Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları və qərarları ermənilərə sonu bilinməyən ağrı-acı, itkilər və fəlakətlər vəd edir
İrəvanda Ermənistan-Rusiya Mediaforumu keçirilib.
Media mənsublarının və ekspertlrəin qatıldıqları, Ermənistan tərəfdən baş nazir aparatının, Rusiya tərəfdənsə Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşkilatçı olduqları forum iki ölkə arasındakı münasibətlərine ifrat gərginləşməsi fonunda keçirilib.
Forum ərəfəsində İrəvanda Rusiyaya meylli bloqer Mikael Badalyanla "Sputnik Ermənistan" saytının şərhçisi Aşot Gevorkyan saxlanılıblar. Polis onların evlərində aparılan axtarışlar zamanı odlu silahlar aşkarlandığını bəyan edib.
Badalyan bu gün Gorusda azad edilib, amma situasiyanın özü maraqlıdır.
Dünənsə Ermənistanın Moskvadakı səfiri səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt nota təqdim edilib.
Bu, Ermənistan müstəqillik qazandığı tarixdən indiyə kimi ilk dəfə olaraq "bir sıra qeyri-dost addımlar"la bağlı etiraz notasının verilməsidir.
Notada öz əksini tapan məsələlər arasında xüsusilə, Roma Statutunun ratifikasiya prosesinin başlanması, Baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın ötürülməsi, habelə ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alıb.
Ermənistan parlamentinin spikeri tərəfindən təhqiramiz ifadələrin qəbuledilməzliyi də vurğulanıb, bloger Badalyanın və "Sputnik Ermənistan" radiosunun müxbiri Gevorkyanın Ermənistanda saxlanmasından ayrı-ayrılıqda narahatlıq ifadə olunub.
Rəsmi Moskva hesab edir ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı bütün razılaşmalar iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcək.
Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasının asanlaşdırılması üçün Təşkilatın müşahidə missiyasının respublikaya göndərilməsinə aiddir.
İrəvanın siyasətinin, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarının Moskvanın əsəblərini tarıma çəkdiyini nəzərə alsaq, rus-erməni mediaforumu iki ölkə arasındakı problemləri heç bir halda yumşalda bilməz. Tam əksinə, mövcud geosiyasi şəraitdə Ermənistanla Rusiya arasındja çox aktiv müttəfiqlik əlaqələri, ermənilərin Cənubi Qafqazda Moskvanın forpostu rolunu həvəslə oynamaları dövrləri artıq geridə qalıb.
Ermənistan üzərində nəzarəti əldən verməməyə çalışan Moskva bütün rıçaqları işə salıb. Bir tərəfdən N.Paşinyan hakimiyyətinə təzyiqlər gücləndirilir, digər tərəfdənsə sıravi ermənilərə "Ermənistan və erməni xalqı Rusiyanın dəyərli müttəfiqi olaraq qalır" messicləri ünvanlanır.
Beləcə, Moskva ermənilərə açıq şəkildə bildirir ki, Ermənistanda Qərbə meylli elementlərin təsir imkanlarını zəiflətmək niyyətindədir.
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi 2018-ci ildən bəri ölkəsinin Rusiya Federasiyası ilə münasibətlərinin formatını dəyişməyə çalışır. O, hələlik MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya İqtisadi Birliyi və Avrasiya Gömrük İttifaqını, habelə elə MDB-nin özünü İrəvanın tərk etmək imkanlarına malik olmadığını anladığından Rusiya ilə zorən əməkdaşlıq edir.
Lakin onun əsas məqsədi Ermənistanı Rusiyadan asılılığına son qoymaq, Qərblə əməkdaşlığı intensivləşdirmək və inkişaf etdirməkdir.
44 günlük İkinci Qarabağ Müharibəsindəki kapitulyasiya Ermənsitanda Rusiyaya qarşı mənfi yanaşmanı daha da gücləndirdi.
Azərbaycanla sülh danışıqlarında bilərəkdən, məqsədli şəkildə süni maneələrlə əngəllərin yaradılması, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə qəsdən əməl edilməməsi, Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasından faktiki olaraq boyun qaçırılması, Zəngəzur dəhlizi layihəsinə qarşı inadlı müqavimət, qarabağlı erməni separatçılarına dəstəyin dayandırılması və s. - bütün bunlar N.Paşinyanın son dövrlərdə yürütdüyü siyasətin tərkib hissəsidir.
İndisə o, şərti sərhəd boyunca Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrini yığaraq cəmləşdirir, vəziyyəti yeni hərbi əməliyyatlar ərəfəsini xatırladan səviyyəyə çatdırır.
Yeni hərbi əməliyyatlar Ermənistanın tam, total məğlubiyyəti ilə başa çatacaq və revanşist, şüurların daşnak ideologiyası ilə zəhərlənmiş ermənilərdən fərqli olaraq, Paşinyanın komandası əla bilir ki, yeni müharibədjə İrəvanın zərrə qədər şansı yoxdur.
Ermənistanın fəlakətli məğlubiyyəti ilə başa çatacağı şübhə doğurmayan hərbi əməliyyatların reallığa dönəcəyi təqdirdə Nikol Paşinyan Rusiya ilə əlaqələri sürətlə minimallaşdıracaq və sonucları düşünməyəcək. Çünki mümkün nəticələr arasında Ermənistan üçün əlverişli sayıla biləcək ehtimal ümumiyyətlə, yoxdur.
Ermənistanda Nikol Paşinyana olan münasibətdən asılı olmayaraq sıravi ermənilər arasında Rusiyaya qarşı kəskin antipatiya sürətlə artmaqdadır. Müşahidə olunan vəziyyətdə sırf psixoloji elementlər də var.
Axı İkinci Qarabağ Müharibəsindəki tam məğlubiyyətə görə kimisə günahkar çıxarmaq gərəkdir: ermənilərsə özlərindən savayı, hamını və xüsusilə də Rusiyanı suçlu sayırlar.
Nikol Paşinyan üçün indi ən vacib məsələ sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına, yəni meriyasına keçirləcək seçkilərdə qələbəni təmin etməkdir. Çünki paytaxtda o, istəyinə çatmazsa və müxalifətin namizədi qalib gələrsə, bu məğlubiyyət bütün Ermənistanda Paşinyanın mövqelərinin zəifləməsinə səbəb olacaq.
Məhz buna görə Nikol Paşinyan ritorikasını sərtləşdirir, daha da aqressiv açıqlamalar verir, Azərbaycanı yeni hərbi əməliyyatlara sövq etməyə çalışır.
Laçın yolunun açılmaması, "qarabağlı ermənilərin aclıq, humanitar fəlakət və blokada şəraiti ilə üzləşməsi" tipli dezinformasiyaların gözlənilən nəticələr vermədiyini görən Paşinyan daha ağır fəsadlarla üzləşib.
Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri "qarabağlılar klanı" Xankəndində Rusiyanın emissarı Ruben Vardanyanla birləşərək "hakimiyyət"i ələ keçiriblər. "Qarabağlı klanı" eyni zamanda daşnaklarla tərəfdaşlığı gücləndirib.
Eynən 2020-ci ildə hakimiyyətinə təhlükə hiss edən kimi sərhəddə təxribatların təşkil edilməsinə göstəriş verən və 2-ci Qarabağ Müharibəsinə səbəb olan N.Paşinyan indi də analoji situasiyanı təkrarlamaq fikrindədir.
İlk baxışdan təhlükəli, hətta paradoksal taktika bağışlasa da, Paşinyan nə etdiyini bilir.
Döyüşlər nəticəsində həlak olan ermənilərin tabutları evlərinə gedəndə Ermənistan cəmiyyətində qəzəbin formalaşdırdığı kütləvi etirazlar yox, süstlük, laqeydlik və apatiya yaranır.
Paşinyan bilir ki, tabutlar nə qədər çox olarsa, İrəvanın mərkəzi küçələrində ona qarşı etiraz aksiyasılarına qatılacaq ermənilərin sayı bir o qədər az olacaq. Yekunda isə o, ermənilərin nəzərində müharibədə məğlubiyyətə düçar olsa da, "qarabağlı erməniləri unutmayan və onları dəstəkləyən baş nazir" obrazını qoruyacaq.
Rusiya Federasiyasının bölgəni asanlıqla tərk edəcəyini düşünmək sadəlövhlükdür. Bunu dərk edən Nikol Paşinyan üçün əsas məsələ hakimiyyətini qorumaqdır - bütün başqa strategiyalar, taktikalar, ideoloji sxemlər onun üçün ikinci dərəcəlidir.
Paşinyan qəsdən Rusiyanı qıcıqlandırır ki, gələcək məğlubiyyətlərini Moskvanın üstünə yıxa bilsin, Moskvanı suçlasın.
Kollektiv Qərb Ermənistanı dəstəkləməyə davam etdikcə, Fransa İrəvana bol vədlər verdikcə, Hindistan erməniləri sürətlə silahlandırca, İran İrəvana "qorxma, yanındayam" tipli messiclər ötürdükcə ermənilərin vəziyyəti sürətlə pisləşməyə davam edəcək.
Prosesə Avropa İttifaqının Ermənistandakı "müşahidəçiləri" də mane ola bilmirlər və bilməyəcəklər də.