Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2ci Forum keçirilir


Digərləri 02 May 2025 10:15:00 84 0

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2ci Forum keçirilir

Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda 2-ci Forumun açılış mərasimi keçirilir.

Trend xəbər verir ki, forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Forumda millət vəkilləri, dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri, media orqanlarının rəhbərləri, jurnalistlər və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbir medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədi daşıyır.

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov çıxış edərək bildirib ki, artıq ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir.

O qeyd edib ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan "İctimai proseslər media müstəvisində" platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır.

"Xatırlatmaq istərdik ki, ötən il təşkil etdiyimiz Forum media gündəminin formalaşdırılması, xüsusən də ictimai maraq doğuran mövzuların daha peşəkar şəkildə işıqlandırılması istiqamətində mühüm nailiyyət kimi həm dövlət orqanları, həm də media ictimaiyyəti tərəfindən təqdir olunub", - deyə Ə.İsmayılov qeyd edib.

İnsan Hüququları üzrə Müvəkkil Səbinə Əliyeva isə çıxış edərək bildrib ki, bugünkü tədbir ictimai hadisələrin mediada təzahürünün və media platformalarının ictimai rəyə təsir imkanlarının təhlili, peşəkar yanaşmaların təşviqi, habelə medianın insan hüquqlarına təsirlərinin müzakirə edilməsi və qurumlar arasında əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir:

"Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirdi.

Medianın İnkişafı Agentliyinin təsis olunması, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, media subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaların tətbiqi, habelə digər islahatlar bunun bariz nümunəsidir".