6 FEVRAL ZƏLZƏLƏLƏRİ: BİR GÜNÜN FACİƏSİ, ÖMÜRLÜK DƏRS.
Digərləri 05 Fev 2026 16:31:18 41 0
2023-cü il fevralın 6-sı yalnız qardaş Türkiyənin deyil, bütövlükdə regionun yaddaşında dərin iz salan bir tarix oldu. Həmin gün yerin dərin qatlarında yığılan enerji bir anın içində minlərlə insanın həyatını alt-üst etdi, şəhərləri viran qoydu və bəşəriyyətə ağır bir dərs verdi.
Bu xəbəri də oxu: Oğlum dedi ki, ata, ... – Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Həmin gün Türkiyə vaxtı ilə saat 04:17-də episentri Kahramanmaraş vilayətinin Pazarcıq rayonu yaxınlığında moment maqnitudası ( Mw=7,8) olan güclü zəlzələ baş verdi. Aradan təxminən doqquz saat keçdikdən sonra, saat 13:24 -də bu dəfə episentri Əlbistan rayonunda yerləşən ( Mw=7,6) ikinci əsas təkan qeydə alındı. Bu ardıcıl seysmik hadisələr təkcə yer səthini deyil, eyni zamanda seysmik riskin qiymətləndirilməsi, zəlzələ ssenariləri və insanlığın təhlükəsizliklə bağlı formalaşdırdığı illüziyaları da ciddi şəkildə sarsıtdı.
Kahramanmaraş zəlzələsinin fərqləndirən əsas cəhət onun təkcə yüksək maqnitudaya malik olması deyil, iki güclü zəlzələnin qısa zaman intervalında baş verməsi idi. Birinci zəlzələdən sonra əhali və xilasetmə strukturları hadisənin miqyasını tam dərk etməmişkən, ikinci əsas zərbə artıq zəifləmiş konstruksiyaları tamamilə sıradan çıxardı və insan itkilərinin sayının kəskin artmasına səbəb oldu. Bu iki zəlzələ nəticəsində ümumilikdə 53 mindən çox insan bir günlük faciənin qurbanı oldu.
Bu tip ardıcıl əsas təkanlar seysmologiyada nisbətən nadir rast gəlinən və son dərəcə təhlükəli mexanizm hesab olunur. Yer qabığında toplanmış elastik gərginlik tək bir qırılma zonası üzrə boşalmadı; əksinə, bir-biri ilə əlaqəli bir neçə aktiv qırılma zəncirvari şəkildə hərəkətə gəldi. Bu fakt bir daha göstərdi ki, zəlzələ lokal bir nöqtənin deyil, regional miqyasda bütöv tektonik sistemin verdiyi reaksiyadır.
Baş verən iki əsas zəlzələ və onları müşayiət edən ardıcıl seysmik hadisələr şərqi və cənub - şərqi Anadolu bölgəsində yerləşən 11 vilayəti əhatə etdi, təxminən 108 800 km² sahədə dağıdıcı təsir göstərdi. Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Malatya, Kilis, Diyarbakır, Adana, Osmaniyə, Şanlıurfa və Elazığ vilayətlərində yaşayış məntəqələri və infrastruktur geniş miqyasda dağıntılara məruz qaldı.
Bu hadisə, həm təsir sahəsinə, həm də seysmik mexanizmin mürəkkəbliyinə görə, Türkiyə tarixində “zəlzələ fırtınası” anlayışı ilə xarakterizə olunan ən dağıdıcı hadisələrdən biri kimi elmi ədəbiyyatda yer aldı.
Yer altında gizlənən həqiqət: Şərqi Anadolu Fay Sistemi
6 fevral 2023-cü il fəlakətinin geodinamik mərkəzində Şərqi Anadolu Fay Sistemi dayanır. Bu fay sistemi, şimal istiqamətində irəliləyən Ərəb plitəsi ilə qərbə doğru hərəkət edən Anadolu blokunun qarşılıqlı təsir zonasında formalaşmış, regionun seysmotektonik rejimini müəyyən edən əsas struktur elementlərindən biridir. Şərqi Anadolu Fay Sistemi tektonik baxımdan sol – istiqamətdə sürüşən mexanizmə malik olub, ümumi uzunluğu təxminən 550 – 600 km, aktiv deformasiyanın cəmləşdiyi zonanın eni isə 20–40 km arasında dəyişir. Fayın əsas uzanma istiqaməti şimal-şərq – cənub-qərb istiqamətdə uzanır və bu xüsusiyyət onu Şimali Anadolu Fay Sistemi ilə birlikdə Anadolu blokunun qərbə doğru “qaçışını” təmin edən əsas tektonik mexanizmlərdən birinə çevirir.
Tarixi seysmiklik məlumatları göstərir ki, Şərqi Anadolu Fay Sistemi xüsusilə XVIII əsrin sonu – XIX əsr boyunca yüksək aktivlik mərhələsindən keçmişdir. 1789-cu il Palu zəlzələsi ilə başlayan seysmik dövr, 1822, 1866, 1872, 1874, 1875 və 1893-cü illərdə baş verən dağıdıcı hadisələrlə davam etmiş, 1905-ci il Malatya zəlzələsi ilə isə nisbi olaraq tamamlanmışdır. Bu ardıcıl zəlzələlər, fay boyunca gərginliyin mərhələli şəkildə boşaldığını və seysmik enerjinin uzunmüddətli zaman kəsiyində paylandığını göstərir.
GPS ölçmələri və geodinamik modellər göstərir ki, Ərəb plitəsinin şimala doğru hərəkəti nəticəsində Şərqi Anadolu Fay Sistemi boyunca illik sürüşmə sürəti təqribən 11±2 mm/il təşkil edir. Bu hərəkət, uzun müddət ərzində boşalmadıqda, böyük miqyaslı zəlzələlər üçün əlverişli şərait yaradır. 2023-cü ilin fevral hadisələri məhz bu yığılan enerjinin ani və zəncirvari şəkildə boşalmasının bariz nümunəsi oldu.
Beləliklə, Şərqi Anadolu Fay Sistemi bir daha sübut etdi ki, tektonik sistemlər “susqun” görünə bilər, lakin bu sükutun arxasında yüksək seysmik potensial gizlənir. Bu reallıq, təkcə Türkiyə üçün deyil, bütövlükdə Aralıq dənizi mütəhərrik zonası boyunca yerləşən bütün regionlar üçün ciddi elmi və praktiki nəticələr çıxarmağı zəruri edir.
Seysmik Sükut: Şərqi Anadolu Fayinda Gizli Risk
XX əsr Şərqi Anadolu Fay Sistemi (ŞAFS) boyunca Ms > 5,0 olan təxminən 13 seysmik hadisə qeydə alınmışdır. Bununla belə, müşahidə edilən zəlzələlərin heç biri Ms = 6,8 maqnitud həddini aşmamışdır ki, bu da fay zonası üzrə yığılmış tektonik enerjinin tam boşalmadığını göstərən mühüm göstərici kimi qiymətləndirilə bilər. Belə seysmik davranış, adətən, aktiv tektonik plitələrin bir-birinə paralel sürüşərək gərginliyini qismən boşaltdığı, lakin əsas seysmik potensialın qorunduğu mərhələlər üçün xarakterikdir. Elm adamları üçün Şərqi Anadolu Fay Sistemi heç vaxt təhlükəsiz zona hesab olunmayıb. Əksinə, bu fay xətti seysmoloqlar tərəfindən həmişə yüksək riskli aktiv tektonik struktur kimi dəyərləndirilib. Lakin elmi xəbərdarlıqlar real həyat qərarlarında — şəhərsalma, tikinti və infrastruktur planlaşdırılmasında — çox zaman lazımi ciddiliklə nəzərə alınmayıb. Statistik rəqəmlərə əsaslanan qısa müddətli yanaşmalar “ bu ərazi uzun illərdir böyük zəlzələ görməyib ” düşüncəsini gücləndirib. Əslində isə müasir seysmologiya tam əksini deyir: uzunmüddətli seysmik sükut təhlükəsizlik deyil. Plitələr bir-birinə qarşı hərəkət etdikcə, fayın kilidlənmiş hissələrində elastik gərginlik toplanır. Bu gərginlik illərlə, bəzən onilliklərlə boşalmadan qalır və nəhayət kritik həddə çatdıqda yüksək dağıdıcı gücə malik zəlzələlərə yol açır. Yəni torpaq sakitdirsə, bu, onun təhlükəsiz olduğu anlamına gəlmir. Beləliklə, Şərqi Anadolu Fay Sistemi üzrə XX əsr seysmikliyinin nisbi zəifliyi fayın passivləşməsi ilə deyil, deformasiya enerjisinin boşaltmadan saxlanılması ilə əlaqələndirilir.
2000-ci illərdən etibarən Şərqi Anadolu Fay Sistemi üzərində müşahidə olunan zəlzələlər bu “sükutun” pozulmağa başladığını açıq şəkildə göstərirdi. Bu dövrdə ardıcıl olaraq 2003-cü il Bingöl (Mw=6.3), 2005-ci il Karlıova–Bingöl (Mw=5.8), 2007-ci il Doğanyol – Malatya (Mw=5.7), 2010 - cu il Kovancılar – Elazığ (Mw=6.1), 2020 - ci il Sivricə – Elazığ (Mw= 6.8) və Karlıova – Bingöl (Mw=5.7) zəlzələləri, ayrı-ayrılıqda məhdud təsirə malik olsalar da, bütövlükdə fay boyunca yığılan enerjinin artıq mərhələli şəkildə boşalmağa başladığının mühüm göstəriciləri idi. Bu hadisələr, əslində, daha böyük bir seysmik qırılmanın yaxınlaşdığını elmi baxımdan xəbər verirdi.
6 Fevral: Zəncirvari qırılma mexanizmi
6 fevral 2023-cü il zəlzələlərinin əsas fərqləndirici xüsusiyyəti onların təkcə yüksək maqnitudası deyil, qırılma prosesinin çoxseqmentli və zəncirvari xarakter daşıması idi. Episentri Pazarcıq rayonunda yerləşən ilk təkan zamanı Ərkənək, Gölbaşı və Amanos fay seqmentləri ardıcıl şəkildə aktivləşdi. Eyni zamanda, Ölüdəniz Fay Sisteminin şimal hissəsində yerləşən Narlı seqmenti də bu prosesə qoşuldu. Bu vəziyyət, bir neçə müstəqil fay hissəsinin qısa zaman intervalında qarşılıqlı təsirlə qırılması nəticəsində formalaşan mürəkkəb tektonik ssenarini ortaya qoydu.
Günün ikinci yarısında episentri Əlbistan rayonunda baş verən zəlzələ isə əvvəlki hadisədən fərqli olaraq Çardak Fayı və Doğanşəhər Fay Zonasını əhatə edən ayrıca bir tektonik strukturu hərəkətə gətirdi.Beləliklə, bir gün ərzində bir-birindən struktur baxımından fərqli, lakin seysmik cəhətdən qarşılıqlı əlaqəli iki əsas qırılma baş verdi.
Bu iki güclü yeraltı təkan nəticəsində yer səthində təxminən 290 km və 130 km uzunluğunda geniş səth yarıqları müşahidə olundu. Bəzi sahələrdə isə yer qabığında üfüqi yerdəyişmələr 6–6,5 metrə qədər çatdı. Bu ölçüdə səthdə izlənən yarıqlar və yerdəyişmələr yalnız son dərəcə yüksək enerjinin boşalması zamanı baş verir və bölgənin nə qədər böyük seysmik potensiala malik olduğunu açıq şəkildə nümayiş etdirir.
Nəticə etibarilə, 6 fevral 2023-cü il hadisələri regionda bir gün ərzində iki müstəqil, lakin bir-birini təsiredici amili olan seysmik qırılmanın mümkün olduğunu göstərdi. Bu fakt, zəlzələlərin tək-tək hadisələr kimi deyil, bütöv tektonik sistemin davranışı kimi qiymətləndirilməsinin nə qədər vacib olduğunu bir daha sübut etdi.
Zəlzələ riski və mühəndislik məsuliyyəti
Zəlzələlərdən sonra aparılan elmi tədqiqatlar və sahə müşahidələri göstərdi ki, ilk əsas zəlzələnin dağıdıcı təsiri daha çox Kahramanmaraş və Hatay bölgələrində, günün ikinci yarısında baş verən zəlzələnin təsiri isə əsasən Malatya və ətraf ərazilərdə özünü daha qabarıq şəkildə göstərmişdir.
Bu fərqli təsir paylanması zəlzələlərin baş verdiyi fay seqmentlərinin mexaniki xüsusiyyətləri, seysmik enerjinin yayılma istiqaməti, dalğaların yeraltı mühitdə sönmə və güclənmə xüsusiyyətləri, eləcə də yer səthinin geoloji quruluşu ilə sıx bağlıdır. Başqa sözlə, eyni gücə malik olan təkanlar belə, fərqli geoloji şəraitdə müxtəlif dağıntı ssenariləri yarada bilər. Faciə aydın şəkildə göstərdi ki, zəlzələ təbiətin yaratdığı qaçılmaz hadisə olsa da, onun doğurduğu dağıntının miqyası böyük ölçüdə insan amili ilə müəyyən olunur. Yaşayış məntəqələrinin planlaşdırılması, binaların layihələndirilməsi və inşası mütləq şəkildə mövcud qanunvericilik, normativ sənədlər və mühəndis standartları əsasında həyata keçirilməlidir. Tikinti üçün nəzərdə tutulan ərazilər əvvəlcədən geoloji, geotexniki və seysmik baxımdan hərtərəfli qiymətləndirilməli, qruntun yükdaşıma qabiliyyəti, mümkün oturmalar və seysmik təsirlərə həssaslığı dəqiq müəyyən olunmalıdır. Bu məqsədlə yaşayış və sənaye zonaları üçün mikroseysmik rayonlaşdırma zamanı tədqiqatların aparılması və ərazi planlaşdırmasına əsaslanan geoloji – geotexniki hesabatların hazırlanması zəruridir. Daha sonra hər bir tikili üçün ayrıca olaraq təməl – qrunt qarşılıqlı təsirinin mühəndis təhlili aparılmalı, tikilinin yerləşdiyi sahənin seysmik təhlükə parametrləri nəzərə alınmalıdır. Ölkə üzrə mövcud seysmik təhlükə xəritələri əsasında binanın məruz qalacağı mümkün seysmik yüklər hesablanmalı və bu yüklərə uyğun konstruktiv həllər seçilməlidir. Bütün bu mərhələlər tikilinin funksional təyinatı - yaşayış evi, məktəb, xəstəxana və ya digər ictimai obyekt olması - nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda, layihədən tikintinin tamamlanmasına qədər bütün proseslər üzərində mühəndis və texniki nəzarətin təmin olunması həyati əhəmiyyət daşıyır. Normativlərə uyğun layihələndirilmiş və inşa edilmiş binalar zəlzələyə qarşı dayanıqlı olur, qaydalara məhəl qoyulmadan tikilən konstruksiyalar isə insan həyatını birbaşa təhlükə altına alır. Zəlzələyə davamlı tikintinin əsas məqsədi binaların zəlzələ zamanı idarəolunan zədələnmə mexanizmi ilə davranmasını təmin etmək, güclü seysmik təsirlər zamanı insanların həyatını qorumaqdır.
Ağrıdan ümidə: Qardaşlığın Kahramanmaraşdakı ünvanı
2025-ci il iyunun 19-da Kahramanmaraşda keçirilən açılış mərasimi sadəcə yeni bir yaşayış məkanının istifadəyə verilməsi ilə məhdudlaşmadı. Bu tədbir Azərbaycan ilə Türkiyə arasında formalaşmış münasibətlərin tarixi dərinliyini, qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlığını və çətin günlərdə sınaqdan çıxmış qardaşlığını bir daha nümayiş etdirdi. Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin açılışında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı iki dövlətin siyasi iradəsinin və ortaq məsuliyyət anlayışının aydın göstəricisi kimi qiymətləndirildi. Kahramanmaraşda istifadəyə verilən yeni yaşayış məhəlləsi təkcə fiziki məkan deyil, Azərbaycan–Türkiyə birliyinin maddiləşmiş simvolu kimi dəyərləndirildi. Layihənin dövlət başçılarının iştirakı ilə istifadəyə verilməsi bu təşəbbüsün sıradan tikinti layihəsi olmadığını, ağır sınaq anlarında göstərilən həmrəyliyin davamı olduğunu açıq şəkildə ortaya qoydu. Açılış mərasimi fəlakətdən sonra yalnız binaların deyil, eyni zamanda inamın və gələcəyə ümidin də yenidən qurulduğunu nümayiş etdirdi.
2023-cü ilin fevralında Türkiyəni silkələyən güclü zəlzələlər Azərbaycan cəmiyyətində sadəcə narahatlıq deyil, dərin bir mənəvi sarsıntı yaratdı. Bu faciə qonşu ölkədə baş verən hadisə kimi deyil, hər bir azərbaycanlının öz evində yaşadığı ağrısı kimi hiss olundu. İlk anlardan etibarən Azərbaycan dövləti və cəmiyyəti bütün imkanlarını səfərbər edərək xilasetmə dəstələrini, tibb işçilərini, mühəndisləri və könüllüləri zəlzələ bölgəsinə yönəltdi. Gecə-gündüz aparılan axtarış və yardım işləri nəticəsində insanlar dağıntılar altından çıxarıldı, zərərçəkənlərə tibbi və humanitar dəstək göstərildi. Bu həmrəylik yalnız fiziki yardım deyil, eyni zamanda ağır günlərdə qardaşlıq və mənəvi dayaq nümunəsi kimi tarixə düşdü. Ölkə prezdentlərinin çıxışlarında xüsusi olaraq vurğulandı ki, Azərbaycan –Türkiyə münasibətləri rəsmi sənədlər və siyasi razılaşmalar çərçivəsindən xeyli kənara çıxır. Bu əlaqələr ortaq tarixə, eyni mədəni köklərə və paylaşılmış dəyərlərə əsaslanır. Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi məhz bu mənəvi bağların real nəticəsini göstərir və hazırda Türkiyədə zəlzələdən sonra inşa edilən ən nümunəvi yaşayış layihələrindən biri hesab olunur. Yeni yaşayış massivi geniş ərazini əhatə etməklə müasir şəhərsalma prinsipləri əsasında planlaşdırılıb və formalaşdırılıb.Yaşayış binaları, yüzlərlə ailə üçün nəzərdə tutulmuş mənzillər, eləcə də sosial və məişət infrastrukturu vahid konseptual yanaşmanın nəticəsidir. Layihə yaşayış sahələrinin inşası ilə məhdudlaşmır; təhsil müəssisələri, sosial məkanlar və gündəlik tələbatı qarşılayan xidmət obyektləri bütöv şəhər mühitinin ayrılmaz tərkib hissəsi kimi yaradılıb.
Bu yanaşma sakinlər üçün təhlükəsiz və komfortlu həyat şəraitinin təmin olunmasına, eyni zamanda şəhərin sosial-iqtisadi dayanıqlığının gücləndirilməsinə xidmət edir. Ticarət və xidmət sektorlarının inkişafı minlərlə insan üçün yeni məşğulluq və gəlir imkanları yaradır, formalaşan iqtisadi fəallıq isə yüzlərlə ailənin gələcəyə olan ümidlərini möhkəmləndirir. Lakin bütün bu inkişafın mərkəzində bir əsas amil dayanır: şəhər məkanının əsas dəyəri insan həyatıdır. İnsan həyatının qorunması isə yalnız elmi əsaslara söykənən qərarlar və məsuliyyətli planlaşdırma ilə mümkündür. Təbiətin qanunlarını nəzərə almayan hər bir yanaşma gec-tez ağır nəticələr doğurur. 6 Fevral zəlzələləri bu reallığın acı təcrübəsidir.
Naxçıvan Dövlət Universiteti
Təbii Ehtiyatlar İnistitutu
Seysmoloji Xidmət Şöbəsinin müdiri
Vəlibəyov İlkin Mehman
Müğənni Günəş qatıldığı canlı efirdə ilk dəfə şəxsi faciəsində
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən
"Yaxın iki-üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm bi
"Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir əd
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturaların
Bakıda ana sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verməkdə təqsi
"Müasir bank sistemləri hər bir insanı yeni köləlik modelinə çevir
Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şərait
Xəbər verdiyimiz kimi, Tiktoker Vəlizar kimi tanınan Məmmədov Salman həbs
Taylandda erkən parlament seçkiləri ilə bağlı ölkə üzrə müvəqqəti a
Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov
Məktəb təkcə bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşd
SİMA yeni nəsil rəqəmsal imzanın "Elektron ipoteka və kredit zəmanə
Müğənni Elmir Qəhrəmanov sosial şəbəkə və efirdə səmimi anları ilə
"Yol kənarında satılan, xüsusilə də saatlarla açıq havada qalan qid
