Priqojin “Neftçilər”də nə gəzirdi?
Digərləri 26 Avq 2023 08:56:00 316 0
Ağlımız söz kəsəndə özümüzdən böyüklərin yanında eşitdiyimiz alternativ informasiyalardan biri beləydi: "Əslində Hitler ölməyib, Argentinaya qaçıb. Bir dəfə onu küçədə görüblər, tanıyıblar, amma yenə yoxa çıxıb".
Bu xəbəri də oxu: Aleksandr Kalyaninovun xatirəsi yad edilir
Çox maraqlıydı, adamı bütün dünya axtarırdı, tapmırdı, amma onun yerini azman Sovet İttifaqının ucqar respublikası olan Azərbaycanın ucqar rayonlarından birində bilirdilər.
Ta ötən əsrin 90-cı illərinə qədər biz Hitleri yaşatdıq. 90-cı illərdə "Ayna" qəzetində çıxan müvafiq materiallardan aydın oldu ki, Hitlerin sağ olduğuna inananlar təkcə bizim kənddə deyilmiş. Bütün Azərbaycanda, eləcə də sovet ölkəsində, hətta dünyanın hər yerində milyonlarla adam fürerin sağ olduğuna inanırmış. Beləcə, bəşər əhli qəddar nasisti 102 yaşına çatdırmışdı. Alçaq hələ də Argentinadaydı. Bəlkə də hələ də sağdır, bilmək olmaz.
Arada Qaqarinin də əslində aviaqəzada ölmədiyi barədə söhbətlər çıxırdı, hətta deyirdilər ki, onu yadplanetlilər oğurlayıb. Xalq yaradıcılığı, əfsanə janrı...
Mircəfər Bağırovun əslində güllələnmədiyi, 70-ci illərə qədər Sibirdə həbs düşərgələrinin birində cəza çəkdiyi, üzüm plantasiyaları üçün beton dirək düzəldilən müəssisədə işlədiyi deyilirdi. Onun düzəltdiyi "stolpa"nı şəxsən görən və onun üzərində Bağırovun göndərdiyi mesajı şəxsən oxuyan bir nəfər bu xüsusatı sürücü kəndçimizə danışmışdı.
20 noyabr vertolyot qəzasında ölənlərin bir neçəsinin əslində ölmədiyi barədə söhbətlər dünənin-srağagünün işidir. Deyirdilər ki. ermənilər onları yaralı vəziyyətdə tutublar, girov saxlayırlar.
2011-ci ilin mayında amerikalı hərbçilər tərəfindən güllələnən Osama bin Ladenin də əslində sağ olduğuna dair şayiələr var. Guya ki, amerikalı dənizçilərin yandırıb külünü okeana səpdikləri adam başqası olub, Osama sağdır və bunkerdə saxlanılır.
İndi "Vaqner" başkəsənlərinin böyüyü Priqojinin də sağ olduğunu deyənlər var. Hətta bunu təkcə demirlər, yazırlar da.
Bəzi ölkələrin mediası Priqojinin uğradığı qəzanı şou hesab edir və qiyamçı biznesmenin ölümünün "teatrlaşdırılmış" olduğuna işarə edirlər.
Bunu əsasən bəzi ölkələrin özünə hörmət etməyən mediası edir. Niyə etdiklərini də demək mümkündür. O ölkələrdə tiraj uğrunda mübarizə gedir, kim daha sensasion xəbər, yazı versə, o, daha populyar olur və daha çox pul qazanır. Bu, Altay türklərinin sözü olmasın, yal davasıdır. (Altaylılar qonorara "yal" deyirlər).
Heç kim də bu cür yalanlar üçün məsuliyyət daşımır, cavabdeh olmur. Yazırlar, tirajlanır, oxunur və yaddan çıxıb gedir.
İndiyədək, Hitlerdən tutmuş ta Priqojinə qədər sağ olduğu deyilən rəhmətliklərin heç biri ortaya çıxıb deməyib ki, əslində o vaxt sizə kəf gəldik, ölməmişik, sağıq. Hamısı necə qeybə çəkilibsə, elə qeybdə qalıblar.
Yazıram, yadıma düşür ki, bu cür əfsanələrin qaynağı heç də media deyil.
İlk belə əfsanə eramızın 33-cü ilində, bəlkə hələ bir neçə il də sonra o vaxtın xristianları tərəfindən dövriyyəyə barılıb. O vaxt rəhmətlik peyğəmbəri çarmıxa çəkib öldürüblər, amma tərəfdarları şayiə buraxıblar ki, guya o, ölməyib, daha dəqiqi, dirilib və qeybə çəkilib, bir gün gələcək.
10 ildən sonra tam 2 min il olacaq ki, mərhum peyğəmbər qeybdədir, "voskres" edib gəlmir ki, gəlmir.
Bu hadisənin identik versiyası müsəlmanlarda da var. Onlar da Mehdi Sahib-əz-Zamanın ölmədiyinə, qeybə çəkildiyinə, bir gün gələcəyinə inanırlar.
Bu, inanc məsələsi olduğu üçün ta bir söz demirəm. Amma nə qədər ki, Priqojin müqəddəs elan edilməyib, deyim: Yevgeni Viktoroviç həqiqətən ölüb, qeybə çəkilməyib. Düzdür, o, havadaykən, qeybin bir neçə metrliyində ölüb, amma ordan o tərəfə uçub getməyib, yerə düşüb və cəsədi tanınıb. Dirilməyəcək. Amma klonlaşdırıla bilər. O sifətdə rus isə heç kəsə lazım deyil.
Mənə inanmırsınızsa, Putinə inanın. Srağagün özü şəxsən dedi ki, Allah rəhmət eləsin. Vəssalam. Putindən çox bilirsiniz? O, bütün postsovet zonasının baş injeneridir, bir şey bilməsə, deməz.
Ola bilər, bir müddətdən sonra Sıktıkvarda, Blaqoveşşenskdə, yaxud Antalya və ya Seyşeldə Priqojini gördüyünü deyənlər olacaq, buna da fikir verməyin. Dünyada oxşar adamlar çoxdur. Şəxsən mən özüm dünən saat 13.09-da "Neftçilər" metrostansiyasının çıxışındakı "Rahat" supermarketinin 15 addımlığında, səkidə Priqojinin oxşarını gördüm, kopyasıydı. Hətta az qaldım, zarafat edəm ki, alə, Jenya, bə deyirdilər, samalyotunu vurublar axı.
Amma adamın zəhmli və unikal "morda"sına, qırxıq başına baxıb bir söz demədim. Nə bilmək olar, bəlkə də özüydü, pis başa düşərdi, deyərdi, bratan, çto za familyarnost (yəni "aramızda zarafat-zad varmı").
Yeni Müsavat
Fransa Xarici İşlər Nazirliyi bildirib ki, üsyançıların Fransa səfirinin
Təsdiqlənməmiş məlumatlara görə, Viktor But "Vaqner"in yeni rə
İtkin düşən qızın müəllimi ilə qaçdığı məlum olub.
Rusiya Federasiyasının Moskva vilayətinin İstra rayonunda hava hücumundan m
Dietoloq Elena Solomatina payızda immuniteti gücləndirən qidaları açıqlay
Bu il sentyabrın 13-14-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT)
Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner" hərbi təşkilatını
Dünyada koronavirusun yayılma hallarının ümumi azalması fonunda bəzi ölk
Son zamanlarda olduqca geniş yayılan burun əməliyyatı - rinoplastika haqqı
"İşimi və çalışdığım şirkəti çox sevirəm. Əlbəttə, çətin
Məşhur müğənni Dua Lipa Fransanın "Vogue" jurnalının yeni say�
Oteldə çəkilən görüntülər qalmaqal yaradıb.