Aİnin Ermənistandakı missiyası: yeni reallıqda köhnə geosiyasətin fantom ağrıları


Siyasət 16 Avq 2025 12:00:00 54 0

Aİnin Ermənistandakı missiyası: yeni reallıqda köhnə geosiyasətin fantom ağrıları

Avropa İttifaqının xarici siyasət üzrə rəsmilərinin - istər Anita Hipper olsun, istərsə də ondan əvvəlkilər - Ermənistandakı müşahidə missiyasının (EUMA) fəaliyyətini davam etdirməsinə dair bəyanatları ilk baxışdan standart bürokratik diplomatiya ritorikası kimi səslənir. Brüsselin lüğətinə daxil olmuş "sabitliyə töhfə", "etimadın möhkəmləndirilməsi" kimi quru ifadələr artıq rəsmi şablonlara çevrilib. Ustalıqla seçilmiş diplomatik sözlərin arxasında ciddi geosiyasi uyğunsuzluq dayanır ki, bu da missiyanı sülh alətindən çıxarıb, keçmişin relikti və real normallaşma yolunda ciddi əngələ çevirir. Halbuki bu gün Bakı və İrəvan sərhədlərin delimitasiyası və hərtərəfli sülh sazişi üzrə birbaşa danışıqlar aparır, belə bir reallıqda EUMA-nın saxlanılması artıq təkcə mənasız deyil - o, həm də təhlükəlidir.

Problemin dərinliyini başa düşmək üçün missiyanın siyasi anatomiyasına qayıdıb onun mənşəyini xatırlamaq lazımdır. Bu metamorfozanın xronikası çox məqamlardan xəbər verir.

2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk Avropa Siyasi Birliyi sammitinin kuluarlarında Azərbaycan, Ermənistan, Fransa və Avropa Şurası rəhbərləri qısamüddətli monitorinq missiyasının yerləşdirilməsi barədə razılıq əldə etdilər. Parametrlər aydın idi: 40 nəfərdən ibarət mülki heyət, mandat - cəmi iki ay. Ən mühüm detal isə budur: Bakı bu təşəbbüsə yalnız müvəqqəti etimad tədbiri kimi razılıq vermiş və formatı xoşməramlı addım kimi qəbul etmişdi.

Amma elə orada gələcək manipulyasiyaların ilk əlamətləri üzə çıxdı. Missiyanın fəaliyyəti 2022-ci il dekabrın 19-da başa çatdı. Amma cəmi bir ay sonra - 2023-cü il yanvarın 23-də Aİ Şurası erməni tərəfinin tələbi ilə yeni, uzunmüddətli müşahidə missiyası - EUMA-nın yaradılması barədə qərar verdi. İki illik mandatla. Bu qərar birtərəfli qaydada qəbul edildi - nə Azərbaycanla məsləhətləşildi, nə də razılıq alındı. Beləliklə, bütün tərəflərin razılaşdırdığı müvəqqəti mexanizm birtərəfli qaydada uzunmüddətli geosiyasi layihəyə çevrildi. Layihə isə yalnız İrəvanın və onun Qərbdəki havadarlarının maraqlarına xidmət edir. Əvvəlcə təxminən 100 nəfərlik heyəti olan missiyanın sayı bu gün artıq 209 nəfərə çatıb.

Burada EUMA-nın əsas qüsuru ilə qarşılaşırıq - onun legitimliyi. Beynəlxalq praktikada sülhməramlı və ya müşahidə missiyaları üçün aydın kriteriyalar mövcuddur. Onların ən ali forması - BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə yaradılan "mavi dəbilqəlilər"dir. Onlar universal beynəlxalq legitimlik daşıyır. EUMA isə belə bir mandatdan məhrumdur. Onun hüquqi əsası yalnız Brüssel ilə İrəvan arasında imzalanmış ikitərəfli razılaşmadır. Bu fakt avtomatik olaraq onu neytral vasitəçi statusundan məhrum edir və münaqişənin bir tərəfinin geosiyasi alətinə çevirir. Bakı dəfələrlə bəyan edib ki, missiya ilə bağlı heç bir razılaşma olmadığı üçün Azərbaycan bu qurum qarşısında heç bir öhdəlik daşımır.

Azərbaycan tərəfi bu təşəbbüsə başlanğıcdan dərin skeptisizmlə yanaşırdı və proqnozlaşdırırdı ki, bu missiya birbaşa danışıqları sabotaj etmək və Bakıya guya xarici təzyiq görüntüsü yaratmaq üçün istifadə olunacaq. Vaxt bu narahatlıqları tam təsdiqlədi. Missiyanın fəaliyyəti Bakıda dəqiq şəkildə "binokl diplomatiyası" adlandırıldı. Missiya patrulları yalnız Ermənistan tərəfinin mövqeləri boyunca hərəkət edir, Azərbaycan ərazilərini müşahidə edirlər. Bu isə mahiyyətcə birtərəfli monitorinqdir və obyektiv mənzərə yarada bilməz.

Daha da pisi - EUMA qısa zamanda siyasi turizm məkanına çevrildi. Ermənistana gələn Qərb diplomatları və rəsmi şəxslər - Almaniyanın xarici işlər naziri Annalena Berbokdan tutmuş onlarca ölkənin səfirlərinə qədər - EUMA qərargahına mütləq baş çəkir, binoklla Azərbaycan tərəfinə baxan fotolar çəkdirir, bu fotolar isə mediada yayımlanaraq guya etimad quruculuğuna xidmət edən "fəaliyyət" kimi təqdim olunur. Halbuki etimad qarşılıqlı prosesdir və onu nə idxal etmək, nə də kənardan tətbiq etmək mümkündür.

Ən inandırıcı arqumenti EUMA-nın əleyhinə çevrilən amil - sülh prosesinin öz dinamikasıdır. Missiya, onu lobbi edənlərin düşüncəsinə görə, guya eskalasiyaların qarşısını almağa xidmət etməli idi. Amma reallıqda sülhə aparan addımlar tamamilə fərqli formatlarda atılır. 1991-ci il Almatı Bəyannaməsi əsasında tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması ilə bağlı irəliləyiş məhz liderlərin birbaşa təması nəticəsində əldə olundu. 2024-cü ilin yazında Qazax rayonunun dörd qeyri-anklav kəndinin Azərbaycana qaytarılması və sərhədin delimitasiyası üzrə prosesin başlaması isə Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin rəhbərlik etdiyi ikitərəfli komissiyaların işi nəticəsində mümkün oldu. Bu real addımlar - EUMA patrullarından fərqli olaraq - gərginliyi azaltdı və davamlı sülh üçün əsas yaratdı.

Belə bir fon qarşısında missiyanın saxlanılması regionu artıq iflasa uğramış köhnə xarici arbitraj paradiqmasında saxlama cəhdi kimi görünür.

Beləliklə, EUMA bu gün geosiyasi baxımdan bir rudimentdir. O, bir situasiyada planlaşdırılıb, tam fərqli bir geosiyasi mənzərədə mövcudluğunu davam etdirir. Sülhə xidmət etmək əvəzinə, EUMA şübhə və inamsızlıq atmosferini konservləşdirir, Bakını daimi qıcıqlandıran amilə çevrilir və regional təhlükəsizlik məsələlərində birtərəfli yanaşmanı legitimləşdirir. Halbuki Cənubi Qafqazda əsl və davamlı sülh yalnız Azərbaycan və Ermənistan arasında birbaşa dialoq, qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət əsasında mümkündür. Hər iki tərəfin razılığı olmadan yaradılan istənilən xarici formatlar - sülhməramlılıq imitasiyasından başqa bir şey deyil, onların arxasında isə xalqların maraqlarından uzaq, gizli geosiyasi gündəmlər dayanır.

Beynəlxalq münasibətlərin soyuq və sərt məntiqində, eləcə də təbiət elmlərinin əsas prinsiplərində bir dəyişməz qanun var: səbəb aradan qalxarsa, nəticə də qaçılmaz olaraq yox olar. Sonsuz sayda münaqişənin tarixi və onların həll yolları ilə sübuta yetirilmiş bu qanun bu gün Avropa İttifaqının Ermənistandakı missiyası (EUMA) ilə bağlı problemi bütün aydınlığı ilə ifşa edir. Onun mövcudluğuna qarşı ən güclü arqument siyasi bəyanatlardan deyil, Ermənistan və Azərbaycan arasında gedən sülh prosesinin öz dinamikasından qaynaqlanır - elə bir dinamika ki, bu missiyanın yaradıldığı geosiyasi mənzərəni artıq kökündən dəyişib. Tarixi paralellər burada təkcə yerində deyil - həm də dərs olmalıdır.

... 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu onilliklər ərzində beynəlxalq diplomatiyanın nəticəsiz struktur inersiyasının simvoluna çevrilmişdi. Qrupun 28 illik fəaliyyəti ərzində gərginliyin qarşısını almağa qadir olan bir dənə də olsun irəliləyiş əldə olunmadı. Onun aktuallığına sarsıdıcı zərbə 2020-ci ilin 44 günlük müharibəsi ilə vuruldu. Azərbaycan, rəsmi Xarici İşlər Nazirliyinin bəyanatlarında qeyd olunduğu və müstəqil müşahidəçilərin analizləri ilə təsdiqləndiyi kimi, həmin hərbi əməliyyatlar nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri faktiki olaraq yerinə yetirdi, yeddi rayon və Qarabağın əhəmiyyətli hissəsi üzərində suverenliyini bərpa etdi. Beləliklə, Minsk Qrupu vasitəçilik mövzusunu itirmiş oldu.

Son nöqtə isə 2023-cü il oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə müraciətində qoyuldu. Sənəddə tərəflər açıq şəkildə "Minsk Qrupunun və onun həmsədrliyinin institutunun ləğvinin zəruriliyini" bəyan etdilər. Keçmiş formadakı münaqişə bitmişdi - müharibənin qarşısını ala bilməyən vasitəçi tarixin arxivinə çevrildi.

... 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 3-cü bəndinə əsasən (Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb), Rusiya Sülhməramlı Kontingenti (RSK) konkret və müvəqqəti mandatla bölgəyə yerləşdirildi: atəşkəsə nəzarət və təhlükəsizliyin təmin olunması, o cümlədən təmas xətti və Laçın dəhlizi boyunca müşahidə. Qarabağın statusunun qeyri-müəyyən olduğu bir vaxtda bu tədbir zəruri sayılırdı.

Lakin vəziyyət 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra kökündən dəyişdi. Qarabağda qalan separatçı silahlı dəstələr tam təslim oldu, ölkənin konstitusion quruluşu və suverenliyi bütün beynəlxalq səviyyədə tanınmış ərazilərdə tam bərpa edildi. Bu, həm Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatlarında, həm də sonrakı rəsmi addımlarda əks olundu. Sülhməramlı missiyanın əsaslandırıldığı vəziyyət - nəzarətsiz ərazi və həll olunmamış münaqişə - artıq yox idi.

Nəticə olaraq, Rusiya Sülhməramlı Kontingenti vaxtından əvvəl, 2023-cü il dekabrın 15-dək bölgəni tam tərk etdi. Beləliklə, konkret şəraitə bağlı olan bu missiya həmin şəraitin aradan qalxması ilə başa çatdı.

Eyni dəyişməz səbəb-nəticə məntiqi ilə, Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) statusu da ciddi sual altına düşür. EUMA 2023-cü ilin yanvarında iki illik mandatla (Aİ Şurasının CFSP 2023/210 saylı qərarı, 23 yanvar 2023) bölgədə yerləşdirildi. Missiyanın məqsədi aydın ifadə olunmuşdu: "Ermənistan-Azərbaycan sərhədində deeskalasiyaya töhfə vermək", "etimadın möhkəmləndirilməsinə yardım etmək" və "sərhədin delimitasiyasını dəstəkləmək". Onun yaradılması 2021-2022-ci illərdə yaşanan sərhəd insidentlərinə reaksiya idi - qarşılıqlı tanınmış sərhədlərin olmaması və təmas xəttində daimi gərginlik fonunda.

Lakin əsas dönüş nöqtəsi 2024-cü ilin may-iyun aylarında baş verdi. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən yüksək səviyyəli görüşlər, xüsusilə 10 may 2024-cü il Almatı danışıqları və ondan sonrakı təmaslar nəticəsində tərəflər prinsipial razılığa gəldilər: bir-birinin ərazi bütövlüyü və suverenliyini 1991-ci il sərhədləri çərçivəsində qarşılıqlı tanımaq. Bundan əlavə, tərəflər praktiki delimitasiya və demarkasiya işlərinə başlamaq barədə razılığa gəldilər. Bu irəliləyiş, həm ortaq bəyanatlarda, həm də komissiyaların fəaliyyətə başlamasında öz təsdiqini tapdı və bütövlükdə missiyanın mövcudluq kontekstini kökündən dəyişdi.

Vəziyyət haqlı və sərt bir sualı gündəmə gətirir: əgər EUMA-nın yaradılmasına səbəb olan konflikt vəziyyəti (tanınmamış sərhədlər, eskalasiya riski, qarşılıqlı etimadsızlıq) öz yerini sülh və razılaşdırılmış delimitasiyaya veribsə, o zaman bu missiyanın bu günkü faktiki funksiyası nədir?

EUMA-nın saxlanması artıq keçmişin relikti kimi görünür - süni şəkildə yeni reallığa montaj olunmuş bir struktur.

Belə olan halda, EUMA-nın mövcudluğunun əsl məqsədi qaçılmaz olaraq geosiyasi müstəviyə keçir...

Avropa İttifaqı üçün EUMA missiyası strateji baxımdan qiymətli aktiv hesab olunur. Bu, Cənubi Qafqazın əsas bölgəsində - Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən "Orta Dəhliz" layihəsinin kəsişmə nöqtəsində - birbaşa mövcudluğu təmin edən "ayaq izidir". Missiya Aİ-yə birbaşa monitorinq aləti, kəşfiyyat xarakterli (hərçənd mülki mahiyyətli) məlumatların toplanması, siyasi təsir imkanları və regionda öz rolunu mühüm oyunçu kimi proyeksiya etmək vasitəsi təqdim edir.

Aİ bəyan edir ki, sən demə, missiyanın mövcudluğu "sabitləşdirmə və etimadın qurulması" məqsədini güdür. Fəqət məzkur bəyanat artıq sülh şəraitində yenidən nəzərdən keçirilməlidir. 2024-cü il fevralın 22-də qəbul olunmuş CFSP 2024/509 saylı Aİ Şurası Qərarına əsasən missiyanın heyətinin 209 nəfərə çatdırılması və əməliyyat büdcəsinin artırılması fonunda bu genişlənmə ilkin mandatı aşan, daha uzunmüddətli geosiyasi ambisiyalardan xəbər verir.

Rəsmi İrəvan üçün EUMA tədricən siyasi simvola çevrilib. Ermənistan hakimiyyəti bu missiyanı ölkə daxilində "təhlükəsizlik zəmanətlərinin" xarici nümayişi kimi təqdim edir (baxmayaraq ki, missiyanın mandatında heç bir müdafiə funksiyası yoxdur), həmçinin "beynəlxalq dəstəyin" təzahürü və daxili auditoriyanı sakitləşdirmək üçün arqument kimi istifadə edir. Bundan əlavə, bu missiya Eçmiədzinə müxtəlif geosiyasi mərkəzlər arasında balans yaratmaq vasitəsi kimi də xidmət edir.

Amma belə yanaşma Ermənistanın Azərbaycanla hazırladığı hərtərəfli sülh sazişi çərçivəsində üzərinə götürməyə hazırlaşdığı fundamental öhdəliklərlə ziddiyyət təşkil edir. Danışıqlara yaxın diplomatik mənbələrin məlumatına və Azərbaycan tərəfinin, rəsmi Bakının çoxsaylı açıqlamalarına əsaslanan təhlillərə görə, paraflanmış sülh sazişində aşağıdakı prinsip təsbit olunub: tərəflər qarşılıqlı şəkildə üçüncü ölkələrin hərbi qüvvələrinin ərazisində yerləşdirilməsinə yol verməməli, sərhədlərin təhlükəsizliyini isə ya birgə, ya da milli sərhəd xidmətləri vasitəsilə təmin etməlidirlər.

Bu kontekstdə, xüsusilə delimitasiya prosesinin başladığı bir şəraitdə, Aİ-nin mülki xarakter daşıyan, lakin xarici nəzarət mexanizmi olan EUMA-nın sərhəd zonasında saxlanılması bu razılaşmaların ruhu ilə açıq ziddiyyət təşkil edir və hətta onun mətninə də təhdid yarada bilər. Belə bir vəziyyət qarşılıqlı etimadı sarsıdır və perspektivdə imzalanacaq tarixi sənədin hüquqi-siyasi dəyərini zəiflədir.

2020-ci ildən sonra Cənubi Qafqazda sülhün bərpası prosesi bir mühüm qanunauyğunluğu açıq şəkildə nümayiş etdirdi: münaqişəyə nəzarət məqsədilə yaradılmış institutlar, həmin münaqişə aktuallığını itirdikcə, səhnəni tərk edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ATƏT-in Minsk Qrupu tarixə qovuşdu. Bakı Qarabağda suverenliyini tam bərpa edən kimi Rusiya sülhməramlıları bölgəni tərk etdilər.

EUMA-nın mövcudluğu isə əvvəlcə tanınmamış sərhədlər və insidentlərin yüksək riski ilə izah olunurdu. Di gəl, bu gün həmin sərhədlər qarşılıqlı tanınıb və onların hüquqi rəsmiləşdirilməsi prosesi artıq başlayıb. Beləliklə, EUMA-nın mövcudluğunun ilkin əsasları aradan qalxıb və missiyanın "raison d'être" ("mövcudluq mənası") artıq yoxdur. Yeni reallığa zidd olaraq bu qurumun saxlanılması onu sülh alətindən çıxarıb geosiyasi rəqabət instrumentinə çevirir, Bakı üçün əsassız qıcıq mənbəyinə çevrilir və Ermənistanla Azərbaycan arasında davamlı və yekun razılaşmanın əldə olunmasına əngəl törətmək riski yaradır.

Səbəblə nəticə arasındakı dəmir məntiq ardıcıllıq tələb edir: əgər sülh prosesi irəliləyibsə, o zaman münaqişə şəraitinə uyğun yaradılmış missiya ya həmin irəliləyişə uyğunlaşmalı, ya da öz fəaliyyətini dayandırmalıdır. Bu ardıcıllığı görməzlikdən gəlmək EUMA-nı dəstək rəmzindən çıxarıb, gecikmiş xarici müdaxilənin simvoluna çevirə bilər.

Zəmin və zərurət olmadan missiyanın davam etməsi onu keçmişin qalığından gələcək etimadsızlığın toxumuna çevirə bilər. Bu baxımdan həm Eçmiədzin, həm də Brüssel düşünməlidir: onlara həqiqətən keçmişin simvolu lazımdırmı - özü də gələcək problemlərin katalizatoru rolunda?

Azərbaycanla Ermənistan arasında gerçək sülh - şübhəli xarici dayaq vasitələrinə deyil, - bir masa arxasında cəsarətlə və təkbətək qalmağa əsaslanmalıdır.

EUMA-nın vaxtı bitdi.

Elçin Alıoğlu Trend

Xəzər dənizində zəlzələ oldu like
  • 16 Avq 11:54  
Digərləri Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

arrow Ətraflı
37 yaşlı qadın Rusiya gözəli seçildi  FOTO like
  • 16 Avq 11:45  
Şou-biznes 37 yaşlı qadın Rusiya gözəli seçildi FOTO

37 yaşlı Magnitqorsk sakini Yekaterina Semenova 25-ci bütün Rusiya evli qad�

arrow Ətraflı
Azərbaycanda 15 yaşlı qız nişanlandı  Atası məsuliyyətə cəlb olundu like
  • 16 Avq 11:26  
Digərləri Azərbaycanda 15 yaşlı qız nişanlandı Atası məsuliyyətə cəlb olundu

Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qı

arrow Ətraflı
Bakıda məşhur yaşam kouçu plastik əməliyyatın qurbanı oldu like
  • 16 Avq 11:18  
Digərləri Bakıda məşhur yaşam kouçu plastik əməliyyatın qurbanı oldu

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən pi

arrow Ətraflı
Əri ilə Putinə məktub göndərdi like
  • 16 Avq 11:11  
Dünya Əri ilə Putinə məktub göndərdi

ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə gö

arrow Ətraflı
“Qafqazinfo”nun 15 yaşı tamam olur like
  • 16 Avq 11:01  
Digərləri “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün "Qafqazinfo" xəbər portalının yaranmasının növbəti ild

arrow Ətraflı
Putinin təyyarəsini F22 qırıcıları müşayiət etdi  VİDEO like
  • 16 Avq 11:00  
Dünya Putinin təyyarəsini F22 qırıcıları müşayiət etdi VİDEO

ABŞ F-22 döyüş təyyarələri Putinin təyyarəsini müşayiət edib.

arrow Ətraflı
Şabranda 17 yaşlı qız itkin düşdü like
  • 16 Avq 10:51  
Digərləri Şabranda 17 yaşlı qız itkin düşdü

Şabran rayonu ərazisində yaşayan 17 yaşlı Aytən Ömərova 2025-ci il iyun

arrow Ətraflı
Çiyələk almağa gedən 28 yaşlı gənc qəflətən vəfat edib like
  • 16 Avq 10:34  
Digərləri Çiyələk almağa gedən 28 yaşlı gənc qəflətən vəfat edib

Çiyələk almaq üçün sahəyə gedən şəxs qəfildən vəfat edib.

arrow Ətraflı
Tramp: Rusiyaya qarşı yeni sanksiyalara ehtiyac görmürəm like
  • 16 Avq 10:17  
Dünya Tramp: Rusiyaya qarşı yeni sanksiyalara ehtiyac görmürəm

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın zamanda Rusiyaya qarşı əlav�

arrow Ətraflı
Bu dəfə 16 yaşlı oğlan dənizdə batdı like
  • 16 Avq 10:02  
Digərləri Bu dəfə 16 yaşlı oğlan dənizdə batdı

Azərbaycanda daha bir nəfər dənizdə boğulub.

arrow Ətraflı
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb like
  • 16 Avq 10:01  
Siyasət Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus

arrow Ətraflı
Yay fəslinin sonu bu 3 bürc üçün uğur gətirir like
  • 16 Avq 09:55  
Digərləri Yay fəslinin sonu bu 3 bürc üçün uğur gətirir

Yay mövsümünün sonu üç bürc üçün uzun zamandır gözlənilən bir raha

arrow Ətraflı