marağının situativ olmadığını sübut etməyi bacardı. Son illərdə əməkdaşlıq klassik diplomatiya çərçivəsini xeyli aşmışdır. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu ən böyük beynəlxalq təşkilatın sammitinə ev sahibliyi etdi və tədbirdə Latın Amerikasından ondan çox ölkənin nümayəndələri iştirak etdilər. 2023-2024-cü illərdə NAM Əlaqə Qrupu çərçivəsində qlobal idarəetmənin islahatı məsələləri fəal şəkildə müzakirə olundu və bu mövzuda Azərbaycanın mövqeyi Cənubi Amerika ölkələrinin əksəriyyəti ilə üst-üstə düşür: çoxqütblü dünya zərurəti, suverenliyə hörmət, sanksiya təzyiqinin və güclülərin diktəsinin yolverilməzliyi.
Yaxınlaşmanı asanlaşdıran mühüm amillərdən biri də odur ki, Azərbaycan və Cənubi Amerikanın bir çox dövlətləri oxşar tarixi təcrübəyə - antikolonial mübarizəyə, müstəqillik arzularına, öz inkişaf modelini axtarmağa malikdirlər. Məhz bu, Bakıya münasibətləri donor və benefisiar kimi deyil, qarşılıqlı hörmətə əsaslanan və oxşar strateji hədəfləri paylaşan tərəfdaşlar kimi qurmağa imkan verir.
XXI əsrdə diplomatiya iqtisadi məzmun olmadan mənasını itirir. Azərbaycanın Latın Amerikası ilə əməkdaşlıq strategiyası tədricən simvolik jestlər çərçivəsindən çıxır və konkret iqtisadi maraqlar ətrafında formalaşır. Burada prosesin ikitərəfli xarakteri vacibdir: yalnız Cənubi Amerika Azərbaycanın diqqət dairəsində deyil, Bakı da regionda getdikcə daha çox strateji tərəfdaş kimi qəbul olunur.
Qitə ölkələri üçün Azərbaycan təbii resurslara əsaslanan iqtisadiyyatı dayanıqlı inkişaf modelinə çevirməyin uğurlu nümunəsi kimi maraq doğurur. SOCAR dövlət neft şirkəti kimi dünya bazarlarına inteqrasiya olunmaqla yanaşı, yüksək texnoloji və sosial layihələrə sərmayə qoymağı bacarmış nümunə hesab edilir. Məsələn, Qarabağda həyata keçirilən "ağıllı kənd" və "ağıllı şəhər" proqramları kənd infrastrukturunun modernləşdirilməsi problemi ilə üzləşən Boliviya, Paraqvay və Qvatemalada böyük maraq doğurur.
Digər tərəfdən, Azərbaycan Cənubi Amerikanın unikal imkanlarına çıxış əldə edir. Qlobal ərzaq qeyri-sabitliyi və dünya əhalisinin artdığı şəraitdə etibarlı ərzaq tədarükü strateji amilə çevrilir. Braziliya, Argentina və Paraqvay dünyanın ən iri beş aqrar ixracatçısı sırasındadır və Bakıya ət, taxıl, soya və şəkərin sabit tədarükünü təmin edə bilər. Çili, Boliviya və Peru isə elektromobillər, Günəş və külək qurğuları üçün akkumulyatorların istehsalında əsas komponent olan litium hasilatında liderdir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2030-cu ilə qədər litiuma qlobal tələbat 3,5 dəfə artacaq və bu sahədə strateji tərəfdaşlıq Azərbaycan-Latın Amerikası əməkdaşlığının yeni istiqamətinə çevrilə bilər.
Azərbaycan üçün digər mühüm maraq sahəsi Braziliyanın "Embraer" şirkətinin təcrübəsidir - bu, dünyanın ən böyük yüngül təyyarə və pilotsuz uçuş sistemləri istehsalçılarından biridir. PUA-lara artan tələbat və Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirməsi fonunda texnologiya mübadiləsi və Embraer ilə birgə proqramlar ölkəmiz üçün yeni üfüqlər açır.
İqtisadi əməkdaşlıq artıq konkret nəticələr verməyə başlayıb. Həcmlərin nisbətən kiçik olmasına baxmayaraq, dinamika olduqca təsir edicidir. Braziliya regionda Azərbaycanın ən böyük tərəfdaşı olaraq qalır: 2024-cü ildə ticarət dövriyyəsi 52 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 12% artım deməkdir. Azərbaycanın ixracında əsas yeri neft-kimya məhsulları tutur, idxalda isə şəkər, ət və qəhvə üstünlük təşkil edir. Argentina ilə ticarət dövriyyəsi 15% artaraq 9 milyon dollara yüksəlib, əsasən kənd təsərrüfatı məhsulları və şərabın tədarükü hesabına. Çili və Kolumbiya ilə neft-kimya məhsullarının tədarükü və aqrar mübadilə proqramları aktiv şəkildə müzakirə olunur. Kuba ilə Azərbaycan arasında isə tibb sahəsində əməkdaşlıq - həkimlərin mübadiləsindən tutmuş mütəxəssislərin birgə hazırlanmasına qədər - inkişaf etdirilir.
Əsas istiqamətlərdən biri də investisiyalardır. 2023-2024-cü illərdə Azərbaycan şirkətləri Yaxın Şərq bazarına ixrac üçün soya və qarğıdalı istehsalına yönəlmiş aqrar layihələri Paraqvay və Uruqvayda nəzərdən keçirməyə başlayıblar. Digər tərəfdən, Latın Amerikası istehsalçıları, xüsusilə Bakı limanının və Orta Dəhlizin inkişafı kontekstində, Azərbaycanın logistika sektoruna maraq göstərirlər.
İqtisadi əməkdaşlıq biznes assosiasiyaları səviyyəsində də güclənir. 2024-cü ildə AZPROMO Braziliya, Argentina və Çili şirkətlərinin iştirakı ilə ondan çox biznes forum təşkil edib. Onlardan biri - Bakıda keçirilmiş Azərbaycan-Braziliya biznes forumu - iki ölkənin özəl sektorları arasında dialoq üçün münasibətlərin tarixində ən böyük platformaya çevrilib. Müzakirə olunan mövzular arasında aqrar sektor, logistika, qida sənayesi və bərpa olunan enerji sahələrində birgə müəssisələrin yaradılması var.
Hər bir transregional strategiya obyektiv çağırışlarla - siyasi, infrastruktur və sosial maneələrlə - üzləşir. Azərbaycan-Latın Amerikası əməkdaşlığı üçün iki əsas maneə mövcuddur: erməni diasporunun təsiri və logistika təcridliyi.
Birinci amil uzun müddət demək olar ki, aşılmaz hesab olunurdu. Erməni diasporu ənənəvi olaraq Cənubi Amerikada, xüsusilə də Argentinada və Uruqvayda güclüdür. Müxtəlif hesablamalara görə, yalnız Argentinada 90 mindən 120 minə qədər erməni əsilli insan yaşayır. 1990-cı illərin əvvəlindən diaspor əsasən qondarma "soyqırım" adlandırılan məsələnin təbliği üçün siyasi və media kanallarından fəal şəkildə istifadə edib. Bu fonda bir çox analitiklər Azərbaycan mövqelərinin regionda təşviqinin elə əvvəlcədən bloklanacağını düşünürdülər.
Lakin reallıq daha mürəkkəb çıxdı. Birincisi, erməni diasporunun ideoloji gündəliyi tədricən təsirini itirir. Praktik məzmundan məhrum olan stereotip aksiyalar və illik "xatirə" kampaniyaları cəmiyyətdə artan praqmatizm və iqtisadi əməkdaşlıq tələbinə cavab vermir.
Məsələn, 2023-cü ildə Buenos-Ayresdə keçirilən antiazərbaycan aksiyasının uğursuzluğu bunu sübut etdi: diaspor strukturlarının fəal səfərbərliyinə baxmayaraq, tədbirə 200-dən az adam qatıldı və milli media tərəfindən demək olar ki, diqqətə alınmadı.
İkincisi, Azərbaycan qarşıdurmaya deyil, strateji təklifə üstünlük verdi. Diasporun ideoloji gündəm diktə etməyə çalışdığı yerdə Bakı konkret iqtisadi və texnoloji layihələr irəli sürür. İnflyasiya, ərzaq qeyri-sabitliyi və sosial bərabərsizliklə mübarizə aparan ölkələr üçün bu yanaşma daha cəlbedici görünür. Latın Amerikalı siyasətçilər və biznesmenlər enerji, kənd təsərrüfatı, logistika və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını növbəti "tarixi" mübahisələrdən daha həvəslə müzakirə edirlər.
Üçüncüsü, Azərbaycan vətəndaş cəmiyyəti və ekspert mühiti səviyyəsində əlaqələrin qurulması istiqamətində atdığı addımlar nəticə verməyə başlayıb. Birgə tədqiqat mərkəzlərinin yaradılması, tələbə mübadiləsi və Latın Amerikası nümayəndələrinin Azərbaycanın beynəlxalq konfranslarında iştirakı diasporun təsir edə bilmədiyi yeni əlaqə qatını formalaşdırır.
Məsələn, 2024-cü ildə Bakı Dövlət Universiteti Kolumbiya Milli Universiteti və San-Paulu Universiteti ilə akademik əməkdaşlıq sazişləri imzalayıb, bu sazişlər enerji və aqrar iqtisadiyyat sahəsində mübadilə proqramlarını və birgə tədqiqatları əhatə edir.
İdeoloji baryerlər tədricən aradan qalxdığı halda, logistika hələ də ciddi çağırış olaraq qalır. Qafqaz ilə Cənubi Amerika arasındakı coğrafi məsafə özlüyündə aşılmaz olmasa da, birbaşa nəqliyyat marşrutlarının olmaması və logistika zəncirlərinin mürəkkəbliyi daşımaların dəyərini və müddətini xeyli artırır. Hazırda yüklərin böyük hissəsi Rotterdam və ya Hamburq limanlarından keçir ki, bu da marşrutu 25-30 gün uzadır və maya dəyərini 20%-dək artırır.
Bununla belə, son illərdə vəziyyət dəyişməyə başlayıb. Azərbaycan Çinlə Avropanı Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) infrastrukturunu fəal şəkildə inkişaf etdirir. 2024-cü ildə bu marşrutla 2,8 milyon tondan çox yük daşınıb - bu, əvvəlki illə müqayisədə 35% çoxdur. 2023-cü ildə modernizasiyası tamamlanan Bakı limanı artıq Avrasiyanın ən mühüm multimodal hablarından birinə çevrilib və ildə 25 milyon tonadək yük qəbul etmək imkanına malikdir.
Məhz bu infrastruktur gələcək Azərbaycan-Latın Amerikası əməkdaşlığının dayağı ola bilər. Braziliya, Argentina və ya Çilidən yüklər İspaniya və ya Türkiyə limanlarına daxil olaraq, buradan Qafqaz və Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya və Çinə doğru hərəkət edə bilər. Beləliklə, Bakı Cənubi Amerikanı Avrasiya məkanı ilə birləşdirən logistika qovşağına çevrilir. Artıq bu gün Azərbaycan tərəfi bir sıra braziliyalı və çilili logistika operatorları ilə Ələt qəsəbəsində birgə terminallar və anbar komplekslərinin yaradılmasını müzakirə edir.
Daha bir strateji layihə - "Cənub - Orta Dəhliz" adlı nəqliyyat və logistika konsorsiumunun yaradılmasıdır. Bu konsorsium Azərbaycan, Türkiyə, İspaniya və Braziliya şirkətlərini birləşdirərək Latın Amerikası ilə Asiya arasında yükdaşıma prosesini optimallaşdırmağı hədəfləyir. Layihə reallaşarsa, çatdırılma müddətini demək olar ki, iki dəfə azalda və nəqliyyat xərclərini 15-20% aşağı sala bilər. Bu, Cənubi Amerika malları üçün Çin, Qazaxıstan və Özbəkistan bazarlarına çıxış qapısı açacaq, Azərbaycan ixracatçılarına isə Latın Amerikası istiqamətində birbaşa marşrut təqdim edəcək.
Azərbaycan-Latın Amerikası münasibətlərinin müasir mərhələsi artıq diplomatik protokol və ticarət dövriyyəsinin sərhədlərini aşır. Gündəmdə - bir neçə əsas istiqaməti əhatə edə biləcək uzunmüddətli strateji əməkdaşlıq arxitekturasının formalaşdırılması dayanır.
Birinci istiqamət - yeni diplomatik platformanın yaradılmasıdır. Azərbaycan sadəcə dialoqu deyil, hökumətlərin, parlamentlərin, biznes dairələrinin və ekspert ictimaiyyətinin görüşə biləcəyi institusional bir meydançanı təklif edir. "Azərbaycan - Cənubi Amerika" Forumu ideyası 2023-cü ildən müzakirə olunur və onun reallaşması əsl sıçrayış ola bilər. Belə bir forum uzunmüddətli əməkdaşlıq strategiyasının işlənməsi və enerji, logistika, kənd təsərrüfatı və təhsil sahələrində layihələrin uzlaşdırılması üçün mexanizm rolunu oynaya bilər.
İkinci istiqamət - transkontinental nəqliyyat və logistika sahəsinə investisiyalardır. Cənubi Amerika şirkətləri Bakını İpək Yolu bazarlarına çıxış imkanı açan hab kimi getdikcə daha çox görürlər. 2024-cü ildə Braziliyanın logistika şirkəti "Santos Brasil" Bakı limanında birgə terminalın yaradılması ilə bağlı danışıqlar aparıb. Oxşar marağı Çilinin "Puerto San Antonio" və "DP World Callao" operatorları da göstəriblər. Bu layihələr iqtisadi əlaqələri möhkəmləndirməklə yanaşı, Atlantika ilə Avrasiya arasında geo-iqtisadi xəritəni dəyişdirə biləcək yeni infrastruktur yaradacaq.
Üçüncü istiqamət - yüksək texnologiyalar və energetika sahəsində əməkdaşlıqdır. Cənubi Amerikada bərpa olunan enerji bumu yaşanır: 2025-ci ilə qədər Braziliyanın enerji balansında bərpa olunan enerjinin payı 48%-ə, Çilidə 53%-ə, Uruqvayda isə 90%-dən çoxa çatacaq. Azad edilmiş ərazilərdə və Xəzərdə günəş və külək enerjisini fəal şəkildə inkişaf etdirən Azərbaycan tərəfdaşlarına birgə layihələr və investisiyalar təklif edə bilər. Xüsusilə litium-ion batareyalarının istehsalı və hidrogen energetikası sahəsində əməkdaşlıq böyük perspektiv vəd edir. Azərbaycanın Energetika Nazirliyi artıq Boliviya və Çili şirkətləri ilə Bakıda hidrogen energetikası üzrə tədqiqat mərkəzinin yaradılması imkanlarını müzakirə edir.
Dördüncü istiqamət - Qlobal Cənub çərçivəsində strateji dialoqdur. Azərbaycan və Latın Amerikası ölkələri Qoşulmama Hərəkatı, G77 və BMT platformalarında mövqelərini fəal şəkildə koordinasiya edirlər. 2024-cü ildə Bakıda keçirilən NAM Əlaqə Qrupunun nazirlər görüşündə Venesuela, Kuba və Boliviya nümayəndələri beynəlxalq maliyyə institutlarının islahatı üzrə birgə işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdilər ki, bu da qlobal idarəetmə sistemində inkişaf etməkdə olan ölkələrin rolunun artırılması zərurəti ilə bağlı Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu platformalarda mövqelərin sinxronizasiyası Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı, Qlobal Cənub ölkələrinin yeni alyansının formalaşdırılması üçün əsas yaradır.
XXI əsrin qlobal siyasətində coğrafiya artıq aşılmaz baryer deyil, lakin strateji resurs olaraq əhəmiyyətini qoruyur. Vaxtilə Qafqazla Cənubi Amerika arasında "çatılması mümkün olmayan məsafə" kimi qəbul edilən məsafə bu gün imkanlar məkanına çevrilir. Üç on il əvvəl regionda diplomatik iştirakın əsas mexanizmlərini quran Azərbaycan indi praqmatizmə, iqtisadi məqsədyönlülüyə və siyasi qarşılıqlı anlaşmaya əsaslanan yeni əməkdaşlıq arxitekturası formalaşdırır.
Bakının əsas uğuru ondadır ki, o, Cənubi Amerika ilə münasibətləri xarici siyasətin köməkçi istiqaməti kimi görmür. Əksinə, bu münasibətlər Azərbaycanın Qlobal Cənubdakı mövqelərini möhkəmləndirməsi və xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi strategiyasının bir hissəsinə çevrilir. Bu strategiya qlobal tendensiyaya uyğun gəlir: Dünya Bankının məlumatına görə, 2030-cu ilə qədər Qlobal Cənub ölkələrinin birgə ÜDM-i dünya iqtisadiyyatının 55%-ni, qlobal ticarətdəki payı isə 60%-i ötəcək. Latın Amerikası bu prosesin ən mühüm komponentlərindən biridir və Azərbaycan qitələr arasında körpülər quran ölkələr arasında olmağa çalışır.
Bu siyasətin əsas alətlərindən biri inkişaf diplomatiyasıdır. Azərbaycan tərəfdaş ölkələrdə infrastruktur və sosial layihələri dəstəkləmək üçün enerji və maliyyə imkanlarından fəal şəkildə istifadə edir. 2024-cü ildə Azərbaycan Beynəlxalq İnkişaf Fondu Boliviya, Paraqvay və Kubada təhsil və səhiyyə proqramlarının həyata keçirilməsi üçün 12 milyon dollardan artıq qrant ayırıb. Bu layihələr təkcə Azərbaycanın imicini gücləndirmir, həm də uzunmüddətli əməkdaşlıq üçün möhkəm sosial təməl yaradır.
Humanitar istiqamət də az əhəmiyyət daşımır. Azərbaycan universitetləri Latın Amerikasından gələn tələbələr üçün kvotaları artırır və mübadilə proqramları enerji və ekologiyadan tutmuş dövlət idarəçiliyi və hüquqa qədər daha çox sahəni əhatə edir. 2025-ci ildə Azərbaycan-Latın Amerikası Strateji Araşdırmalar Mərkəzinin açılması gözlənilir. Bu mərkəz hər iki regionda iqtisadi və siyasi prosesləri təhlil edəcək və hökumətlər və biznes üçün tövsiyələr hazırlayacaq.
Energetika xüsusi yer tutur. Azərbaycan yalnız texnologiya və təcrübə təchizatçısı kimi deyil, həm də üçüncü bazarlarda birgə investisiya layihələri üçün platforma kimi çıxış edə bilər. Braziliyanın "Petrobras" və Çilinin "Enel" şirkətləri ilə əməkdaşlıq Mərkəzi Asiya və Yaxın Şərqdə günəş və külək enerjisi layihələrində iştirak kontekstində müzakirə olunur. Bu, Azərbaycan-Latın Amerikası əməkdaşlığının ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq qlobal enerji arxitekturasının elementi kimi formalaşa biləcəyinə parlaq nümunədir.
Sinergiya ərzaq təhlükəsizliyi sahəsində də inkişaf edir. FAO-nun məlumatına görə, 2030-cu ilə qədər qlobal ərzaq tələbatı 35-40% artacaq və sabit tədarükün təmin olunması beynəlxalq siyasətin əsas vəzifələrindən birinə çevriləcək. Müasir liman infrastrukturu və logistika potensialına malik Azərbaycan Latın Amerikası aqrar məhsullarının Mərkəzi Asiya, Yaxın Şərq və Türkiyə bazarlarına ixracı üçün tranzit məntəqəsinə çevrilə bilər. Artıq bu gün taxılın saxlanması və emalı üçün birgə terminalların yaradılması, həmçinin ət və süd məhsullarının tədarükü üçün soyuducu logistika zəncirlərinin təşkili layihələri müzakirə olunur.
Siyasi müstəvidə Latın Amerikası ilə əməkdaşlıq Azərbaycanın suverenliyini və qlobal institutların islahatında rolunu gücləndirir. Dünya təkqütblü sistemdən çoxqütblü modelə keçdiyi şəraitdə Qlobal Cənub ölkələrinin alyansları getdikcə daha böyük əhəmiyyət qazanır. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində unikal təcrübəyə malik Azərbaycan yalnız birgə bəyanatlar deyil, konseptual təşəbbüslər də irəli sürür - BMT Təhlükəsizlik Şurasının islahatından tutmuş enerji və ərzaq bazarlarının qlobal tənzimlənməsinə yeni yanaşmalara qədər. Latın Amerikası ölkələri də bu prioritetləri bölüşür: 2024-cü ildə regionun 14 ölkəsindən 11-i beynəlxalq maliyyə institutlarının islahatı zərurətinə dair Azərbaycan qətnaməsini dəstəklədi, Kuba və Boliviya isə enerji sahəsində Qlobal Cənubun koordinasiya mexanizminin yaradılması təşəbbüsünə qoşuldu.
Nəhayət, ən mühüm məqamlardan biri Azərbaycanın Latın Amerikasının özündə qəbul edilmə formasıdır. Son on ildə Azərbaycan "uzaq tərəfdaş" statusundan "strateji müttəfiq" səviyyəsinə yüksəlib. 2025-ci ildə "Folha de São Paulo" qəzetində dərc olunan analitik məqalədə Azərbaycan "qlobal enerji və logistika infrastrukturunun yeni memarlarından biri" adlandırıldı, argentinalı "Clarin" nəşri isə "Bakının situativ qazanc deyil, qitədə uzunmüddətli strateji iştirak hədəflədiyini" qeyd etdi. Bu qəbul dəyişikliyi ticarət artımı və ya müqavilələrin imzalanması qədər önəmlidir.
Azərbaycan və Cənubi Amerikanın yaxınlaşması nə diplomatik ekzotika, nə də xarici siyasətin ikinci dərəcəli istiqamətidir. Bu, XXI əsrin strateji layihəsidir və hər iki tərəf burada təkcə iqtisadi fayda deyil, həm də yeni qlobal arxitekturanın elementini görür. Bakı bu layihəyə uzunmüddətli marafon kimi yanaşır: ani nəticələr vəd etmir, amma iştirakını ardıcıl şəkildə artırır, əməkdaşlığın spektrini genişləndirir və coğrafi məsafəni siyasi və iqtisadi resursa çevirir.
Bu strategiyanın bir neçə əsas ölçüsü var. Bu - Azərbaycanı Atlantika ilə Avrasiya arasında körpüyə çevirən enerji və logistika sahəsidir. Bu - hər iki iqtisadiyyata yeni impuls verə biləcək ərzaq təhlükəsizliyi və aqrar əməkdaşlıqdır. Bu - gələcək əməkdaşlığın intellektual bazasını yaradan elm və təhsildir. Bu - Azərbaycan və onun tərəfdaşlarının qlobal sistemdəki mövqelərini gücləndirən diplomatiya və çoxtərəfli formatlardır.
Ən əsası isə maraqların ümumiliyinin dərk edilməsidir. Azərbaycan və Latın Amerikası müxtəlif sivilizasiya məkanlarına məxsusdur, lakin onları suverenlik, ədalət və beynəlxalq münasibətlərdə bərabərlik arzusu birləşdirir. Onlar qlobal institutların islahatında eyni dərəcədə maraqlıdır və onlara kənardan modellərin diktə edilməsinə eyni dərəcədə həssas yanaşırlar. Məhz bu, onların tərəfdaşlığını taktiki deyil, strateji edir.
Qarşıdakı illərdə bu əməkdaşlıq daha da dərinləşəcək. Bu gün on milyonlarla dollarla ölçülən ticarət dövriyyəsi yüz milyonlarla qədər artım potensialına malikdir. Energetika, nəqliyyat və aqrar sektor sahəsində birgə layihələr yeni iqtisadiyyatın lokomotivlərinə çevrilə bilər. Siyasi əməkdaşlıq isə Azərbaycanı və onun Latın Amerikalı tərəfdaşlarını yeni çoxqütblü dünyanın dayaqlarından birinə çevirə bilər.
Bu mənada Azərbaycanın Cənubi Amerikaya doğru hərəkəti öz ənənəvi istiqamətlərindən uzaqlaşmaq deyil, onların məntiqi genişlənməsidir. Bu, Avropa və Asiyanın qovşağında yerləşən bir ölkənin qitələr və güc mərkəzləri arasında bağlayıcı halqaya çevrildiyi daha geniş strategiyanın bir hissəsidir. Və əgər iyirmi il əvvəl Azərbaycan-Latın Amerikası strateji tərəfdaşlığı ideyası cəsarətli bir fərziyyə kimi görünürdüsə, bu gün o, qarşıdakı onilliklərin beynəlxalq dinamikasını müəyyən edəcək sabit bir reallığa çevrilir.
Elçin Alıoğlu Trend
ABŞ-da tibbi işçilər pasiyentin qanı ilə təmasdan sonra HİV yoluxma risk

Xalq artisti Aygün Kazımova və duet ortağı, tanınmış meyxanaçı Namiq Q

Filippinin cənub sahillərində 7,4 və 6,8 bal gücündə iki güclü zəlzəl

Avtomobil oturacağının isidilməsi kişi sonsuzluğuna səbəb ola bilər.

Mərhum ilahiyyatçı və din xadimi Hacı Şahinin qızı Fatimə Həsənlinin

Dünyada elə simvollar var ki, onların mənasını izah etməyə ehtiyac yoxdu

Astroloqlar xəbərdarlıq edirlər ki, oktyabr ayı bəzi bürclər üçün sak

Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması məqsədilə Abşer

ABŞ Çinə ticarət məhdudiyyətlərini genişləndirə bilər.

Sahil qəsəbəsi, sement zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş

Hazırda ölkə ərazisində küləklə müşahidə olunan əlverişsiz hava ş�

Avtomobil alarkən qiymət, dizayn və performans qədər etibarlılıq və arı
