Gürcü leyborizmi, əslində, bir maskadır: Şalva Natelaşvilinin ifşası


Siyasət 22 May 2025 11:45:00 55 0

Gürcü leyborizmi, əslində, bir maskadır: Şalva Natelaşvilinin ifşası

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Gürcü siyasət arenasında qalmaqallı simalar az deyil. Amma Gürcüstan Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili bu sırada xüsusi yer tutur. İllərdir populizm, demoqogiya və geosiyasi fobiyalar üzərində siyasi ömrünü uzadan bu şəxs partiyasını çoxdan sağ və sol çərçivədən çıxarıb, millətçi isteriya, şovinist çağırışlar və nifrət ritorikasına əsaslanan təbliğat ruporuna çevirib. Onun ən çox aqressivləşdiyi sahə isə anti-Azərbaycan çıxışlardır - burada söhbət nə ideoloji mövqedən, nə siyasi kursdan gedir. Burda təmiz və açıq nifrət, tarixi inkarçılıq və riyakar siyasi kalkulyasiya dayanır. Bu yazıda isə yalnız faktlar danışacaq: onun sözləri, hərəkətləri, bioqrafiyası və əlaqələri.

Köhnə manipulyator yenə səhnədə: sərhəddə təxribat

2025-ci ilin mayında Gürcüstan-Azərbaycan sərhədində növbəti dəfə gərginlik yaratmağa cəhd edildi. Səhnədə isə yenə tanış sima - Şalva Natelaşvili. Cəmiyyətdə hər hansı sosial dayağını çoxdan itirmiş Leyboristlər Partiyasının lideri bu dəfə də Azərbaycanın həssaslıqla yanaşdığı sərhəd məsələsində suyu bulandırmağa çalışdı. Ənənəvi metodla: uydurmalar, provokasiyalar və Kəşikçidağ (gürc. David Qareci) monastır kompleksi ətrafında millətçi ritorika.

"Ziyarət" pərdəsi altında təxribat - və sərhəddə uğursuzluq

Natelaşvili mayın əvvəlində Azərbaycanla sərhəddə yerləşən, statusu hələ dəqiqləşdirilməmiş əraziyə nümayişkaranə səfər etməyə cəhd göstərdi. Azərbaycan sərhədçiləri isə beynəlxalq hüquqa uyğun olaraq onu bu əraziyə buraxmadılar. Çünki ortada dini ziyarət yox, açıq-aşkar siyasi təxribat dayanırdı. Udabno monastırı və Çiçxituri qülləsi - Natelaşvilinin israrla "milli sərvət" elan etdiyi abidələr - məhz delimitasiya prosesi hələ yekunlaşmamış zonada yerləşir. Məhz bu səbəbdən Bakı və Tbilisi qarşılıqlı razılaşma əsasında danışıqlar aparır.

Natelaşvili isə Kəşikçidağ kartından ilk dəfə istifadə etmir. Hələ 2019-cu ildə o, "monastıra yürüş" adı ilə növbəti şou təşkil etmiş, əlində bayraq, dildə şüarlar, kameraların qarşısında gərginlik yaratmışdı. Onun tərəfdarları dəfələrlə azərbaycanlı və gürcü ekspertlərin birgə apardığı komissiya işlərinə mane olublar, guya "torpaq müdafiəsi" adı altında populist səhnələr qurublar. Amma Natelaşvili hələ bir dəfə də olsun "Azərbaycan torpaqlarının ələ keçirilməsi" barədə iddialarını sənədlərlə əsaslandırmayıb.

Manipulyasiya dili: "torpaq verilir" mifinin anatomiyası

Natelaşvilinin təbliğatı guya ki, "gürcü torpaqları işğalçıya verilir" tezisinə söykənir. Bu isə açıq və məqsədli yalanın təkrarından başqa bir şey deyil. Gürcüstanla Azərbaycanın dövlət sərhədi hələ tam müəyyən olunmayıb. Gürcüstan Xarici İşlər Nazirliyinin 2023-cü il məlumatına görə, sərhədin təxminən 34 faizi razılaşdırılmayıb. Belə olan halda "suveren ərazilərin verilməsi"ndən danışmaq nə hüquqi, nə də siyasi baxımdan doğrudur. Hazırda aparılan prosesin mahiyyəti də məhz bundadır: haranın kimə aid olduğunu dəqiqləşdirmək. Bu yekunlaşmamış proses fonunda birtərəfli iddialar sadəcə siyasi alverdir.

Rəsmi Tbilisi - istər Xarici İşlər Nazirliyi, istər Milli Təhlükəsizlik Şurası səviyyəsində - dəfələrlə bildirib ki, Kəşikçidağ məsələsi danışıqlar predmeti olub və "ərazilərin satılması" ilə bağlı ittihamların əsası yoxdur.

2025-ci ilin aprelində Bakı və Tbilisidə keçirilən son komissiya iclaslarında tərəflər razılığa gəliblər: ziyarətçilərin qarşılıqlı sərbəst gediş-gəlişi təmin olunacaq, tarixi və dini irs birgə qorunacaq. Bu, mikrofon qarşısında şou yox, səbirli diplomatik əmək tələb edən məsələdir.

Xudjabi məsələsində niyə susur?

Ən diqqətçəkən məqamlardan biri də budur: "ərazi bütövlüyü" məsələsində bu qədər "yanıb-yaxılan" Natelaşvili Ermənistanın işğal etdiyi Xudjabi monastırı haqqında bir kəlmə də demir. Orada erməni sərhədçiləri gürcü jurnalistlərini atəşə tutublar. Nəticə? Nə etiraz, nə yürüş, nə ritorika. Tam səssizlik. Bu isə istər-istəməz ortaya sual çıxarır: görəsən Natelaşvilinin "sərhəd sevgisi" yalnız Azərbaycanla bağlı mövzularda mı aktivləşir?

Qərəzli ritorikadan təhlükəli ittihamlara: Natelaşvilinin anti-Azərbaycan dosyesi

● 2008-ci ildə "Maestro" telekanalına verdiyi müsahibədə Şalva Natelaşvili Azərbaycanı "Kaxetiyaya gizli ərazi iddiaları"nda ittiham etmişdi. Bu bəyanat nə faktlara, nə də diplomatik məntiqə əsaslanırdı. Halbuki həmin dövrdə Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü - həm Abxaziya, həm Tsxinvali məsələsində - açıq şəkildə dəstəkləyirdi.

● 2014-cü ildə Marneuli rayonunda tərəfdarları qarşısında çıxış edən Natelaşvili azərbaycanlı məktəblərin "gürcüləşdirilməsinin" vacibliyindən və Kvemo-Kartlidə "demoqrafik balansın nəzarət altında saxlanılmasından" danışmışdı. Bu ifadələr açıq şəkildə etnik ayrı-seçkiliyin, segreqasiyanın dilidir.

● 2020-ci ildə, İkinci Qarabağ müharibəsi fonunda Natelaşvili Azərbaycanın qələbəsini "regional sabitliyə təhdid" adlandırmış və "türk mənşəli bütün Gürcüstan vətəndaşlarının sədaqətinin yoxlanmasını" tələb etmişdi. Belə etnik profilaktika çağırışları - xüsusilə Bakı və Tbilisi arasında dərinləşən əməkdaşlıq fonunda - iki ölkənin strateji tərəfdaşlığına zərbə vurmaq məqsədi daşıyırdı.

Bütün bu ritorikanın arxasında dayanan əsas qıcıq - Gürcüstanla Azərbaycanın davamlı və yüksələn əməkdaşlığıdır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Anakliyadakı logistik mərkəz və digər regional layihələr Natelaşvilinin "Gürcüstan izolyasiyada qalıb" kimi revizionist narrativlərini alt-üst edir. Leyboristlər bu "izolyasiya mifindən" siyasi kapital qazanmağa çalışsa da, reallıq onların əleyhinə işləyir.

Təkcə son 15 ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə qoyub. SOCAR-ın 2023-cü ildə təkcə Kvemo-Kartlidəki enerji infrastrukturu və sosial layihələrə yatırdığı investisiya 160 milyon dollardan artıq olub. Amma Natelaşvili bütün bunları görməzdən gəlir, Azərbaycanı "milli təhlükəsizliyə təhdid" kimi təqdim etməkdə israrlıdır.

Bundan əlavə, Natelaşvilinin "Türkiyə faktoru" ilə bağlı dedikləri isə əməlli-başlı uydurmalara söykənir. O, guya "pantürkist planları" göstərən saxta xəritələrlə öz seçicilərini qorxudur, etnik qruplar arasında şübhə toxumu səpir, cəmiyyətdə parçalanma yaradır və Gürcüstanın xarici siyasət kursunu kölgəyə salır. Bu isə regionda sabitliyi pozmağa çalışan dairələrin maraqlarına birbaşa xidmət edir.

Kasıb partiya necə olur ki, iki onillikdir maliyyə sabitliyini qoruyur?

Özünü daim "təqib olunan, resurssuz müxalifətçi" kimi təqdim edən Leyboristlər Partiyası 20 ilə yaxındır parlamentdə yer tutmadan, cəmiyyətin 2 faizdən azının dəstəyini qazanaraq qəribə bir şəkildə maliyyə sabitliyini qoruyub. Nə maaş, nə mandat, nə də real seçki uğuru - amma struktur işləyir.

2017-ci ildə ifact.ge portalı Natelaşvilinin ailəsinin biznes maraqları barədə araşdırma yayımladı. Rəsmi sənədlərə görə, "N&Co" adlı şirkət 2013-2017-ci illər ərzində Tbilisi və Rustavi bələdiyyələrindən 4,2 milyon laridən artıq (təxminən 1,6 milyon dollar) hüquqi konsaltinq xidməti üzrə sifarişlər alıb. Bu şirkət formal olaraq onun qızı Beka Natelaşviliyə məxsus idi. Maraqlıdır ki, şirkətin nə ofisi, nə də lisenziyalı hüquqşünas heyəti vardı.

Görünüşdə Natelaşvili siyasətdən qazanc götürmür. Amma:

● O, artıq illərdir vergi bəyannaməsini ictimaiyyətə təqdim etmir (sonuncu açıqlama 2016-cı ilə aiddir);

● Büdcə şəffaflığı və maliyyə debatlarına qatılmaqdan imtina edir;

● Partiya vasitəsilə yığılan ianələrin əsas hissəsi offşor hesablara yönəldilir (bu haqda 2022-ci ildə "Mtavari Arxi" telekanalı araşdırma yayımlayıb).

Əslində, Natelaşvilinin rəhbərlik etdiyi "Leyboristlər Partiyası" siyasi təşkilat deyil - konkret dövrlərdə müəyyən sifarişlərə uyğun fəaliyyət göstərən təzyiq alətidir. Məsələlərə baxaq:

● 2015-ci ildə Gürcüstanla Avropa İttifaqı arasında assosiasiya sazişinə qarşı çıxıb, onu "inteqrasiya maskası altında kolonizasiya" adlandırırdı. Bir il sonra isə artıq "Gürcü Brexit" tələb edirdi.

● 2017-ci ildə Batumidə yeni məscidin inşasına qarşı keçirilən etirazları dəstəklədi. Guya bu, "Türkiyənin planının bir hissəsidir". Etiraz aksiyalarına isə "Rusiyanın Qafqazı" fondunun koordinatoru, Rusiya vətəndaşı Armen Qasparyanla əlaqəli QHT-lər maliyyə ayırırdı.

● 2020-ci ildə pandemiyanın qızğın dövründə partiya "NATO-nun bioloji silah yayması" ilə bağlı dezinformasiyalar yaydı. Bu cəfəng məlumatlar "Gürcü Müqaviməti" və "Cənubi Qafqaz bizimdir" adlı Telegram kanalları vasitəsilə tirajlanırdı.

Erməni radikal qruplarla əlbir fəaliyyət

Xüsusi diqqətəlayiq məqamlardan biri də Şalva Natelaşvilinin Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqe tutan erməni radikal qruplarla aktiv təmasda olmasıdır. 2021-2024-cü illər ərzində o, "Artsax Veteranları" adlı təşkilatın nümayəndələri ilə bir neçə dəfə görüş keçirib. Bu təşkilat Bakı ilə İrəvan arasında gedən sülh prosesinə qarşı çıxış edir.

"Hetq" erməni nəşrinin məlumatına görə, 2023-cü ilin sentyabrında Diliçanda Şalva Natelaşvili, Ermənistan parlamentinin keçmiş deputatı Aşot Eqiazaryan və Rusiya "MDB İnstitutu"nun nümayəndəsi Viktor Kremenyoqun iştirakı ilə qapalı toplantı keçirilib. Müzakirə olunan mövzular:

● Zəngəzur üzərindən çəkiləcək Azərbaycan-Türkiyə nəqliyyat dəhlizinin "təhlükə" kimi qiymətləndirilməsi;

● Cənubi Qafqazda Rusiya yönlü alternativ cəbhənin yaradılması.

Bu faktlar Natelaşvilinin media vasitəsilə formalaşdırdığı "barışmaz gürcü müxalifətçisi" obrazını tamamilə ifşa edir. Əslində isə onun illərdir Rusiya yönümlü dairələrlə sıx və davamlı əlaqələri var - xüsusilə 2020-ci ildən sonra, Gürcüstanın Avropa ilə yaxınlaşması və Azərbaycanla enerji-loqistika əməkdaşlığının dərinləşməsi fonunda bu əlaqələr daha da aktivləşib.

Ən bariz nümunə - 2021-ci ilin sentyabrında İrəvanda keçirilmiş "Avrasiya İnstitutu"nun qapalı forumunda Natelaşvilinin iştirakı idi. Bu institut Kremlin Cənubi Qafqazdakı "yumşaq güc" alətlərindən biri sayılır. Forumda bu məsələlər müzakirə olunurdu:

● Gürcüstanın xarici siyasət kursunun "Moskva-İrəvan-Tehran" oxuna yönəldilməsi;

● NATO və Türkiyədən gələn "təhlükəyə qarşı" "avrasiya birliyi" konsepsiyasının təşviqi;

● Azərbaycan tərəfindən guya etnik azlıqlara qarşı assimilyasiya siyasəti aparılması - bu iddia isə daha əvvəl ATƏT və Amnesty International tərəfindən yalanlanıb.

"Slavyan sivilizasiyasının övladlarıyıq" - Natelaşvilidən açıq manifest

İrəvandakı həmin forumda çıxış edən Şalva Natelaşvili birbaşa bəyan etmişdi: "Gürcüstan illərlə türk-azərbaycan rifahı illüziyasında yaşadı. Artıq başa düşməliyik - bizim yolumuz Avrasiya istiqamətidir. Biz türk dünyasının yox, slavyan sivilizasiyasının bir parçasıyıq".

Bu ritorika son illərdə Kreml tərəfindən maliyyələşdirilən "Sputnik Gürcüstan", "Gürcüstan və dünya" kimi kanalların və regionda sabitliyi pozmağa yönəlmiş rus yönümlü Telegram şəbəkələrinin təbliğat xəttinə tam uyğundur.

Təxribat üçün platforma: Leyboristlər partiyası dezinformasiya kanalı kimi

Tbilisidə fəaliyyət göstərən Hibrid Təhdidlərin Təhlili Mərkəzinin (Hybrid Threat Analysis Center) 2023-cü il hesabatına əsasən, Natelaşvilinin partiyası Gürcüstan informasiya məkanında yalan məlumatların yayılma intensivliyinə görə ilk üçlükdə yer alır. Tədqiqat 2022-ci ilin yanvarından 2023-cü ilin dekabrınadək dövrü əhatə edib və 400-dən çox mənbə - sosial media, televiziya və mətbu orqanları üzərində aparılıb.

Əldə olunmuş əsas nəticələr belədir:

● Cəmi 134 sənədləşdirilmiş dezinformasiya halı. Onlardan: - 48-i guya azərbaycanlı məktəblər vasitəsilə "islamlaşdırma təhlükəsi" mövzusunda; - 37-si "gizli neft müqavilələri" və bunun Gürcüstanın enerji müstəqilliyinə guya zərbə vurması haqda; - 29-u Kvemo-Kartlidə "azərbaycanlıların demoqrafik ekspansiyası" ilə bağlı; - 20-si isə guya "Türkiyə hərbi qüvvələrinin Gürcüstanda mövcudluğu" barədə (həm Gürcüstan Müdafiə Nazirliyi, həm NATO tərəfindən təkzib olunmuş iddialar).

● Strateji layihələrə qarşı sistemli hücumlar. Məsələn, 2022-ci ilin sentyabrında Bakı-Tbilisi-Qars xəttinin genişləndirilmiş hissəsinin istifadəyə verilməsindən sonra Leyboristlər partiyası Rustavidə piketlər təşkil etmiş və "Azərbaycan strateji magistrallara nəzarəti ələ keçirir" iddiasını tirajlamışdı. Əlbəttə, heç bir sübut təqdim olunmadan.

● İyunun 2023-də partiyanın Facebook səhifəsində Kvemo-Kartli ərazisinin Azərbaycan bayrağı rənginə boyandığı xəritə paylaşılmış və "Gələcəyimiz təhlükədədir" şüarı ilə yayımlanmışdı. Bu provokativ paylaşıma yalnız Dövlət Təhlükəsizlik Xidmətinin müdaxiləsindən sonra son qoyulub.

Bütün bunlar Azərbaycanın Gürcüstan iqtisadiyyatına davamlı şəkildə töhfə verdiyi bir dövrdə baş verirdi. Təkcə 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard dollara çatdı. 2023-cü ildə isə Gürcüstanda yaşayan etnik azərbaycanlıların sayı 290 min nəfəri ötürdü və bu insanlar ölkənin ictimai-siyasi və iqtisadi həyatına tam şəkildə inteqrasiya olunmuşdu.

Siyasi strategiya yox, xof üzərində oyun: seçki canfəşanlığı

Əslində, Natelaşvilinin etnik qorxulara söykənən bu aqressiv kursunun səbəbi çox sadədir - siyasi sağ qalma instinkti. 2020-ci il parlament seçkilərində Leyboristlər partiyası cəmi 1,02% səs topladı və parlamentə düşə bilmədi. 2021-ci il bələdiyyə seçkilərində isə vəziyyət daha acınacaqlı oldu - cəmi 0,7%.

Bu fiaskolardan sonra Natelaşvili öz siyasi sağ qalımını marginal, qərbyönümlü proseslərə və Azərbaycanla əməkdaşlığa nifrət edən seçici seqmenti üzərində qurmağa qərar verdi. "Türklər", "qlobalistlər", "Azərbaycan kapitalı" - onun ritorikasında daim qorxu obyektinə çevrilir. Bu, postsovet yaddaşına hopmuş izolyasiya və travmalardan qidalanan çox təhlükəli bir populizmdir.

Rusiyayönlü dəstək kanalları və siyasi texnologiyalar

Onun bu cəhdləri isə təkcə daxili resurslarla deyil, Rusiya ilə bağlı strukturların dəstəyi ilə həyata keçirilir. Ağırlıq mərkəzi - Telegram kanalları. Bu kanallar daha öncə Rusiya "MDB İnstitutu" ilə əlaqələndirilmiş, Dugin və Malofeyevə yaxın maliyyə strukturları tərəfindən idarə olunan, Moldovada, Serbiyada və Gürcüstanda xaos yaratmaq üzrə tanınmış şəbəkənin tərkib hissəsidir.

2019-cu ildən başlayaraq Natelaşvili tez-tez anti-Qərb mövzularında çıxış edən yerli media qurumlarında görünməyə başladı. Onlardan bəziləri:

● "Gürcüstan və Dünya" (საქართველო და მსოფლიო) - Transparency International tərəfindən Gürcüstanda Kreml təbliğatının əsas ruporlarından biri kimi tanınan nəşr. "Myth Detector" monitorinq qrupunun 2023-cü il məlumatına görə, 2020-2023-cü illər ərzində bu portaldakı 19 yazıda Natelaşvili iştirak edib. Onun bəyanatlarından bəziləri: - NATO-nun guya "Gürcüstanı parçalamaq üçün islam əhalisindən istifadə etdiyi"; - Azərbaycanın "Türkiyənin proksi dövləti" olması; - Qərb diplomatlarının "Bakı xüsusi xidmət orqanları üçün işlədiyi" kimi iddialar.

● "Alt-Info" - radikal mühafizəkar televiziya platforması. 2022-ci ildə Leyboristlər partiyasının nümayəndələri bu qurumla birgə keçirilən 3 tədbirdə iştirak ediblər. Tədbirin şüarlarından biri açıq şəkildə anti-Azərbaycan idi: "Türkləşdirməyə son!" (სტოპ თურქიზაცია!).

Diplomatik siqnallar: beynəlxalq narahatlıqlar

Natelaşvilinin və onun komandasının bu ritorikası Gürcüstanın beynəlxalq tərəfdaşları arasında da narahatlıq doğurub.

● 2022-ci ilin oktyabrında Avropa Parlamentinin nümayəndə heyətinin Tbilisiyə səfəri zamanı deputat Marina Kalyurand Gürcüstanın bəzi siyasi qüvvələrinin "Avropa İttifaqının strateji tərəfdaşları, o cümlədən Azərbaycan əleyhinə ksenofob ritorika yaydığına" açıq şəkildə toxunub. Mənbə: Aİ-nin Tbilisidəki nümayəndəliyinin press-relizi (№EU/GE/2022/54).

● 2023-cü ilin fevralında isə Civil.ge agentliyinin məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyi Leyboristlər Partiyasının Kvemo-Kartlidə "azərbaycanlıların demoqrafik təhlükəsi" ilə bağlı bəyanatları səbəbilə Gürcüstan XİN-ə narahatlıq məktubu göndərib. Məktub ictimaiyyətə açıqlanmasa da, onun mövcudluğu diplomatik mənbələr tərəfindən təsdiqlənib.

● Elə həmin il ATƏT-in Etnik Azlıqlar üzrə Ofisinin (HCNM) hesabatında Gürcüstan informasiya məkanında "nəzarətsiz miqrasiya" və "məktəblər vasitəsilə assimilyasiya" ilə bağlı yalan iddiaların yayılması qeyd olunub. Hesabatda adlar çəkilməsə də, Leyboristlər Partiyası bu ritorikanın "əsas ruporlarından biri" kimi göstərilib (OSCE HCNM Brief №15/2023).

Nəticə: Natelaşvili - marginal siyasətdən informativ sabotaja

Bugünkü Şalva Natelaşvili - sovetdən qalma, regional təfriqə yaradan, anti-Azərbaycan isteriyasını informasiya silahına çevirən siyasətçidir. Onun leksikonu və ritorikası yalnız Bakıya deyil, həm də Tbilisinin öz siyasi və iqtisadi suverenliyinə zərbə vurur. Bu, artıq müxalifət deyil - bu, sabitliyə yönəlmiş strateji sabotajdır. Gürcü cəmiyyətinin isə seçimi aydındır: ya dəyərlərə əsaslanan tərəfdaşlıq, ya da köhnə nifrət üzərində qurulan manipulyasiya.

Sual altında qalan maliyyə: hesab verilməyən 1,3 milyon

2022-ci ildə Gürcüstan Milli Audit Xidməti Leyboristlər Partiyasının maliyyə hesabatlarında ciddi uyğunsuzluq aşkar etdi: partiyanın rəsmi gəlirləri ilə bəyannamədə göstərilən xərclər arasında 1,3 milyon lari fərq vardı. Yoxlamanın nəticəsi ictimaiyyətə açıqlansa da, istintaq işi açılmadı. Daha da maraqlısı - bu məsələ ilə bağlı partiya tərəfindən heç bir rəsmi izahat verilmədi. Sanki bu məbləğ "havaya sovrulmuşdu".

Natelaşvili yeni cəbhə açır: Azərbaycanın logistik layihələrinə qarşı çıxış

2024-cü ilin mart ayında Şalva Natelaşvili yenidən gündəmə gəldi. Bu dəfə o, "Gürcüstan Azərbaycanın iştirakı ilə bağlanmış bütün razılaşmalara yenidən baxmalıdır" deyə açıqlama verdi. O cümlədən - Bakı-Tbilisi-Qars layihəsinə. Halbuki söhbət Gürcüstana hər il yüz milyonlarla dollar tranzit gəliri qazandıran strateji dəhlizdən gedir. Bu bəyanat "POSTV" telekanalında səsləndirilmişdi və ekspertlər, xüsusilə iqtisadçı Akaki Melikişvili, onu "Gürcüstanın iqtisadi suverenliyini Avrasiya logistikası xeyrinə baltalamaq cəhdi" kimi qiymətləndirdilər.

Kəşfiyyat sızıntısı: Rusiya xətti - İrəvan üzərindən

2024-cü ilin oktyabrında Wikileaks Caucasus portalında yayımlanan Gürcüstan Dövlət Kəşfiyyat Xidmətinin daxili hesabatına əsasən, 2021-2023-cü illər arasında Natelaşvili ən azı üç dəfə "Neytrallıq uğrunda erməni assosiasiyası" adlı qurumun nümayəndələri ilə görüşlər keçirib. Həmin assosiasiya Rusiya səfirliyinin İrəvandakı təsiri altında fəaliyyət göstərir və "Rus dünyası" adlı geosiyasi platformanın struktur maliyyəsi ilə yaşayır.

Natelaşvili - sistemli təhlükə və sabitliyi pozan faktor

Şalva Natelaşvilinin siyasi ritorikasını və fəaliyyət istiqamətlərini təhlil etdikdə bir həqiqət aydın görünür: bu adam təkcə radikal populist deyil. O, genişmiqyaslı hibrid təsir sisteminin Gürcüstandakı funksional hissəsidir. Onun hədəfi üç əsas dayağı dağıtmaqdan ibarətdir:

Gürcü dövlətçiliyi - Avrointeqrasiya kursuna qarşı açıq sabotaj, dövlət institutlarına inamın sarsıdılması, etnik qarşıdurmaların təhriki və hakimiyyətin legitimliyinin gözdən salınması. Azərbaycanla strateji tərəfdaşlıq - türk və müsəlman icmalarına qarşı nifrət təbliğatı, Bakı-Tbilisi-Ceyhan, TANAP və BTK kimi regional layihələrin gözdən salınması, ictimai rəyə düşmən obrazlarının sırınması. Regional sabitlik - xüsusilə Ermənistandakı radikal, Kremlpərəst dairələrlə əməkdaşlıq, Qərbə və İslama qarşı dezinformasiya maşınının bir hissəsi olmaq, saxta "qlobal sui-qəsd nəzəriyyələri"ni tirajlamaq. Niyə bu qədər zəif reytinqə baxmayaraq, hələ də təhlükəlidir?

Parlamentdə təmsilçiliyin olmaması, seçkidə cəmi 1 faizlik nəticə, ictimai rəydə etibarsızlıq - bunların heç biri Şalva Natelaşvilini siyasi səhnədən tam silə bilmədi. Səbəb isə bəllidir: onun əlində mediaya çıxış, populyar debatlara qatılmaq imkanı və ən başlıcası - xarici dairələrin dəstəyi var. Bu, siyasi aktivliyini süni şəkildə qoruyub saxlayan, "milli" maskası altında regionda təxribatlar üçün istifadə olunan bir platformadır.

O, siyasi partiyadan çox informasiya texnologiyası alətidir - ictimai rəyi manipulyasiya etmək, tərəfdaşlığa nifaq salmaq, etnik birlik və regional əməkdaşlıq anlayışını zədələmək üçün.

Regional qeyri-sabitliyin fonunda - Natelaşvili təzyiq aləti kimi

Cənubi Qafqazda siyasi sabitlik yenidən ciddi sınaqlardan keçir. Ermənistanla Azərbaycan arasında gərginliyin artması, Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətlərin soyuması, radikal hərəkatların güclənməsi fonunda cəmiyyətdə parçalanma yaratmaq üçün "istifadəyə yararlı fiqurlar" daha da ön plana çıxır. Bu mənada Şalva Natelaşvili təkcə keçmişin qalığı deyil - o, psixoloji təzyiq və ictimai manipulyasiya üçün idealdır. Konkret risklər aşağıdakılardır:

● Etno-motivli və anti-Avropa ritorikası ilə müşayiət olunan küçə aksiyalarını təşviq edə bilər; ● Din, dil, təhsil kimi həssas mövzularda süni qalmaqallar yarada bilər; ● Gürcüstan-Azərbaycan münasibətləri, tranzit layihələri və demoqrafik vəziyyətlə bağlı dezinformasiya yaymaqda davam edə bilər.

Proqnoz: qarşıdakı illərdə mümkün ssenarilər

Mövcud tendensiyalar göstərir ki, Natelaşvilinin fəaliyyəti yaxın illərdə aşağıdakı istiqamətləri əhatə edə bilər:

Kvemo-Kartliyə fokus - "azərbaycanlıların üstünlüyü" mifini yenidən gündəmə gətirəcək, dövlət orqanlarını "ərazi güzəştləri"ndə ittiham edəcək. Bu ritorika 2026-cı il parlament seçkiləri ərəfəsində xüsusilə təhlükəli ola bilər. Bələdiyyə səviyyəsinə keçid - öz adamlarını "vətəndaş cəmiyyətinin nümayəndəsi" kimi təqdim edərək yerli seçkilərdə irəli sürməyə çalışacaq. Məqsəd - milli azlıqların sıx yaşadığı rayonlarda təsir nöqtələri yaratmaq. Beynəlxalq platformalara çıxış - anti-Azərbaycan ritorikasını beynəlxalq səviyyədə yaymağa çalışacaq. Artıq 2024-cü ildə o, Belqradda keçiriləcək və Rusiya Müdafiə Nazirliyi ilə Rusiya Pravoslav Kilsəsinin strukturları tərəfindən kurasiya edilən "Pravoslav Xalqlar Birliyi" tədbirinə qatılmaq üçün müraciət edib. İnternet-propaqandanın gücləndirilməsi - diqqətin sosial mediaya yönəlməsi ilə paralel Natelaşvilinin komandası saxta məlumatları Telegram, TikTok və Facebook üzərindən daha sistemli yaymağa başlayıb. Hədəfdə: NATO, Azərbaycan, müsəlman icmaları və demokratik institutlar. Nifrətlə qidalanan siyasi parazit

Əldə etmək istədiyinə çatmadı: nə monastıra daxil ola bildi, nə kütləvi etiraz dalğası başlatdı, nə də böhran yarada bildi. Onun tarix uydurmalarına, selektiv yaddaşa və aşkar ksenofobiyaya əsaslanan ritorikası hətta Gürcüstanın özündə də geniş dəstək tapmadı. Onun çıxışlarını nə parlament fraksiyaları, nə XİN, nə Prezident Administrasiyası müdafiə etdi.

Amma bu vəziyyətdə bir həqiqət artıq tam aydındır: Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığa zərbə vurmaq cəhdi - bu, "mədəni irs uğrunda mübarizə" yox, açıq sabotajdır. Və Natelaşvili getdikcə siyasətçidən daha çox "başqasının sifarişini yerinə yetirən icraçı"ya çevrilir.

Natelaşvili nə yeni nəslin siyasətçisidir, nə də real seçici kütləsini təmsil edir. Onun əsas funksiyası - cəmiyyətə nifrət toxumu səpmək, qorxuya söykənmək, gerçək çağırışları saxta "təhlükələrlə" əvəzləmək və Gürcüstanın Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərini baltalamaqdır.

Bugünkü Gürcüstana lazım olan - dayanıqlı inkişaf, iqtisadi inteqrasiya, etnoslararası etimad və strateji sabitlik kursudur. Natelaşvili kimi fiqurlar isə bu yolda yükdür, ləngidici amildir. Onun çıxışları və addımları sadəcə marjinal mövqe ifadəsi deyil - etimad və praqmatizmə əsaslanan regional birliyin altını oymaq cəhdidir.

Mübarizə sistemli olmalıdır

Belə fiqurlarla mübarizə təkcə ritorika ilə deyil, konkret tədbirlərlə aparılmalıdır:

● Siyasi partiyaların maliyyə mənbələrinə ictimai nəzarət; ● Etnik və dini nifrət çağırışlarına qarşı hüquqi mexanizmlər; ● Media sahəsində dezinformasiyanın qarşısının alınması üçün ciddi moderasiya və məsuliyyət mexanizmləri; ● Gürcüstan hakimiyyətinin qəti mövqeyi və beynəlxalq tərəfdaşların bu kimi radikal strukturlarla əməkdaşlıq faktlarına qarşı diplomatik reaksiya.

Əgər Gürcüstan doğrudan da Avropa ailəsinin bir hissəsi olmağı qarşısına məqsəd qoyursa, o zaman ksenofobiya, anti-Azərbaycan aqressiyası və kimlik üzərindən manipulyasiyalar ölkənin siyasi prosesinin leqal komponenti kimi qəbul oluna bilməz və olunmamalıdır. Əks halda, təkcə strateji tərəfdaşlar deyil, daxili sabitlik də risk altına düşə bilər.

"Heç biri atamın yasına gəlmədi, təkcə Xatirə, Yeganə vardı" like
  • 22 May 11:38  
Şou-biznes "Heç biri atamın yasına gəlmədi, təkcə Xatirə, Yeganə vardı"

Mərhum tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun övladı efr

arrow Ətraflı
Qurban bayramının namaz vaxtı açıqlandı like
  • 22 May 11:34  
Digərləri Qurban bayramının namaz vaxtı açıqlandı

Qurban bayramının namaz vaxtı açıqlanıb.

arrow Ətraflı
Qurban bayramı ilə bağlı fətva verildi like
  • 22 May 11:34  
Digərləri Qurban bayramı ilə bağlı fətva verildi

Qurban bayramı ilə bağlı fətva verilib.

arrow Ətraflı
Nazirlər Kabineti Aİ92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ like
  • 22 May 11:25  
Digərləri Nazirlər Kabineti Aİ92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &

arrow Ətraflı
Pensiyalar bu tarixdə tam ödəniləcək like
  • 22 May 11:20  
Digərləri Pensiyalar bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Prezident bu türbənin bərpasına 1 milyon ayırdı like
  • 22 May 11:11  
Siyasət Prezident bu türbənin bərpasına 1 milyon ayırdı

Prezident İlham Əliyev "Naxçıvan şəhərində yerləşən Möminə xat

arrow Ətraflı
Hollivud ulduzu 86 yaşında vəfat etdi  FOTO like
  • 22 May 11:09  
Şou-biznes Hollivud ulduzu 86 yaşında vəfat etdi FOTO

Ömrünün 60 ildən çoxunu Hollivuda həsr edən aktyor Maykl Alaimo 86 yaşı

arrow Ətraflı
Bu 4 BÜRC ayın uğurlusu olacaq  Taleh qapılarını açır like
  • 22 May 11:00  
Digərləri Bu 4 BÜRC ayın uğurlusu olacaq Taleh qapılarını açır

Astroloqlar may ayının son günlərinə doğru bəzi bürclərin həyatında �

arrow Ətraflı
Mahnılarımızı oğurlayan erməni qarmonçunun ifası "Youtube"dən silindi like
  • 22 May 10:55  
Digərləri Mahnılarımızı oğurlayan erməni qarmonçunun ifası "Youtube"dən silindi

Erməni qarmon ifaçısı Gagik Stepanyan "Bəs nə deyim", "Ay b

arrow Ətraflı
Ardıcıl 4 gün iş olmayacaq  Tarixlər like
  • 22 May 10:50  
Digərləri Ardıcıl 4 gün iş olmayacaq Tarixlər

Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq.

arrow Ətraflı
“ChatGPT” internetdə ən çox ziyarət edilən 5ci sayt olub like
  • 22 May 10:48  
Digərləri “ChatGPT” internetdə ən çox ziyarət edilən 5ci sayt olub

Cəmi bir il ərzində sıralamada sürətli yüksəliş göstərən "ChatG

arrow Ətraflı
Sahil Babayev bəzi şöbələri ləğv etdi like
  • 22 May 10:40  
Digərləri Sahil Babayev bəzi şöbələri ləğv etdi

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

arrow Ətraflı
ABŞdə iki israilli diplomat qətlə yetirildi  VİDEO  FOTO like
  • 22 May 10:30  
Dünya ABŞdə iki israilli diplomat qətlə yetirildi VİDEO FOTO

ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı gülləl�

arrow Ətraflı
Bakıya eniş edən Rusiya təyyarəsində ÖLÜM like
  • 22 May 10:24  
Digərləri Bakıya eniş edən Rusiya təyyarəsində ÖLÜM

Rusiyadan Bakıya gələn təyyarədə ölüm hadisəsi olub.

arrow Ətraflı