Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçmiş bank olduğunu açıqlayıb


Siyasət 23 Haz 2025 14:38:00 52 0

Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçmiş bank olduğunu açıqlayıb

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "bank sistemi" barədə prokurun suallarını cavablandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas "bankı" kimi təqdim olunan "Artsaxbank"ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən "bank" olduğunu söyləyib. "Bank"ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin "bank"ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.

"O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi", - deyə A.Harutyunyan əlavə edib.

Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Habere ait video