Prezident İlham Əliyevin tarixi missiyanı şərəflə tamamlaması nəticəsində faciə və qaranlıqdan işığa doğru gəldik – Sevil Mikayılova FOTO
Siyasət 11 Eki 2025 15:15:00 95 0
Müharibə o dövrü yaşayan, həmin vaxtların ağrı-acısını görən, şahidlik edən hər kəsin həyatında öz izini buraxıb.
Bu haberi de oku: Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir”
Trend xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova "Eşidilməyən səslər" layihəsi çərçivəsində işıq üzü görən "İşığa doğru" filminin təqdimat mərasimində çıxışı zamanı deyib.
"İşığa doğru" sənədli filmi Xocalı soyqırımının canlı şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın - Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb. Layihənin əsas məqsədi müharibə qurbanı olan azərbaycanlı qadınların zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmaqdır.
Millət vəkili bildirib ki, 17 dəqiqəlik "İşığa doğru" filmi çox təsirlidir:
"Çünki filmdə danışılanları biz də öz həyatımızda, taleyimizdə hiss etmişik. Keçmiş məcburi köçkünlərin çox amansızcasına öz doğma yurd-yuvalarından didərgin salındıqlarının şahidi olmuşuq, şəhidlərimizin, qazilərimizin faciələri ilə üzləşmişik. Bütün bunların hamısını 17 dəqiqəyə sığışdırmaq böyük yaradıcılıq məharətidir. Bu film gələcək nəsillərə çox tutarlı bir mesajdır. Həmin 17 dəqiqə bundan sonra neçə yüzilliklər boyu gənclərin təfəkküründə qalibiyyət ruhunu yaşatmaq üçün böyük bir əsas yaradacaq".
Parlamentin üzvü Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olduğu müddətdə daha faciəli insan taleləri ilə rastlaşdığını vurğulayıb:
"Amma həmin insanlar heç vaxt faciələrini danışmaq istəmirdilər. Çünki cəmiyyətə ikinci dəfə bu psixoloji travmanı yaşatmaq istəmirdilər. Filmdə bəhs edilən çox faciəli taledir, lakin sondakı səhnədə xanımın üzündəki o işıq, təbəssüm və məmnunluğu xüsusilə qeyd etmək istəyirəm".
Sevil Mikayılova qeyd edib ki, cəmiyyət olaraq sülhün, qələbənin qədrini bilməyik.
"Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə bu tarixi missiyanı böyük şərəflə yerinə yetirdiyinə görə bir daha minnətdarlığımızı bildirməliyik. Çünki bu cür faciələr, zülmət, qaranlığın üzərindən keçib işığa doğru gəldik", - deyə o fikrini yekunlaşdırıb.