Ermənistanda çevriliş ola bilərmi?
Siyasət 01 Avq 2025 13:23:00 60 0
Bəzi kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlara əsasən, son həftələrdə Rusiya Federasiyasının Cənubi Qafqazdakı hərbi strategiyası ilə bağlı narahatedici proseslər müşahidə olunur. İddialara görə, Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının fəaliyyəti əhəmiyyətli dərəcədə aktivləşib. Məzkur fəallıq nə şəxsi heyətin planlı rotasiyası, nə də bazanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Əksinə, mənbələr bu addımların Rusiya tərəfindən Ermənistandakı daxili siyasi proseslərə müdaxilə məqsədi daşıyan daha geniş strategiyanın tərkib hissəsi olduğunu iddia edir.
Bu xəbəri də oxu: İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
İddia olunur ki, Rusiyanın əsas hədəflərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasıdır. İddialara görə, Moskva İrəvan üzərindəki birbaşa təsirini itirdikdən sonra, ölkədə süni şəkildə yaradılmış böhran vasitəsilə bu təsiri yenidən bərpa etməyə çalışır. Bu böhrana Ermənistan ərazisində müxtəlif təxribatların daxil olması da ehtimal edilir. Bəzi mənbələr hətta 2014-cü ildə Krımda baş verən hadisələrlə paralellər apararaq, mümkün sərt müdaxilənin mümkünlüyündən də bəhs edirlər.
Xaos və qeyri-sabitlik şəraitində Paşinyana alternativ kimi keçmiş prezidentlər - Robert Kbçaryan və Serj Sarqsyanın adları ön plana çəkilir. Rusiyapərəst mövqeləri ilə tanınan bu siyasətçilərin "ölkəni xilas etmək" bəhanəsi ilə yenidən səhnəyə gətirilməsi ssenarisi istisna edilmir.
Əsas təhlükə, ekspertlərin fikrincə, Rusiyanın Ermənistanı idarə olunan böhran modeli üçün əməliyyat məkanı kimi görməsidir.
Gerçəkdən də, Cənubi Qafqazda geosiyasi vəziyyət stabil deyil.
2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsindən və ardınca baş verən proseslərdən sonra bölgədə qüvvələr nisbəti kəskin şəkildə dəyişib. Ermənistan həm daxili, həm də xarici baxımdan çətin vəziyyətdədir və hazırda geosiyasi qarşıdurmaların mərkəzinə çevrilib. Xarici oyunçular, xüsusilə də Rusiya, burada ya öz mövqelərini möhkəmləndirməyə, ya da itirdiklərini geri qaytarmağa çalışır. Buna görə də Ermənistanda dövlət çevrilişi ehtimalı və bu prosesdə Rusiyanın rolu ilə bağlı risklərin analizi, gələcək ssenariləri anlamaq üçün kritik əhəmiyyət daşıyır.
Dövlət çevrilişi ehtimalını dəyərləndirmək üçün ilk növbədə Ermənistanın daxili siyasi vəziyyətini təhlil etmək vacibdir. Nikol Paşinyan 2018-ci ilin "məxməri inqilabı" nəticəsində hakimiyyətə gəldi, lakin 2020-ci ildəki müharibədəki məğlubiyyət onun legitimliyinə ciddi zərbə vurdu. 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində o qalib gəlsə də, əhalinin əhəmiyyətli bir hissəsi hələ də müharibənin nəticələrinə və ölkədəki sosial-iqtisadi vəziyyətə görə narazıdır.
Ermənistan müxalifəti, əsasən keçmiş elitalardan - Robert Köçəryan və Serj Sarqsyan kimi fiqurlardan ibarətdir. Bu qüvvələr hökumət əleyhinə əhval-ruhiyyədən aktiv şəkildə istifadə edir. Onların ritorikası əsasən Paşinyanı "milli maraqları satmaqda" və "Qərbyönlü kurs aparmaqda" günahlandırmaq üzərində qurulub. Hələlik bu qüvvələr konstitusion yolla hakimiyyətə yiyələnmək üçün yetərincə dəstək toplaya bilməsələr də, onların Ermənistanın daxili siyasətindəki proseslərə təsir imkanları var.
Onlar güc strukturlarının bir hissəsi ilə əlaqələrini, maliyyə və media resurslarına çıxışı qoruyub saxlayıblar ki, bu da "sabiqlər"i hər hansı destabilizasiya ssenarisində real iştirakçıya çevirə bilər.
Ermənistanda daxili siyasi qeyri-sabitlik və güclü, hərçənd ki, parçalanmış müxalifət mövcudluğu, xarici müdaxilə üçün münbit zəmin yaradır. Paşinyan hökuməti Moskva ilə məsafə saxlamağa və Qərblə münasibətləri inkişaf etdirməyə çalışdıqca, Rusiya elitasının dəstəyini əhəmiyyətli dərəcədə itirib. Bu isə onu xarici qüvvələrin hakimiyyəti dəyişmək cəhdləri qarşısında daha həssas edir.
Rusiya Cənubi Qafqazı özünün istisna maraqlar zonasına daxil hesab edir. Ermənistanın Qərblə, xüsusilə də Fransa və ABŞ ilə yaxınlaşması Moskva tərəfindən onun geosiyasi mövqelərinə birbaşa təhlükə kimi qiymətləndirilir.
Son illərdə İrəvanın Qərbə doğru yavaş, amma ardıcıl şəkildə yönəldiyi açıq-aydın müşahidə olunur.
Ermənistan xarici siyasət və müdafiə sahəsində tərəfdaşlığını şaxələndirməyə çalışır ki, bu da Moskvada ciddi narazılıq doğurur.
Nikol Paşinyanın devrilməsi Rusiya üçün Ermənistanı yenidən öz nəzarət dairəsinə qaytarmaq imkanı kimi görünür. Bu halda Moskva İrəvanda özünə sadiq bir hökumət formalaşdırmaqla Ermənistanın Qərbyönlü siyasətdən imtinasına və KTMT, Avrasiya İqtisadi İttifaqı (Aİİ) təki təşkilatlarla əməkdaşlığa qayıtmasına nail ola bilər. Həmçinin bu, Qərbin bölgəyə nüfuz etməsinin qarşısını almağa və Ermənistanın Qərb üçün platformaya çevrilməsini əngəlləməyə xidmət edərdi. Bundan başqa, 2020-ci ildəki məğlubiyyətdən sonra sarsılan "təhlükəsizlik zəmanətçisi" imicini bərpa etmək üçün də uğurlu hakimiyyət dəyişikliyi Moskva üçün reputasiya baxımından faydalı ola bilər. Rusiya bu məqsədlərə çatmaq üçün bir neçə vasitədən istifadə edə bilər.
Birincisi, Ermənistandakı "beşinci kolon" və müxalif qüvvələrə siyasi, maliyyə və informasiya dəstəyi verməklə. Bu, genişmiqyaslı etirazların təşkili, Paşinyan hökumətinin nüfuzdan salınması üçün prorus media kanallarının işə salınması, eləcə də güc strukturları və iş adamları ilə pərdəarxası təmasları əhatə edə bilər.
İkincisi, hərbi şantaj və təxribatlar vasitəsilə gərginliyin artırılması mümkündür. Ermənistanın daxilində baş verə biləcək təxribatlar vasitəsilə xaos mühiti yaradılaraq Moskvanın loyal qüvvələrinin "qayda-qanun" adı altında hərəkətə keçməsi təmin edilə bilər. Bu, qeyri-rəsmi diversantlar və ya Rusiyaya birbaşa bağlanmayan qüvvələr vasitəsilə həyata keçirilə bilər.
Üçüncüsü, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından istifadə ehtimalı yox deyil. Hazırda bu baza ətrafında hərbi aktivliyin artması və silah-sursat toplanması haqda yayılan məlumatlar xüsusi diqqət tələb edir. Əgər doğrudan da şəhər döyüşləri və yaxın məsafəli qarşıdurmalar üçün silahlar bazaya gətirilirsə, bu, 2014-cü ildə Krımda baş verən hadisələrin analoqu ola bilər.
Ağır silahların toplanması isə sərhəd zonasında gərginliyi artırmaq və müdaxilə üçün bəhanə yaratmaq məqsədi daşıya bilər. Bütün bunlarla yanaşı, yayılan məlumatların məqsədli dezinformasiya xarakteri daşımaq ehtimalı da nəzərə alınmalıdır.
Belə xəbərlər Moskvanın Paşinyana təzyiq göstərmək üçün güc ssenarisinə hazır olduğunu göstərən psixoloji siqnal ola bilər. Eyni zamanda, bu iddiaların səslənməsi kənar qüvvələrin və gcülərin regionda süni gərginlik yaratmaq və qarşıdurmanı qızışdırmaq üçün istifadə oluna bilər.
Rusiya özünü qətiyyətli və müdaxiləyə hazır güc mərkəzi kimi təqdim etmək məqsədilə bu tip kampaniyalara əl ata bilər. Amma bütün bunlara baxmayaraq, mövcud geosiyasi reallıqları nəzərə alaraq, güc ssenarisinin hazırlanması ehtimalını tamamilə istisna etmək olmaz. Ermənistan ərazisində yerləşən və ciddi hərbi potensiala malik olan Rusiya bazası Moskva üçün daim bir rıçaq, yəni təzyiq və müdaxilə aləti kimi qalacaq.
Bu günlərdə Nikol Paşinyanın Qərbyönlü hökumətini devirmək məqsədilə Rusiyanın Ermənistanda dövlət çevrilişi təşkil edə biləcəyi ilə bağlı ehtimallar getdikcə daha çox səsləndirilir. Bu fikirlərin əsasına Ermənistanın xarici siyasətində baş verən radikal dəyişikliklər dayanır: KTMT-dən çıxış, Aİ ilə yaxınlaşma, Roma Statutuna qoşulma, prorus fiqurların həbsi və Moskvaya ünvanlanan açıq ittihamlar. Bəs doğrudanmı Rusiya bu ölkədə çevriliş təşkil edə bilər? Ən əsası - belə bir ssenariyə həqiqətən ehtiyac duyurmu? Gəlin bütün arqumentlərə soyuqqanlı və ardıcıl şəkildə nəzər salaq.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, Ermənistan daxilində hazırda siyasi kollaps müşahidə olunmur. Bəli, Paşinyanın reytinqi xüsusilə 2023-cü ildə Qarabağdakı separatçıların darmadağınından sonra xeyli aşağı düşüb. Ancaq ölkədə fəaliyyət göstərən heç bir müxalif qüvvə geniş ictimai dəstəyə sahib deyil. Nə Köçəryan, nə də digər prorus revanşistlər ermənilərin əksəriyyəti üçün cəlbedici fiqurlar deyil. Onlar korrupsiyalaşmış və ölkəni iflasa aparmış köhnə elitanın simaları kimi qəbul edilirlər.
Bundan əlavə, güc strukturları hələ də hökumətin nəzarətindədir. 2020-ci ildən sonra Paşinyan orduda və Milli Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb. Xüsusi diqqət Rusiyaya bağlı olan zabitlərin təsir imkanlarının məhdudlaşdırılmasına yönəlib. Ermənistan eyni zamanda Fransa, Hindistan və digər ölkələrlə müdafiə sahəsində əməkdaşlığını gücləndirir ki, bu da daxili güc balansına təsir edir. Ona görə də ordunun sabah Moskvadan göstəriş alaraq küçələrə çıxacağı və Paşinyanı devirəcəyi ssenarisi inandırıcı görünmür.
Digər tərəfdən, Rusiyanın Paşinyana qarşı narazılığını gizlətmədiyini də inkar etmək olmaz. Onun son addımları Ermənistanı faktiki olaraq Rusiya təsirindən çıxarıb. 2020-ci ildəki Qarabağ savaşında Ermənistan separatçılarına yardım göstərmədiyi üçün Moskva erməni cəmiyyətində etibarını itirib. İndi isə Paşinyan açıq şəkildə Rusiyanı ölkədəki sabitliyi pozmaqda ittiham edir. Kreml isə cavab olaraq təzyiq vasitələrini artırır - iqtisadi alətlər, informasiya hücumları və prorus medialar bu siyahının başındadır.
Əgər Rusiya çevriliş cəhdi edəcəksə, bunu birbaşa deyil, hibrid metodlarla edəcək. Bu, saxta xəbərlərlə qızışdırılmış küçə etirazları, sosial şəbəkələrdə təşkil edilmiş informasiya kampaniyaları, hökumətə qarşı iqtisadi narazılığın süni şəkildə artırılması və nəzarətində olan medialar vasitəsilə hakimiyyətin nüfuzdan salınması formasında baş verə bilər. Amma bu ssenarilər daxildə real gücə sahib bir oyunçu olmadan effektiv olmayacaq.
Rusiyanın qarşısında dayanan ən ciddi əngəllərdən biri Qərbin mövqeyidir. ABŞ, Aİ və xüsusilə Fransa son aylar Ermənistanla münasibətləri dərinləşdirməyə ciddi resurs sərf ediblər. Ermənistanda baş verəcək hər hansı zorakı hakimiyyət dəyişikliyi birbaşa aqressiya kimi qiymətləndiriləcək və bunun nəticələri Moskva üçün ağır ola bilər. Üstəlik, tarixən gərgin münasibətlərə baxmayaraq, Türkiyə də İrəvanda prorus qüvvələrin hakimiyyətə qayıtmasında maraqlı deyil. Bu, regiondakı balansı pozar və bütövlükdə Cənubi Qafqazı qeyri-sabit vəziyyətə sürükləyər.
Nəticə etibarilə, Rusiyanın Ermənistanda çevriliş təşkil etmək istəyi və bunun üçün bəzi imkanlara malik olması danılmazdır. Amma bu, nə asan başa gələcək, nə də ciddi risklərsiz mümkün olacaq. Ermənistan cəmiyyəti revanşistlərə inanmır, Paşinyan hələ də müəyyən legitimliyə malikdir, ordu isə tam şəkildə Moskvanın nəzarətində deyil. Qərbin, xüsusən Fransanın artan iştirakı isə çevriliş planlarını çətinləşdirir. Beləliklə, Rusiya üçün bu gün Paşinyanı devirmək nə siyasi, nə hərbi, nə də beynəlxalq baxımdan asan və sərfəli görünmür.
Nəticə etibarilə belə demək olar: Rusiyanın iştirakı ilə Ermənistanda dövlət çevrilişi ehtimalı nəzəri baxımdan mövcuddur. Lakin bu ehtimalın praktikada reallaşması olduqca çətindir. Paşinyan hələlik güc strukturlarına nəzarət edir, ordu hakimiyyətə qarşı sədaqətsizlik əlamətləri göstərmir, müxalifət isə zəifdir və ictimai rəyə görə nüfuzdan düşmüş vəziyyətdədir. Rusiyanın isə nə insan resursları, nə siyasi imkanları, nə də beynəlxalq dəstəyi birbaşa müdaxilə üçün yetərlidir. Kreml maksimum halda daxildən vəziyyəti tədricən sarsıtmağa, sabitliyi pozmağa və Paşinyanın mövqelərini zəiflətməyə çalışa bilər. Amma bu belə olsa belə, bu proses uzunmüddətli və uğur ehtimalı aşağı olan bir yoldur.
2025-ci ilin sonunadək proqnoz: açıq şəkildə çevriliş ehtimalı - çox aşağı. İnformasiya-psixoloji təzyiqlər və destabilizasiya cəhdləri - yüksək ehtimallı. Ermənistanda hakimiyyətin xalq təşəbbüsü ilə vaxtından əvvəl dəyişməsi ehtimalı - mümkündür, amma yalnız daxili ciddi böhran şəraitində və bu, birbaşa Rusiya ilə əlaqəli olmaya bilər.
Paşinyan hələlik hakimiyyətdə qalır. Moskva narazıdır, lakin riskə getmir. Ermənistan mürəkkəb bir dövrün astanasındadır, lakin Kremlin təlimatı ilə hərbi çevriliş - daha çox qorxu effekti doğuran bir ssenaridir, nəinki real təhlükə.
Cənubi Qafqaz geosiyasi baxımdan riskli və həssas zona olaraq qalır. Ermənistan, Rusiya ilə Qərb arasında sıxılmış vəziyyətdə, suverenliyini qoruyub saxlamaq üçün tarazlaşdırıcı siyasət yürütməyə məcburdur. İrəvanda çevriliş ehtimalı qaçılmaz deyil, lakin Ermənistan Moskvadan uzaqlaşdıqca bu risk artır. Rusiya öz təsir imkanlarını və hibrid alətlərini işə salaraq itirdiyi mövqeləri geri qaytarmağa cəhd edəcək. Bu isə bütövlükdə region üçün davamlı qeyri-sabitlik və yeni gərginliklər təhlükəsi deməkdir.
Ermənistan üçün əsas vəzifə daxili institutları gücləndirmək, siyasi qütbləşməni azaltmaq və xarici siyasətdə balanslı yanaşma formalaşdırmaqdır ki, xarici müdaxilə riskləri minimuma endirilsin.
Elçin Alıoğlu Trend
Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ifaçısı, "Şöhrət&q

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrini

Castin Timberleyk zəif konsert performansları ilə bağlı tənqidlərə cava

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif İmran oğlu

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar.

Amerika yenidən geosiyasi səhnədə dirijor roluna qayıdır və bu dəfə par

"KOB FEST" sərgi-satış yarmarkasında məhsul və xidmətlərini t�

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yanğın təhlükəli obyekti

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilə
