Bu hallarda ailə başçısının ölümünə görə zərər tələb edilə bilər – Ali Məhkəmə qərar verdi
Digərləri 02 May 2025 12:20:36 94 0
Azərbaycan Resbulikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
Bu haberi de oku: Xocalıda qumbara partladı 17 yaşlı oğlan xəsarət aldı
Son.az xəbər verir ki, mübahisəli hüquqi məsələnin qısa məzmunu belədir ki, iddiaçının əri 31.08.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb, cavabdeh hüquqi şəxsin əməkdaşı hadisədə təqsirli bilinərək məhkum edilib. Mərhumun himayəsində iddiaçı ilə nikahından doğulmuş yetkinlik yaşına çatmamış övladları olmuşdur. 10.04.2017-ci il tarixdə iddiaçıya 10.04.2022-ci il tarixədək ikinci dərəcə ilkin əlillik təyinatı aparılıb. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141.000 manat məbləğində pulun tutulmasını xahiş edib.
Məhkəmələr iddianın əsaslılığını yoxlamış və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilib. Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
Mülki Məcəllənin 1121-ci maddəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi, o cümlədən bu hüququn yaranma və xitam olunma əsasları nəzərdə tutulub. Bu əsasla iddia irəli sürüldükdə ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır.
Arvadın ölmüş ərin himayəsində olan şəxs hesab edilməsi ilə bağlı hüquqi qiymətləndirmə Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin normada ərin (arvadın) bir-birinə maddi cəhətdən kömək etməli olduqları müəyyən edilsə də, yalnız 84.2-ci maddədə qeyd edilmiş əsaslar olduqda (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad) birinin digərindən aliment tələb etmək hüququ nəzərdə tutulub.