Paşinyan yenə siyasi təlxəklik edir


Siyasət 31 Mar 2025 11:28:00 78 0

Paşinyan yenə siyasi təlxəklik edir

Son günlər İrəvanda yaşanan olaylar erməni cəmiyyəti üçün Qarabağ mövzusunun hələ də absurd dərəcədə "aktual" və "diqqətçəkən" olduğunu açıq şəkildə nümayiş etdirir. 2020-ci ildə 44 günlük müharibədə məğlubiyyət və ardından kapitulyasiyaya baxmayaraq, Qarabağ məsələsi yenidən siyasi gündəliyin mərkəzinə gətirilir. Ermənistan paytaxtının mərkəzi küçələrində revanşist siyasətçilər və fəalların iştirakı ilə keçirilən son aksiyalar, Qarabağla bağlı guya "bitməmiş işlər"in yenidən gündəmə gətirilməsinə yönəlib. İlk baxışda sırf daxili sosial etiraz təəssüratı yaradan bu aksiyanın şüarlarının arxasında dərin siyasi məqsədlər və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmış ərazilərin statusunu yenidən müzakirəyə çıxarmaq cəhdləri dayanır.

Bəs bu aksiyalarda səsləndirilən "mədəni irsin qorunması", "Qarabağa qayıdış" və "erməni əsirlərin azad edilməsi" şüarlarının əsl məqsədi nədir? Bu mitinqlərin real hədəfləri nədir və qonşuları ilə sülh və münasibətlərin normallaşmasından danışan Ermənistan hakimiyyəti əslində niyə bu cür fəaliyyətləri təşviq edir?

İrəvanda keçirilmiş son mitinq rəsmi olaraq sosial bir problem - Qarabağdan köçmüş ermənilər üçün mənzil subsidiyalarının bərpası tələbi ilə təşkil edilsə də, tədbirin həqiqi məqsədləri daha dərində yerləşir. Mitinq iştirakçılarının səsləndirdiyi şüarlar sadəcə sosial tələblərlə məhdudlaşmır.

Tələblər guya "Azərbaycanın əsir saxladığı ermənilər"in azad edilməsindən tutmuş, erməni əhalisinin "Qarabağa qayıtmaq" hüququnun bərpasına qədər geniş spektrdə siyasi və emosional mövzuları əhatə edir. Onlar yeni deyil: həm Qarabağın Ermənistan tərəfindən işğal dövründə, həm də ərazilərin Azərbaycan tərəfindən azad edilməsindən sonra daima erməni tərəfinin siyasi gündəliyində olub.

Xüsusilə, "mədəni irsin qorunması" tələbi Ermənistanın işğalı dövründə Qarabağda törətdiyi dağıntılar kontekstində olduqca riyakar görünür. İşğal illərində Qarabağ ərazisində 67 məsciddən 64-ü erməni qüvvələri tərəfindən dağıdılıb, onlarla tarixi Azərbaycan yaşayış məntəqəsi yer üzündən silinib, qəbiristanlıqlar isə məhv edilib və talan olunub. Urbisid və barbarlıq faktları təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq ekspertlər tərəfindən də təsdiqlənib. UNESCO-nun məlumatları və beynəlxalq analitik mərkəzlərin hesabatları bu cinayətləri açıq şəkildə qeyd edir. Britaniyanın nüfuzlu "International Crisis Group" təşkilatının hesabatına görə, 1992-ci ildən 2020-ci ilə qədər Qarabağ ərazisində yüzlərlə Azərbaycan mədəni abidəsi erməni silahlı birləşmələri tərəfindən dağıdılıb və ya zədələnib.

Bununla yanaşı, erməni tərəfi tarixin məqsədli və sistemli şəkildə saxtalaşdırılması ilə məşğul olub. Qarabağ ərazisindəki qədim alban və rus pravoslav kilsələri erməniləşdirilərək onların tarixi mənşəyi təhrif edilib. Beləliklə, İrəvan özünün uydurma tarixi iddialarını gücləndirmək və Qarabağdakı Azərbaycan və digər xalqlara aid irsi silmək məqsədi güdüb.

Mitinqdə səslənən "qayıdış hüququ"na gəldikdə isə, Azərbaycan müharibənin başa çatmasından dərhal sonra öz mövqeyini açıq şəkildə bildirib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, münaqişədən əvvəl Qarabağda yaşamış ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməklə və milli qanunvericiliyə riayət etməklə bölgəyə qayıda bilərlər. Azərbaycan Qarabağda erməni və Azərbaycan əhalisinin sülh şəraitində birgə yaşamasına heç bir maneə yaratmaq fikrində deyil.

Bunun üçün erməni tərəfi revanşist ritorikadan imtina etməli, "Artsax" terminini istifadə etməyi dayandırmalı və hüquqi reallıqları qəbul etməlidir.

Mitinqlərdə Qarabağa deyil, məhz "Artsax"a qayıdış şüarları səslənir ki, bu da Azərbaycan üçün prinsipcə qəbul edilə bilməz. Üstəlik, belə yanaşma yeni təxribatlar üçün zəmin hazırlayaraq, uzun illər davam edən işğal və müharibədən sonra bərpa edilməyə başlanan regionda vəziyyəti yenidən gərginləşdirmək təhlükəsini artırır.

İrəvandakı revanşist qüvvələrin daha bir populyar şüarı "erməni əsirlərin azad edilməsi" ilə bağlıdır. Reallıqsa tam fərqlidir. Azərbaycan hələ 2021-ci ildə Ermənistanla "hamının hamıya" prinsipi əsasında bütün əsirlərin dəyişdirilməsini həyata keçirib. Bütün müharibə əsirləri Ermənistana qaytarılıb ki, bu fakt həm Azərbaycan, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq qurumların hesabatları ilə təsdiqlənib.

Bu gün erməni siyasətçilər "əsir" adı altında Azərbaycanda hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxsləri təqdim etməyə çalışırlar. Halbuki bu şəxslər artıq tamamilə başqa bir hüquqi kateqoriyaya aid edilir və siyasi sövdələşmə predmetinə çevrilə bilməzlər.

2023-cü ilin dekabrında Bakıda jurnalistlər tərəfindən "Azərbaycanın Nürnberqi" adlandırılan məhkəmə prosesləri başlayıb. Təqsirləndirilən şəxslərə qarşı çox ciddi ittihamlar irəli sürülüb, bu ittihamlar kütləvi qətllər, işgəncələr və əmlakın məhv edilməsini təsdiqləyən çoxsaylı videosübutlar və şahid ifadələri ilə dəstəklənir. Ermənistan isə təqdim olunan dəlillərin təkzibolunmaz olduğunu dərk edərək bu şəxsləri "siyasi məhbus" və ya "müharibə əsiri" kimi göstərməyə çalışır.

İrəvandakı son mitinqin daha bir diqqət çəkən cəhəti Ermənistan hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi idi. Halbuki həmin orqanlar bundan əvvəl keçirilən aksiyaları dəfələrlə və sərt şəkildə dağıtmışdılar. Bu fakt xüsusilə baş nazir Nikol Paşinyanın son çıxışları fonunda qəribə görünür, çünki Paşinyan siyasi rəqiblərinə qarşı açıq şəkildə "onları divara yapışdırmaq" kimi sərt və təhdidedici bəyanatlar səsləndirmişdi.

Ancaq revanşistlərin mitinqində Ermənistan hakimiyyəti birdən-birə gözlənilməz liberalizm nümayiş etdirdi. Ekspertlər bunu Paşinyanın öz maraqları naminə mitinqlərdən istifadə etmək istəyi ilə əlaqələndirirlər. Bu yolla baş nazir guya ölkədə daxili siyasi böhranın mövcudluğunu əsas gətirərək Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasını təxirə salmaq üçün əlverişli şərait yaradır. Həmin müqavilənin imzalanması isə Paşinyan üçün Qarabağın itirilməsinin rəsmi şəkildə tanınması deməkdir ki, bu da Ermənistanda yeni siyasi böhran dalğası yarada bilər.

İrəvandakı aksiyalar zamanı hüquq-mühafizə orqanlarının passivliyi Ermənistanın baş naziri Nikol Paşinyanın müxalif aksiyalara qarşı sərt mövqeyi ilə tanınan əvvəlki reputasiyasına görə xüsusilə diqqəti cəlb edir. Əvvəllər, xüsusən 2020-2022-ci illərdə polis və xüsusi təyinatlılar ("qırmızı beretlilər") müxalifətin bütün nümayişlərini, hətta müharibədə ölən əsgərlərin yaxınlarının "Yerablur" qəbiristanlığında keçirdiyi aksiyaları belə amansızcasına dağıdırdılar.

İndisə vəziyyət tam fərqlidir. Paşinyan sabiq prezidentləri "divara yapışdırmaq"la təhdid etdiyi və onlara açıq debat çağırışı etdiyi bir şəraitdə revanşistlərin aksiyalarına qarşı bu cür loyal münasibət bir sıra suallar doğurur.

Ermənistan siyasi analitikləri bu qəfil "liberallığı" heç də hakimiyyətin demokratik olması ilə deyil, Paşinyanın konkret daxili siyasi hesabları ilə əlaqələndirirlər. Xalqın ona inamının azalması, iqtisadi problemlər və xarici siyasətdə uğursuzluqlar fonunda baş nazir yeni kütləvi etiraz dalğasını qızışdırmaqdan ehtiyat edir.

Daha mühüm səbəb Paşinyanın özü üçün arzuolunmaz olan Azərbaycanla yekun sülh müqaviləsini imzalamaq istəməməsidir. Həmin sənəd qonşu ölkənin ərazi bütövlüyünü tanımaq və "Artsax" layihəsinə tamamilə son qoymaq deməkdir. Bu isə Paşinyan üçün siyasi təcrid və populyarlığın qalıqlarının itirilməsi riskini yaradır.

Bu səbəbdən İrəvanda keçirilən mitinqlər baş nazir üçün əlverişli vasitəyə çevrilir. O, ölkədəki "qeyri-sabitlik" və "ictimai təzyiq"ə istinad edərək Azərbaycan və beynəlxalq ictimaiyyət tərəfindən tələb olunan sülh müqaviləsinin imzalanmasını və konstitusiya islahatlarını təxirə sala bilir.

Əslində, belə taktika Paşinyan üçün yeni deyil. Hələ hakimiyyətə gəldiyi 2018-ci ildən o, eyni vaxtda bir neçə siyasi meydanda oynamaq qabiliyyətini dəfələrlə nümayiş etdirib. Daxildə özünü Ermənistanı sülhə və tərəqqiyə aparacaq lider kimi təqdim etsə də, praktikada ikili standartlar siyasətini yürüdərək çətin qərarlardan qaçır və məsuliyyəti xarici qüvvələrə və ya daxili rəqiblərinə yükləməyə çalışır.

Bu, xüsusilə 2020-ci ildə Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra daha aydın şəkildə özünü göstərdi. Paşinyan Ermənistanın müharibəni rəhbərliyin səhvləri və ordunun zəifliyi üzündən deyil, guya "üçüncü qüvvələr"in - "türk muzdlularının", "Pakistan xüsusi təyinatlılarının" və hətta "suriyalı döyüşçülər"in müdaxiləsi nəticəsində uduzduğunu iddia edirdi. Real faktlar və hərbi məlumatlar baxımından absurd olsa da, bu cür ritorika hələ də erməni hökumətyönlü mediası və bəzi siyasətçilər tərəfindən fəal şəkildə yayılmaqdadır.

İndi isə Paşinyan eyni taktikadan sülh müqaviləsinin imzalanmasındakı fəaliyyətsizliyini əsaslandırmaq üçün istifadə edir. Revanşistlərin mitinqləri burada "mürəkkəb daxili siyasi vəziyyət" kimi bir bəhanə yaradır. Belə yanaşma isə təkcə Azərbaycanla münasibətlərin normallaşmasına əngəl yaratmır, eyni zamanda Ermənistanın özü və bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni risklər və təhlükələr yaradır.

Erməni siyasətçilərinin şəxsi ambisiyaları və daxili siyasi intriqalarını kənara qoyaraq, Ermənistanda yayılan revanşist ritorikanın yalnız bu ölkəyə deyil, bütün Cənubi Qafqaz regionuna ciddi təhlükə yaratdığını açıq şəkildə görə bilərik. Ermənilərin "qayıdış" haqqında iddiaları, guya mövcud olan "əsirlər"in azad edilməsi və uydurma şəkildə pozulduğu iddia edilən mədəni irsin müdafiəsi barədə çıxışları yeni bir eskalasiya təhlükəsini özündə daşıyır.

Azərbaycan öz mövqeyini dəqiq və birmənalı şəkildə ifadə edib: müharibənin nəticələrini yenidən nəzərdən keçirmək və ya ölkənin ərazi bütövlüyünə şübhə doğurmaq cəhdləri ən sərt şəkildə qarşısı alınacaq.

Tərəflərin hərbi və iqtisadi imkanları arasındakı bu cür açıq disbalans fonunda Ermənistanda səslənən revanşist mitinq və bəyanatlar, yumşaq desək, əsaslı deyil və sırf təxribat xarakteri daşıyır. Bununla belə, bu cür çıxışların yaratdığı ən ciddi təhlükə, ayrı-ayrı radikal qrupların təmas xətti və ya sərhəd bölgələrində hərbi təxribatlara sövq olunma riskidir. Belə təxribatlar isə lokal qarşıdurmanın yeni, daha irimiqyaslı müharibəyə çevrilməsi ilə nəticələnə bilər ki, bunun da Ermənistana ödədəcəyi bədəl 2020-ci ildən qat-qat ağır olacaqdır.

İrəvandakı revanşist mitinq heç də təsadüfi və ya önəmsiz aksiya deyil. Əslində, bu tədbir erməni cəmiyyətinin dərin böhran içində olduğunu göstərir, çünki cəmiyyət 2020-ci il müharibəsinin nəticələrini qəbul edə bilməyib. Həmçinin, mitinq Ermənistanın daxili siyasi mübarizəsinin və Paşinyan başda olmaqla siyasi liderlərin şəxsi ambisiyalarının regional təhlükəsizliyə və uzunmüddətli sülh perspektivlərinə nə dərəcədə ciddi təsir etdiyini açıq şəkildə nümayiş etdirir.

Aydındır ki, Ermənistan tərəfdən revanş cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur və yalnız yeni itkilərə səbəb olacaqdır. Ermənistanın real çıxış yolu birdir - Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanımaq, yekun sülh müqaviləsini imzalamaq və həqiqi normallaşma prosesinə başlamaqdır. Yalnız bu halda erməni cəmiyyəti təhlükəli miflərdən və dağıdıcı revanşist ambisiyalardan azad olaraq gələcəyini qurmağa başlaya bilər. Əks halda siyasi spekulyasiyaların bədəli çox yüksək olacaq - və bu bədəli təkcə siyasətçilər deyil, məsuliyyətsiz liderlərinin səhvlərinin nəticələrini yenidən ödəmək məcburiyyətində qalacaq sadə Ermənistan vətəndaşları da ödəyəcəklər.

Elçin Alıoğlu Trend

Bərdədə əkin sahəsindən meyit tapıldı like
  • 31 Mar 11:23  
Digərləri Bərdədə əkin sahəsindən meyit tapıldı

Bərdə rayonunun Lənbəran kəndində əkin sahəsində 58 yaşlı Famil İsma

arrow Ətraflı
Qanunsuz saxlanılan odlu silahsursat aşkar olunub like
  • 31 Mar 11:15  
Digərləri Qanunsuz saxlanılan odlu silahsursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan

arrow Ətraflı
Dünya bazarlarında neft ucuzlaşıb like
  • 31 Mar 11:07  
Digərləri Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib like
  • 31 Mar 11:00  
Digərləri Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiym

arrow Ətraflı
"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma like
  • 31 Mar 10:52  
Dünya "Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Apple" şirkətinin peyk əsaslı telefon bağlantısı imkanlarını

arrow Ətraflı
Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib  FOTO like
  • 31 Mar 10:38  
Siyasət Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart -

arrow Ətraflı
Bu şəxslərin sürücülük vəsiqələri etibarsız olacaq like
  • 31 Mar 10:36  
Digərləri Bu şəxslərin sürücülük vəsiqələri etibarsız olacaq

2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqq�

arrow Ətraflı
Ermənistanın daha bir təxribatçı cəhdi  Ordumuz hərəkətə keçdi like
  • 31 Mar 10:29  
Siyasət Ermənistanın daha bir təxribatçı cəhdi Ordumuz hərəkətə keçdi

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsu

arrow Ətraflı
Şəkidə ağır qəza  ölən var like
  • 31 Mar 10:25  
Digərləri Şəkidə ağır qəza ölən var

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Nəticəyönümlü komanda üçün müdürişçi harmoniyası like
  • 31 Mar 10:20  
Digərləri Nəticəyönümlü komanda üçün müdürişçi harmoniyası

İş dünyasında uğurun ən əsas şərtlərindən biri güclü və ahəngdar

arrow Ətraflı
İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi like
  • 31 Mar 10:16  
Siyasət İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar təklifini əks etdirən mək

arrow Ətraflı
"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır  Son qiymətlər like
  • 31 Mar 10:13  
Digərləri "Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır Son qiymətlər

Bu gün, 31 mart 2025-ci il tarixi, Bakı vaxtı ilə saat 08:48 üçün əsas k

arrow Ətraflı
Müəllim kimi təqdim edilən müğənni sertifikasiyadan kəsilibmiş  RƏSMİ like
  • 31 Mar 10:04  
Digərləri Müəllim kimi təqdim edilən müğənni sertifikasiyadan kəsilibmiş RƏSMİ

Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsm�

arrow Ətraflı
Zelenski Rusiyanın axşam hücumundan danışdı like
  • 31 Mar 09:56  
Dünya Zelenski Rusiyanın axşam hücumundan danışdı

Rusiyanın Ukraynaya endirdiyi zərbələrin coğrafiyası və vəhşiliyi hər

arrow Ətraflı