“Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər”


Digərləri 09 Tem 2025 20:12:00 85 0

“Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər”

Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ dolları arasında ticarət oluna bilər.

Bunu report-a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası"nın İdarə Heyətinin sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, ötən ay baş vermiş İran-İsrail müharibəsi Yaxın Şərqdə geosiyasi gərginliyin kəskin artmasına və nəticə etibarilə qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub: "Münaqişənin genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı fonunda investor davranışında dəyişiklik müşahidə edilib. Qeyri-müəyyənlik şəraitində investorlar dəyərini qoruyan sabit aktivlərə - xüsusilə qiymətli metallara, o cümlədən qızıla - üstünlük verməyə başlayıb".

Ekspert qeyd edib ki, həmin dövrdə qızılın spot qiyməti bir unsiya üçün 3 430 ABŞ dollarına qədər yüksəlib, bu isə bir həftə ərzində təxminən 4 % artım demək idi: "Qiymət artımına yalnız hərbi münaqişə deyil, həm də qlobal inflyasiya riski, aparıcı dövlətlər arasında ticarət gərginliyi, bir sıra ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsi təsir göstərmişdi. İyunun sonunda Yaxın Şərqdə əldə edilmiş atəşkəs razılaşması fonunda bölgədəki gərginlik nisbətən azalmış və nəticədə qızılın qiyməti 3 320 ABŞ dollarına qədər geriləmişdi. Bu, ay ərzində qeydə alınmış ən aşağı göstəricilərdən biri olub".

Bununla belə, R.Əmircanovun sözlərinə görə, ABŞ-də büdcə kəsirinin artması, dolların zəifləməsi fonunda qızılın qiyməti yenidən artım trayektoriyasına qayıdıb: "ABŞ Prezidenti Donald Trampın vergi və xərclərlə bağlı qanun layihəsini təsdiq etməsi narahatlıqları artıraraq qiymətli metallara olan tələbi gücləndirib. Bundan əlavə, yaxın günlərdə qüvvəyə minəcək yeni tariflər və ticarət siyasətindəki qeyri-müəyyənlik də qızılın mövqeyini möhkəmləndirir. Son bir həftə ərzində qızıl 3 %-dən çox bahalaşaraq, əvvəlki həftə İsrail-İran atəşkəsi fonunda baş vermiş qiymət itkilərini qismən kompensasiya edib".

Komitə sədri deyib ki, dünya bazarında qiymətli metallara, xüsusilə qızıl-gümüşə maraq son aylarda daha da artır: "Bu artımın əsas səbəbləri qlobal geosiyasi gərginliklər, iqtisadi tənəzzül riski, ölkələr arasında ticarət mübahisələri və bir sıra dövlətlərin mərkəzi banklarıməm qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsidir. Digər qiymətli metallarla müqayisədə qızıl ənənəvi olaraq qeyri-müəyyənlik dövrlərində daha etibarlı investisiya aləti kimi çıxış edir və bu da onun qiymətinin artmasına səbəb olur".


Habere ait fotoğraflar