NyuYorkun ilk müsəlman meri o ola bilər: Amerikada “demokratik üsyan”
Dünya 09 İyl 2025 09:43:00 74 0
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bu xəbəri də oxu: Rusiyada bu bayramı qeyd edənlər həbs oluna bilər
Əvvəlcə adi bir xəbər kimi görünə bilərdi - sadəcə sensasiyalı nəticə Demokrat Partiyasının ön seçkilərində. Ancaq məsələ göründüyündən qat-qat dərindədir. 33 yaşlı Zahran Mamdaninin Nyu-Yorkda demokratların praymerizində qazandığı qələbə təkcə gənc bir siyasətçinin yüksəlişi deyil. Bu, böyük ehtimalla, ABŞ Demokrat Partiyasında baş verən və yaxın illərdə daha da dərinləşəcək bir siyasi zəlzələnin ilk təkanıdır.
Sosialist gündəmlə çıxış edən, immiqrant ailəsində doğulmuş, müsəlman olan, açıq şəkildə Fələstinin tərəfdarı olduğunu bildirən Mamdani sadəcə qalib gəlməyib - o, Demokrat Partiyasının ağır çəkilərindən biri, keçmiş qubernator Endryu Kuomonun özünü üstələyib. Bu isə heç az şey deyil, xüsusən də Nyu-York kimi Amerika elitasının beyin mərkəzi sayılan bir şəhərdə.
Bu qələbənin simvolik çəkisini az qiymətləndirmək olmaz. Mamdani - ABŞ-da formalaşan yeni sol nəslin canlı timsalıdır. Korporativ sazişlərdən imtina edən, Vaşinqtonun şablon siyasətindən uzaq duran, sosial şəbəkələrin, küçələrin və onlarla immiqrant dillerinin dilində danışan bir siyasətçidir o. Onun qələbəsi yalnız Kuomoya deyil, bütövlükdə Klintonçuluğa, uzun illərdir Demokrat Partiyasının simasında dayanan mərkəzçi ideologiyaya vurulan ağır zərbədir.
Uqandada doğulmuş, çoxdilli və çoxmillətli bir mühitdə böyümüş, rejissor və akademik bir ailənin övladı olan Mamdani köklərini gizlətmir, əksinə, siyasi kimliyinin ayrılmaz parçası kimi təqdim edir. Onun sosializmi şüarlarda deyil, konkret proqramda əksini tapır: pulsuz ictimai nəqliyyat, əlçatan mənzil, proqressiv vergi siyasəti, dövlətə məxsus ərzaq mağazaları və ailələr üçün real sosial dəstək. Onun meri olmaq üçün hazırladığı proqram, Nyu-Yorkun illərdir oliqarxların maraqlarına xidmət edən bərkimiş bürokratik aparatına qarşı açıq savaş elanıdır.
Mamdaninin əsas hədəfi - şəhərdəki sosial bərabərsizlik strukturunun özüdür. O, "elit göydələnlər yarımboş qaldığı halda, minlərlə ailənin sığınacaqlarda və tıxanmış mənzillərdə yaşadığı" şəhərdən danışır. Ritorikası sadə, lakin emosionaldır. Açıq danışır, sözlərini çəkinmədən deyir, eufemizmlərə baş vurmur, iri donorların gözünə girmək naminə mövqeyindən güzəştə getmir. Əksinə - onların dəstəyindən prinsipial şəkildə imtina edir.
Və bu yanaşma, görünür, öz bəhrəsini verir. Mamdani son onilliklərin ən səmərəli, eyni zamanda ən aşağıbüdcəli kampaniyalarından birini apardı. 8 milyon dollarlıq seçki büdcəsi ilə (Kuomonun 25 milyonu ilə müqayisədə) şəhərin əksər rayonlarında üstünlük qazandı. Onun kampaniyasını sadə şəhər sakinləri maliyyələşdirirdi - orta ianə məbləği cəmi 84 dollar idi. Bu isə Kuomo kimi nəhəng sponsorlardan - məsələn, Maykl Blumberqdən - milyonlarla dollar alan siyasətçilərlə kəskin kontrast təşkil edir.
Amma Mamdanini digərlərindən fərqləndirən təkcə proqramı və maliyyə modeli deyil. Ən əsası - onun apardığı təbliğatın üslubudur. Komandası klassik reklam üsullarından imtina etdi və birbaşa ünsiyyətə üstünlük verdi. "Bir milyon qapını döymək" - Mamdanilər üçün sadəcə şüar deyil, konkret strategiyadır. Seçki kampaniyası məscidlərdə, bazarlarda, metro çıxışlarında, musiqi festivallarının yaxınlığında aparılırdı. Uçot masaları, fləşmoblar, TikTok videoları, atributika və hətta namizədin bənzərini tapmaq üçün müsabiqə - bütün bunlar Mamdaninin kampaniyasını real zaman, real məkan və real insanlar üzərində qurulmuş siyasi hərəkata çevirirdi. Bu kampaniya sadəcə səs qazanmağa deyil, yeni bir siyasi icma formalaşdırmağa hesablanmışdı.
Mamdani hər kəsə qarşı
Zahran Mamdaninin Nyu-Yorkda Demokrat Partiyasının praymerizində qazandığı zəfər təkcə yerli miqyasda rezonans doğuran siyasi hadisə deyil. Bu, ABŞ siyasətində baş verən dərin və sarsıdıcı proseslərin rəmzinə çevrilmiş bir siqnaldır. Uqandada doğulmuş, 33 yaşlı, müsəlman, açıq sosialist gündəmlə çıxış edən bu siyasətçinin qələbəsi Demokrat düşərgəsində sevincdən çox narahatlıq doğurdu - həm partiya rəhbərliyi, həm iş dünyası, həm də respublikaçılar arasında. Hətta partiyanın daxilində belə onu qəbul etməyə çətinlik çəkənlər az deyil.
Zahran Mamdani yeni siyasi dilin simasına çevrilib - iti, cəsarətli və formalaşmış sistemin "toxunulmaz" qaydalarını tanımayan bir dilin. Elə bu da onu son onilliklərdə Nyu-Yorku lobbistlər, korporasiyalar, maliyyə oliqarxları və partiya aparatları ilə öz təsiri altında saxlayan qüvvələr üçün təhlükəyə çevirdi.
Sağ cinahın reaksiyası dərhal gəldi. Respublikaçılar Mamdanini "kommunist" və "islamist" olmaqda ittiham etdilər. ABŞ prezidenti Donald Tramp isə onu heç çəkinmədən "dəli kommunist" adlandırdı. Klassik qorxu ritorikası yenidən işə salındı: "təhlükəsizlik təhdidi", "şəhər idarəçiliyinin iflası", "varlılardan oğurluq" - bütün bu frazalar respublikaçıların Mamdanini hədəf alan tənqidlərinin əsas sütununa çevrildi. Nyu-Yorkun biznes elitası, xüsusilə də meriya ilə arxadan-önə "əməkdaşlıq" etməyə adət edən dairələr artıq Mamdaninin qələbəsi halında "iqtisadi fəlakət"dən danışmağa başlayıblar. Paytaxtın tərk edilməsi, sərmayələrin çıxarılması, ofislərin bağlanması ilə hədələyirlər - amma əslində bütün bunlar bir şeydən xəbər verir: nəzarəti əldən vermək qorxusu.
Eyni dərəcədə narahat siqnallar partiyanın öz içindən də gəlir. Mamdani hər nə qədər demokratların rəsmi namizədi olsa da, partiya rəhbərliyi onu açıq dəstəkləməkdən yayınır. Nə qubernator, nə senatorlar, nə də Nyu-York meri onun arxasında birləşməyib. Təbriklər formal və səthi olub, gerçək siyasi dəstək nümayiş etdirilməyib. Yeganə istisna Berni Sanders və Aleksandriya Okasio-Kortesdir - partiyanın sol qanadının daimi simaları. Qalan hamı Mamdanidən uzaq durmağa üstünlük verib. Səbəb isə yalnız onun iqtisadi proqramı deyil - onun Fələstinlə bağlı açıq və prinsipial mövqeyi də Demokrat Partiyası üçün hələ də parçalanmaya səbəb olan, ehtiyatla yanaşılan mövzulardandır.
Qəzzada davam edən qanlı qarşıdurma və geosiyasi gərginlik fonunda Fələstinə açıq dəstək vermək Demokrat Partiyasının daxilində çoxlarının çəkinərək toxunduğu "qırmızı xətt"ə çevrilib. Mamdani isə bu xətti təkcə keçməyib - onu demonstrativ şəkildə tapdalayıb. Bu isə partiya aparatları ilə ideoloji əsasda aşağıdan formalaşan yeni siyasi hərəkatlar arasında uçurumun dərinliyini bir daha ortaya qoyub.
Bu fərq onun əsas rəqibi - Endryu Kuomonun kampaniyası fonunda daha da aydın görünür. Uzun illər liberal medianın sevimlisi olmuş, üç dəfə Nyu-York qubernatoru seçilmiş Kuomo siyasətə "sabitliyin namizədi" kimi qayıtmağa cəhd göstərdi. Amma onun kampaniyası keçmişinin ağırlığı altında çökdü: cinsi zorakılıq ittihamları, COVID-19-dan ölüm statistikasının gizlədilməsi, təkəbbür, debat və müsahibələrdən yayınma - bütün bunlar onun şəhərlə və real seçici ilə əlaqəsinin itirildiyini göstərdi. Onu dəstəkləyən bəzi həmkarlar ittifaqları belə bunu inamla deyil, qorxu ilə etdilər - "birdən qayıtsa, bizi cəzalandırar" düşüncəsi ilə.
İngiltərənin nüfuzlu "Guardian" nəşrinin yazdığı kimi: "Bir çox cəhətdən Kuomo - Demokratların Trampıdır". O, köhnəlmiş, korrupsiyalaşmış, kinli və dövrün çağırışlarına tam laqeyd olan bir siyasi üslubun təcəssümüdür. Onun məğlubiyyəti sadəcə bir siyasətçinin uduzması deyil - bu, qapalı klublar, arxa otaq sövdələşmələri və içi boş televiziya şouları üzərində qurulmuş bütöv bir siyasi mədəniyyətin fiaskosudur.
Amma istəblişment hələ də təslim olmaq fikrində deyil. Praymerizdəki məğlubiyyətdən sonra Kuomo müstəqil namizəd kimi seçkilərdə iştirak edəcəyini açıqlayıb. Bu addım da göstərir ki, Demokrat elitası Mamdanidən o qədər ehtiyat edir ki, onu önləmək üçün öz seçici bazasını parçalamağa belə hazırdır.
Bu kontekstdə artıq aydın olur: Mamdani sadəcə bir namizəd deyil. O, çağırışdır. Yalnız Respublikaçılara deyil, Demokratların özünə də ünvanlanmış bir çağırış. Bu partiyanın qarşısında ciddi bir sual dayanır: dəyişməyə hazırdırmı, yoxsa keçmişin girovuna çevriləcək? Çünki son sorğulara görə Demokrat Partiyasına ictimai dəstək tarixi minimuma - cəmi 27 faizə düşüb. Bu, sadəcə müvəqqəti çöküş deyil. Bu - xüsusilə gənclər, fəhlələr və qeyri-ağ icmalar arasında toplanan uzunmüddətli narazılığın nəticəsidir. Onların illərlə "mərkəz" və "realizm" adı altında susdurulan maraqları bu gün yenidən siyasi gündəmin mərkəzinə qayıdır.
"Bu, təkcə seçki fenomeni deyil. Bu - siyasi xəbərdarlıqdır", - deyə sabiq prezident Barak Obamanın müşaviri Dən Pfayffer qeyd edir. Onun sözlərinə görə, partiya illərlə hər kəsə xoş gəlməyə çalışıb, amma bu yanaşma indi onu bir vaxtlar dəyişikliyə inanmış elektoratdan məhrum etmək riski daşıyır. Nyu-York bu gün o məkana çevrilib ki, burada irəliləyişçi siyasi gündəm nəhayət ki, kütləvi dəstək qazanıb və real siyasi uğura çevrilmək üzrədir.
Sual budur: Demokrat Partiyası bu siqnalı dinləyəcəkmi? Yoxsa yenə də susacaq və əvvəlki səhvlərini təkrarlayacaq?
Mamdani-nin qələbəsi - istisna yox, xəbərdarlıqdır
Zahran Mamdani-nin qələbəsini sadəcə "uğurlu kampaniya", "TikTok fenomeni" və ya "nadir istisna" kimi yozmaq - hadisənin mahiyyətini kobud şəkildə təhrif etmək deməkdir. Bu uğur, əslində, ABŞ Demokrat Partiyasının öz seçicisinin gündəlik həyatındakı böhranı artıq ifadə edə bilməməsinin nəticəsidir. Bu barədə "Wire" haqlı olaraq yazır: Mamdani partiya aparatçılarından fərqli olaraq yalnız proqramla gəlməyib - o, illərlə danışılmayan, üstü örtülən problemləri birbaşa, açıq dillə adlandırdı. Yəni: şəhər infrastrukturunun çöküşü, sosial bərabərsizliyin kəskin artması, kirayəçilərin müdafiəsizliyi və orta təbəqənin yoxsullaşmaq qorxusu.
Müasir seçici artıq "ritorik proqressivlik" və ya simvolik təmsilçiliklə razılaşmır. "Wire"ın təhlilinə görə, insanlara jestlər yox, real gəlir bərabərsizliyi ilə mübarizə, struktural islahatlar və gündəlik həyatlarına toxunan siyasətlər lazımdır. Onlar öz rifahını deyil, milyarderlərin təlaş və fantaziyalarını güdən siyasətçilərdən beziblər. Mamdani-nin kampaniyası məhz buna cavab verdi - onun uğuru dövrün tələbini dəqiq hiss etmək deyil, siyasəti yenidən məzmuna qaytarmaq idi.
Amma əsas sual indi qarşıdadır: Demokrat Partiyası bu dərsi həqiqətən anlayacaqmı? Tarix göstərir ki, partiya dərin islahatlar əvəzinə, bəzəkli taktik dəyişikliklərə üstünlük verməyi sevir. Bugünkü vəziyyətdə də fərqli bir şey baş vermir. Mamdani-nin qələbəsi kampaniyanın texniki incəliklərinə bağlanır: guya o, gəncdir, TikTok-u bacarır, Z və Y nəsillərinin dilini anlayır. Amma bu izah təhlükəli illüziyadır. "Wire" düz qeyd edir: Demokrat rəhbərliyi bu gün də öz uğursuzluğunu kommunikasiya çatışmazlığı kimi yozmağa meyllidir, halbuki əsas səbəb partiyanın artıq cəmiyyətin çoxluğu üçün mənalı heç nə deməməsidir.
Məsələ ondadır ki, Mamdani-nin uğuru yalnız ictimai əhval-ruhiyyədəki dəyişikliklə deyil, həm də gözləntilərdəki dəyişikliklə bağlıdır. Onun seçiciləri yalnız kasıb təbəqələr deyil - getdikcə daha çox "orta sinif" nümayəndələri də bu düşərgəyə qoşulur. Onlar artıq tarixdən silinmiş, kənara atılmış kimi hiss edirlər. Onlar bələdiyyə ərzaq şəbəkələri, kirayə qiymətlərinin dondurulması, əlçatan nəqliyyat istəyirlər - xeyriyyəçilik adı ilə yox, şəhər idarəçiliyinin normal alətləri kimi.
Təbii ki, tənqidlər də çox gözlətmədi. "The Atlantic" Mamdani-nin proqramını "maqik realizm" adlandırdı - guya gözəldir, amma reallıqdan uzaqdır, meri səlahiyyətləri və büdcəsi ilə uyğun gəlmir. Bu, tanış taktika, sol siyasətləri "gerçəklikdən uzaq" damğası ilə gözdən salmaq üçün istifadə edilən klassik mərkəzçi hiylədir. Ancaq "Current Affairs" haqlı olaraq qeyd edir: "reallıqdan uzaq" damğası sistemin yeni ideyalarla mübarizədə istifadə etdiyi ilk silahdır. Mamdani qeyri-mümkünü istəmir - o, pilot layihələr, təcrübə əsaslı sınaqlar, mərhələli transformasiya təklif edir. O, demoqoq deyil, laboratoriya məntiqi ilə işləyən yeni nəsil siyasətçidir.
Bu mənzərədə artıq söhbət təkcə Demokrat Partiyasından getmir. "New York Post" yazır ki, Mamdani-nin qələbəsi həm də Uol Strit-ə ünvanlanmış siqnaldır. Onlar onillərlə "sabitliyi təmin edən" siyasətçilərə sərmayə qoyaraq dəyişiklikləri qabaqlamağı bacarıblar. Amma indi aydın olur ki, onların yaratdığı "sabitlik" artıq şəhər əhalisini qane etmir. Mamdani onların üstünə gələn dəyişikliklərin xəbərçisidir. Siz dəyişikliklərə səs verməyə bilərsiniz, amma bu, onların qapıda olmadığı anlamına gəlmir. Sol dalğa hələ ki Mamdani ilə başlayıb, amma o noyabrda mer seçilməsə belə, bu hərəkat artıq buradadır - aktivistlər, yeni şəhər çoxluğu və yenidən bölgü istəyənlərin simasında.
Demokrat Partiyası bu gün tarixi bir dönəmdədir. O, növbəti dəfə çatları makiyajla gizlədə bilər - strateqlər, marketoloqlar, donorlar vasitəsilə. Yaxud ilk dəfə etiraf edə bilər: XXI əsrdə ayaqda qalmaq üçün radikal şəkildə dəyişməlidir - mərkəzçi "reallıq"a yox, problemi adlandıran, diaqnoz qoyan və konkret kurs təklif edən siyasətə doğru. Mamdani bunu etdi. Digərləri - hələ ki yox.
08.07.2025-ci il tarixdə saat 14 radələrində Ağstafa rayonu, Qırılı kə

Müğənni Afət Fərmanqızı "Rəngarəng" verilişinin qonağı olu

Ukrayna öz milli məhdudlaşdırıcı tədbirlərini Avropa Birliyinin Rusiyaya

Türkiyənin Muğla vilayətinin Datça bölgəsində 5 bal gücündə zəlzəl

İnfluenser Nagehan Abdullayeva şəxsi həyatı ilə bağlı sualları cavablan

Rusiyanın Kamçatka vilayətinin polisi ötən il yeni doğulmuş uşağını �

GLP-1 tipli dərmanlar ( bədəndəki GLP-1 hormonunun funksiyasını təqlid ed

Müğənni Vəfa Şərifovanın açıqlaması müzakirələrə səbəb olub.

"Indiegogo" platformasında uçuş zamanı ağcaqanadları izləyə v�

Aparıcı Elgiz Əkbər küsülü olduğu müğənnidən danışıb. Son.az a

Tanzaniyanın şimalında yerləşən Natron gölü - planetin ən sirli və öl

Rəqqasə Fatimə Fətəliyeva bağ evindən videopaylaşım edib.

Yay fəslinin gəlişi ilə birlikdə insanların günəş altında qaşınma pr

"ChatGPT"nin 10 ildən artıq davam edən izaholunmaz sağlamlıq prob
