Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Siyasət 20 May 2025 19:25:00 79 0
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 20-də davam etdirilib.
Bu xəbəri də oxu: Hər dəfə Macarıstan çətinliklərlə üzləşəndə İlham Əliyev bizim yanımızda olub Orban
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.
Dövlət ittihamını müdafiə edən prokurorlar etiraza münasibət bildirərək təqsirləndirilən Ruben Vardanyanın cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarının ibtidai istintaq və məhkəmə icraatı zamanı təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini qeyd edərək etirazın baxılmamış saxlanılmasını xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
Sədrlik edən hakim Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.
Ardınca zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin məhkəmədə ifadələri dinlənilib.
Zərərçəkmiş Ümid Həsənovun hüquqi varisi qismində tanınaraq dindirilən Məxfurə Həsənova bildirib ki, övladı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Kəlbəcərdə törədilmiş genişmiqyaslı təxribat nəticəsində həlak olub.
Digər zərərçəkmiş şəxsin - Niyazi Məmmədəliyevin hüquqi varisi qismində tanınaraq dindirilən Şadman Məmmədəliyev ifadəsində bildirib ki, qardaşı Ağdam-Ağdərə-Sırxavənd istiqamətində düşmən tərəfinin odlu silahdan açdığı atəşlər nəticəsində həlak olub.
Zərərçəkmiş şəxslər - Zaur Sadıqov, Əli Şıxəliyev, Peyman Cabbarov, Zahid Qocayev bildiriblər ki, Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı zamanı güllə yarası alıblar. Həmin vaxt onlarla bərabər olan başqa bir neçə nəfər də xəsarət alıb və həlak olub.
İfadə verən zərərçəkmiş İlkin Musazadə və Salman İmranzadə bildirib ki, düşmən tərəfinin Xocavənddə törətdiyi təxribat zamanı açılmış atəş nəticəsində güllə yarası alıblar. Onlar dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarına cavabında qeyd ediblər ki, həmin vaxt olduqları ərazilərə iriçaplı silahlardan atəş açılıb, nəticədə bir neçə nəfər həlak olub.
Zərərçəkən Süleyman Əsədullayev dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda Ağdərənin Canyataq kəndində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan "Kornet" tipli raket mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Ramin Balaxanlı Xocalının Xanabad kəndinə atılan minaatan mərmilərinin onun yaxınlığına düşüb partlaması nəticəsində yaralandığını bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında deyib ki, həmin vaxt onunla birgə Pünhan Kazımov və Babək Əhmədli də müxtəlif növ bədən xəsarətləri alıb.
Digər zərərçəkmiş şəxs Vüsal Məmiyev isə deyib ki, Xocalıda yaralanıb. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Sahil Aslanov və Rəşid Zeynallı həlak olub. Onunla bərabər olan Nurlan Quliyev və Rövşən Əzimli isə yaralanıblar.
Düşmən tərəfindən törədilən təxribatın qurbanlarından biri də Tale Zabitov olub. Zərərçəkmiş şəxs ifadəsində deyib ki, Xocalıda olan zaman açılmış atəşlər nəticəsində o, Gülverdi Mehtiyev və Müslüm Əliyev yaralanıb.
Digər zərərçəkmiş şəxs Samir Baxışov Xankəndidən açılmış atəş nəticəsində yaralandığını deyib.
Zərərçəkmiş Vüsal Alıyev ifadəsində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsi nəticəsində Laçında yaralandığını bildirib. O bildirib ki, hadisə zamanı Coşqun Zülfüzadə və Mirtalıb Ağazadə həlak olub.
İfadə verən zərərçəkmiş şəxs Fərhad İsmayıllı da Laçın rayonu ərazisində düşmənin təxribatı nəticəsində yaralandığını deyib. Bildirib ki, düşmən izburaxan alışdırıcı güllələrdən, minaatanlardan və tank əleyhinə mərmilərdən istifadə etməklə onun olduğu yeri atəşə tutub. Atılan mərmilərdən biri onun təxminən 7-8 metr yaxınlığına düşüb partlayıb. Partlayışın təsiri onu kənara tullayıb.
Zərərçəkmiş şəxslər- Mirsadiq Mirsadiqov və Ceyhun Bayramov da Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı dəstələrinin təxribatı zamanı yaralandıqlarını bildiriblər.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası mayın 27-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur. Son.az
Azərbaycanda "Ailə Məcəlləsi"nə edilən dəyişikliyə əsasən

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin

Yaralı vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmi�

Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericiliyə də

Rusiyanın "İnsayt Lyudi" prodüser agentliyi bloger Hüseyn Həsəno

Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyası

Xalq artisti Röya Ayxan yenidən geyimi ilə diqqət mərkəzinə düşüb.

Azərbaycan Respublikası tərəfindən 1996-1997-ci illərdə buraxılan və ko

Deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Hə

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh

Türk musiqisinin sevilən sənətçisi Nazan Öncel keçən həftə qəfil səh

Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkila

Bəzi bürc əlamətləri ulduzların dəstəyi ilə 100 yaşa qədər yaşamağ
