İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər


Siyasət 24 İyn 2025 12:31:00 76 0

İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər

Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyanın Ermənistan siyasi həyatına qatılması ötəri jest yox, düşünülmüş siyasi kombinasiyadır. Bu, nə hansısa xeyirxah niyyətin nəticəsidir, nə də təsadüfi gəlişdir. O, İrəvana sadəcə görünmək üçün yox, hesablanmış bir planın tərkib hissəsi kimi gəldi. Onun qısa müddət sonra saxlanılması isə görünən odu ki, planlaşdırılmış, müəyyən dairələrin - köhnə rejimin adamları, maliyyə-dini klanlar və xarici qüvvələrin - Ermənistanın gələcəyində öz yerini qaytarmaq cəhdinin bir hissəsidir.

Söhbət vətənpərvərlikdən və ya itirilmiş torpaqlara görə yanan qəlbdən getmir. Söhbət illərlə susmuş bir milyarderin qəfildən "narahat olması"ndan yox, dərin xalq etimadsızlığını, siyasi parçalanmanı və nüfuzdan düşmüş kilsəni fürsətə çevirərək oyuna qoşulmasından gedir.

Karapetyan bu prosesə xilaskar kimi yox, alət kimi qayıdır - ağır, soyuq və təhlükəli alət. Bu, bir zamanlar ölkəni uçuruma aparmış oliqarxik sistemin reinkarnasiyasıdır. Əgər bu gün həmin fiqur yenidən "alternativ" kimi təqdim olunursa, bu, Ermənistan siyasətinin nə qədər iflic vəziyyətə düşdüyünün bariz göstəricisidir: səhnədə yenidən milyardları olan, amma dövlətçilik, məsuliyyət və gələcək haqqında zərrə qədər anlayışı olmayan kuklalar peyda olur.

2025-ci ilin iyununda Ermənistanda siyasi gərginlik yeni mərhələyə qədəm qoydu. Bu mərhələdə Ermənistan Apostol Kilsəsi (EAK) təkcə milli kimlik məsələlərinə münasibət bildirən qurum kimi çıxış etmir, artıq müxalif siyasi oyunçular sırasına qoşulub. Hakimiyyətlə ruhani təbəqə arasında gedən çəkişmələr simvolik xarakterini itirib və indi bu proses daha çox strukturlaşmış siyasi təzyiqin əlamətlərini daşıyır. Bu təzyiqin əsas silahı isə kilsənin dini nüfuzunun siyasi məqsədlərlə istifadə olunmasıdır.

Əsas dönüm nöqtəsi mayın 19-da yaşandı. Katolikos II Qaregin Etçmiədzində çıxış edərək belə dedi: "Mənəvi istiqamətini itirən dövlət gec-tez ərazi bütövlüyünü də itirir." Bu ifadə, Bakı ilə aparılan danışıqlarda Ermənistanın verdiyi güzəştlərə və Qarabağdakı mövqelərin itirilməsinə açıq eyham idi. Beləliklə, ilk dəfə olaraq kilsə birbaşa mövcud siyasi rəhbərliyi "millətin missiyasını" itirməkdə günahlandırdı.

Cəmi üç gün sonra, 22 mayda Armavirdə minlərlə adamın iştirak etdiyi dualı mitinq keçirildi. Tədbir, "Veto" hərəkatı və keçmiş "artsax ordusu" veteranlarının dəstəyi ilə təşkil olunmuşdu. Ermənistan "Transparency International" ofisinin məlumatına görə, aksiyanın təşkilatçıları sırasında Robert Köçəryanla bağlı fondlardan maliyyələşən strukturlar da var idi.

Maraqlıdır ki, parlament müxalifətinin seçicini ətrafında toplamaq qabiliyyəti tamamilə sıradan çıxıb: "International Republican Institute"un 2025-ci ilin iyun ayında apardığı sorğunun nəticələrinə görə, sabiq prezident Robert Köçəryanın başçılıq etdiyi "Ermənistan" alyansının reytinqi cəmi 11 faizdir. Belə vəziyyətdə EAK demək olar ki, kütləvi ictimai gündəmi formalaşdırmaq gücündə olan yeganə quruma çevrilib. Bu xüsusilə sağ populist partiyaların zəiflədiyi bir dönəmdə nəzərə çarpır. "PolitMetrica" analitik mərkəzinin hesabatına görə, 2025-ci ilin yanvar-may ayları ərzində "Ayrənik" və "Milli gündəm" partiyalarının ictimai fəallığı 39 faiz azalıb.

"Gallup Armenia"nın dərc etdiyi sorğuya əsasən, respondentlərin 43 faizi EAK-nı "erməni kimliyini qoruyan yeganə institut" kimi görür. Bu isə kilsəyə siyasi səlahiyyətləri olmasa da, cəmiyyətə mənəvi arbitr kimi təsir etmək imkanı verir.

Bu kontekstdə kilsə artıq təkcə dini mərasimləri idarə edən bir qurum deyil, hökumətlə qarşıdurmaya girən və kütləni səfərbər etməyə çalışan siyasi subyektə çevrilib. Onun fəaliyyəti dini etiqadın sərhədlərini çoxdan aşaraq, dövlətçiliyin və hüquqi legitimliyin əsaslarına təsir edən faktora dönüb.

Əslində, Ermənistan Apostol Kilsəsinin son aylardakı fəaliyyəti təsadüfi deyil. Onun ritorikasında millətçilik, qisasçılıq və ərazi itkilərinin günahını Paşinyan hakimiyyətinə yükləmək motivləri daha açıq görünür. Kilsənin simasında cəmiyyətə "millətin itirilmiş ruhunu qaytarmaq" iddiası ilə çıxış edən, lakin əslində siyasi cəbhəni zəiflətmək üçün istifadə olunan bir platforma var.

Bu, çox təhlükəli tendensiyadır. Əgər kilsə ideoloji cəbhədə real müxalifətə çevrilirsə, bu o deməkdir ki, Ermənistanın siyasi sistemi sarsılmışdır və boşluğu müqəddəslik iddiası ilə danışan dini strukturlar doldurur. Kilsənin monolit nüfuzu fonunda bunun nəticələri proqnozlaşdırılmazdır: daxildə parçalanma, siyasi manipulyasiyaların legitimləşməsi və nəticədə dövlət institutlarının daha da zəifləməsi.

Beləliklə, Samvel Karapetyanın qayıdışı və kilsənin aktivləşməsi - biri siyasi oliqarxiyanın, digəri isə ideoloji təsirin qolu olmaqla - eyni məqsədə xidmət edir: Ermənistanın zəifləyən hakimiyyət boşluğunda köhnə rejimin elementlərini yenidən dirçəltmək və bu zəifliyi alver predmetinə çevirmək.

Amma bu prosesin fonunda bir sual aktual olaraq qalır: Ermənistan bu ideoloji revanşizmi dayandırmaq gücündədir, yoxsa yenidən tanış labüdlüklərin burulğanına düşəcək? Hakimiyyətin bu situasiyada cavabı - kilsənin siyasi ritorikasına qarşı hüquqi və informasiya səviyyəsində nə dərəcədə səriştəli və soyuqqanlı reaksiya verəcəyindən asılıdır. Əks halda, ölkənin siyasi gündəmini artıq seçkilər yox, dua mərasimləri və mitinq formatında keçirilən "xütbələr" müəyyən edəcək.

Sonda belə görünür ki, Ermənistan nəinki sosial, iqtisadi, hərbi böhranla, həm də ideoloji manipulyasiyanın yeni mərhələsi ilə üz-üzədir. Bu manipulyasiya isə "iman" donu geyinmiş siyasi revanşizmin ən kəskin formasıdır. Və bu revanşizmin bayraqdarı təkcə Karapetyan deyil - onun arxasında həm maliyyə kapitalı, həm də dini nüfuzu siyasi alətə çevirən klanlar dayanır.

Son aylarda Ermənistan Apostol Kilsəsinin siyasi ritorikasında təkrar-təkrar səslənən əsas tezislər üç əsas ideoloji sütun ətrafında formalaşır:

1. "Qarabağın itirilməsi ermənilərin milli fəlakətidir". Bu ifadə artıq Vagharşapat və Gümrüdəki seminariyalarda, bazar günü xütbələrində sistematik şəkildə işlədilir. İyun ayı üzrə "Azad Avropa Radiosu"nun erməni xidməti tərəfindən aparılan monitorinq də bunu təsdiqləyir. Bu ritorika Qarabağ ətrafındakı məğlubiyyətin dini-mifoloji kontekstdə təqdim edilməsinə xidmət edir və xalqın emosional reaksiyasını alovlandırır.

2. "Türkiyədən, Azərbaycandan və Qərbdən ermənilərin suverenliyinə təhdid var". Burada əsas hədəf artıq "yadelli" deyil, həm də liberal dəyərləri, sekulyarizmi və Qərbin "protestant dünyagörüşünü" daşıyan yerli hökumət və onun tərəfdarlarıdır. 9 iyun 2025-ci ildə "Oragir"də yayımlanan çıxışında arxiyepiskop Yeğişe bu məsələyə xüsusi vurğu edərək, "protestant liberalizmin dəstəkləndiyini" birbaşa Qərbin təsiri kimi təqdim edib.

3. "Sivilizasiya mübarizəsi əslində dəyərlərin savaşıdır". 16 iyun 2025-ci ildə EAK Sinodu tərəfindən yayımlanan müraciətdə "proqressiv diktatura" ifadəsi işlədilib. Burada mübarizə artıq siyasət yox, sivilizasiya dəyərləri üzərində qurulur və nəticədə rəsmi hökumət "xarici dəyərlərin daşıyıcısı" kimi təqdim olunur.

Bu üç narrativ 1990-cı illərdə formalaşmış etnokonfessional dövlət mifologiyasının yenidən aktivləşdirilməsinə xidmət edir. Ermənistan cəmiyyətində artan narazılıq, Qarabağdakı uğursuzluq və qərbə artan asılılıq fonunda bu miflər yenidən dövriyyəyə buraxılır və cəmiyyətin radikallaşdırılması alətinə çevrilir.

Kilsənin siyasi aktivliyindən əlavə, onun maliyyə fəaliyyəti də ciddi sual doğurur. Ermənistan Dövlət Gəlirləri Komitəsinin 2025-ci ilin birinci rübünə dair hesabatında bildirilir ki, EAK-ın balansında 230-dan çox daşınmaz əmlak var. Onlardan 47-si icarəyə verilir və bu icarə şərtlərinin yoxlanması mümkün deyil. Komitə əlavə edir ki, 18 obyekt üzrə kilsə vergi öhdəliklərini tam yerinə yetirmir. Bu faktlar kilsənin sadəcə dini yox, həm də kommersiya strukturu kimi fəaliyyət göstərdiyini və dövlət nəzarətindən yayınmağa çalışdığını göstərir.

May-iyun aylarında İrəvan və Vanadzorda keçirilən hökumət əleyhinə aksiyalar zamanı qruplaşmış zəvvarları daşıyan avtobusların sayı artdı. "Helsinki Citizens' Assembly Vanadzor Office"in məlumatına görə, bu nəqliyyat vasitələrinin əksəriyyəti ABŞ-dakı erməni diasporasının nəzdində fəaliyyət göstərən "Knights of Vartan" və "Armenian General Benevolent Union" kimi xeyriyyə fondları tərəfindən maliyyələşdirilir.

Eyni zamanda, EAK-ın Rusiyanın dini-mühafizəkar dairələri, eləcə də İran və Dəməşqdəki kilsə və hökumət nümayəndələri ilə təmasları intensivləşib. 2025-ci ilin mayında EAK nümayəndə heyəti arxiyepiskop Tovmasın rəhbərliyi ilə Dəməşqdə Antioxiya Pravoslav Kilsəsinin və Suriya hökumətinin təmsilçiləri ilə qapalı görüşlər keçirdi. Rəsmi mövzu "şərq xristianlarının müdafiəsi" olsa da, israilli analitik Moşe Lazarın "Middle East Report"da yazdığına görə, əsl məqsəd Qərb diplomatik mexanizmlərini dolanaraq alternativ təsir kanalları qurmaq idi.

İyun ayında isə EAK nümayəndələri Moskvada "Pravoslav Xalqlar Fondu"nun təşkil etdiyi tədbirdə iştirak etdilər. Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan "sekulyar internasyonalın kuklası" kimi ittiham edildi.

İyunun 17-də "CivilNet"-ə verdiyi müsahibədə Nikol Paşinyan bu prosesi şərh edərək dedi: "Kilsə siyasi partiya ola bilməz. Bu, Konstitusiyanın pozulması və teokratiyaya aparan təhlükəli yoldur." Amma problem ondadır ki, Ermənistanın hüquqi sistemi kilsəyə özəl status tanıyır. Konstitusiyanın 8.1-ci maddəsinə əsasən, EAK "milli kilsə kimi istisna missiya yerinə yetirir". Bu isə onun dini çərçivədən kənara çıxmasına hüquqi zəmin yaradır.

Nəticə etibarilə, zəifləyən siyasi müxalifət real təsir imkanlarını itirdiyi üçün müqəddəs strukturlara üz tutur. Kilsə isə bu vəziyyətdən istifadə edərək, xalqın tarixi inamına söykənib siyasi proseslərə yön verməyə çalışır. Onun ritorikası artıq ictimai debat yox, ideoloji şantaj vasitəsinə çevrilib.

Bu şərtlər daxilində kilsə, "dövlətçiliyə təhdid" və "mənəvi tənəzzül" obrazları ilə çıxış etsə də, əslində revanşist, lakin realist proqram təklif etməyən qüvvələrin maraqlarını qoruyur. Uzunmüddətli perspektivdə bu, Ermənistanın dünyəvi quruluşuna deyil, həm də EAK-ın özünün mənəvi nüfuzuna ciddi zərbə vuracaq.

Bu fonun aradan qaldırılması üçün Ermənistanın dövlət-kilsə münasibətlərində institusional islahatlara ehtiyacı var. Əgər ölkə postqarabağ böhranını ideoloji revanşizmin pərdəsi altında deyil, hüquqi və siyasi islahatlarla aşmaq istəyirsə, dini missiya ilə siyasi funksiyanın sərhədləri aydın şəkildə müəyyən edilməlidir.

2025-ci ilin may-iyun aylarında Samvel Karapetyanın adı getdikcə daha çox hallanmağa başlayıb. Və bu təkcə onun İrəvana dönüşü ilə bağlı deyil. Söhbət ondan gedir ki, 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistan müxalifətinin strukturunu yenidən formalaşdırmaq cəhdləri fonunda Karapetyan əsas fiqurlardan biri kimi səhnəyə çıxarılır.

Ruben Vardanyanın siyasi fiaskosundan sonra (xüsusən 2023-cü ilin sentyabrında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə yekunlaşan avantürası) erməni diasporasının "qaytarılmış milyarderlər" xətti üzrə növbəti figuru kimi məhz Karapetyan irəli sürülür. "Tashir" holdinqinin sahibi olan milyarder energetika, tikinti, logistika və media sahələrində iri aktivlərə malikdir. Fəqət onun maliyyə gücü siyasi baxımdan real və davamlı təsir üçün yetərli deyil. Daha dəqiq desək - siyasi sahədə Karapetyan bir sıra fundamental məhdudiyyətlərlə qarşı-qarşıyadır.

Əvvəla, onun siyasi platforması yoxdur. O, uzun illərdir ki, ictimai proseslərdən uzaq olub və yalnız 2024-cü ildən sonra "milli alçaldılma", "suverenliyin bərpası" kimi şüarlarla gündəmə gəlib. Hətta bu şüarlar belə, öncədən düşünülmüş proqram yox, daha çox ictimai emosiyanı manipulyasiya etmək üçün seçilmiş ritorikadır. May və iyun aylarında verdiyi müsahibələrdə Karapetyan ardıcıl şəkildə populist mövzulara toxunur, amma real idarəetmə mexanizmləri və ya siyasi plan təqdim etmir.

Üstəlik, onun son fəallaşması fonunda Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarqsyanın və keçmiş Respublikaçılar Partiyasının funksionerləri ilə əlaqələri dəfələrlə qeyd olunub. "Hetq Investigative Journalists Network" may ayında yayımlanan araşdırmada göstərilir ki, Karapetyan bu dairələrlə və eyni zamanda Ermənistan Apostol Kilsəsinin bəzi nümayəndələri ilə təmasdadır. Bu isə onun sadəcə diaspor milyarderi yox, həm də revanşist oliqarxiyanın yeni siması kimi meydana çıxarıldığını göstərir.

Yəni bu, təkcə Karapetyanın şəxsi təşəbbüsü deyil - bu, strukturlaşdırılmış planın tərkib hissəsidir. Plan isə sadədir: zəifləmiş müxalifət fonunda keçmiş hakim elita özünün yeni "üzünü" təqdim edir, kilsənin mənəvi resursu və diaspor fondlarının maliyyə dəstəyi ilə seçkilər ərəfəsində ictimai diqqəti yenidən öz orbitinə cəlb etmək istəyir.

Lakin burada əsas sual dəyişməz qalır: əgər Karapetyan həqiqətən də siyasi səhnədə qalmaq istəyirsə, onun strategiyası nədir? Təkcə "suverenliyin bərpası" və "qürurun qaytarılması" ilə ölkə idarə olunmur. Xalq artıq simvollardan və şüarlardan bezib. Ona aydın, realist, texniki və çevik proqram lazımdır. Bu isə Karapetyanda hələlik görünmür.

Nəticə etibarilə, Karapetyan - köhnə rejimin yeni etiketli məhsuludur. Onun missiyası - sadəcə diqqəti yayındırmaq, revanşist dairələrə nəfəs vermək və seçkiyə qədər müxalif düşərgəni yenidən mobilizə etməkdir. Amma belə "qayıdışlar" Ermənistan cəmiyyətində nə etimad, nə də ümid doğurur. Əksinə, onlar keçmişin səhvlərinin təkrarlandığını göstərir - elə səhvlər ki, bu gün Ermənistanı postqarabağ boşluğunda buraxıb.

Belə bir şəraitdə əgər ölkə həqiqətən də dəyişiklik istəyirsə, o zaman ictimai nəbzə yox, strateji idarəetmə qabiliyyətinə, yeni simalara və siyasi məsuliyyətə ehtiyac var. Samvel Karapetyan isə bu meyarlara hələ ki, cavab vermir.

2025-ci ilin iyun ayında İrəvanda yerləşən "Policy Research Group" tərəfindən yayımlanan analitik hesabatda xüsusi vurğulanır: "Samvel Karapetyanın ritorikası, əsasən 2000-ci illərin əvvəllərindəki milli-ideoloji tezislərin təkrarıdır və onun Rusiya Federasiyasındakı real iqtisadi maraqları ilə ziddiyyət təşkil edir. O, Rusiyada tam şəkildə federal sistemə inteqrasiya olunub və mövcud hakimiyyətlə hər hansı qarşıdurmadan yayınmağa üstünlük verir. Bu isə Ermənistan seçicilərində ciddi etimadsızlıq doğurur - xüsusilə 2020-2023-cü illərin travmatik təcrübəsindən sonra".

Karapetyan ətrafında formalaşan qeyri-rəsmi koalisiyaya müxtəlif maraqlı qruplar daxildir. Onlar Eçmiədzinə yaxın olan və II Qareginin dairəsində təmsil olunan bəzi yüksək rütbəli ruhanilər; Respublikaçılar Partiyasının keçmiş funksionerləri - o cümlədən eks-deputat Viqen Sarkisyan və keçmiş Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan; habelə Rusiya, Fransa və Livandakı erməni diasporasına bağlı iri maliyyə qruplarının nümayəndələridir.

Bu birlik, zahirən geniş və "tərəfdaşlıq" görüntüsü versə də, faktiki olaraq qeyri-mərkəzləşdirilmiş, ideoloji baxımdan zəif və daxili konsensusdan uzaq bir formatdır.

"International Republican Institute - IRI Armenia" tərəfindən 18 iyundayayımlanan sorğu nəticələri göstərir ki, respondentlərin cəmi 11 faizi oliqarxların siyasətə dönüşünü müsbət qarşılayır. Kilsəyə isə bu sahədə etimad daha da aşağıdır - cəmi 8 faiz vətəndaş dini rəhbərliyin ölkənin idarə olunmasında iştirakını düzgün hesab edir. Üstəlik, 65 faizdən çox respondent "kilsə və iri kapital ittifaqını" islahatların mənbəyi kimi qəbul etmir.

Bu, əslində Karapetyan ətrafında qurulan modelin nə qədər zəif legitimliyə malik olduğunu açıq şəkildə göstərir. O, nə sosial sifarişə cavab verir, nə də real struktur təklif edir.

2025-ci ilin iyununda yayımlanan "Freedom House Armenia Report"da qeyd olunur ki, Karapetyanın rəhbərlik etdiyi blok bu günə qədər nə strukturlaşdırılmış siyasi proqram, nə də xarici siyasətə dair hansısa yol xəritəsi təqdim edib. Bu, sırf "Paşinyana qarşı olmaq" prinsipi üzərində qurulan kampaniyadır və müasir Ermənistan üçün bu, yetərli deyil.

Partiyalararası sistemin parçalandığı, ideoloji axınların solğunlaşdığı bir vaxtda, cəmiyyət konkret platformalar və sosial-mədəni alternativlər axtarır. Əgər bu təqdim olunmursa, simvollar və çağırışlar təsir gücünü itirir.

Karapetyan bloku ictimai rəydə yenidən "90-cı illərin kult imiclərini" canlandırmağa çalışır: Qarabağda "qələbə simvolikası", sərt güc, icra verticalı və s. Fəqət bu elementlər artıq Ermənistan cəmiyyətində birləşdirici deyil. Əksinə, bu nostalgiya daha çox bölücüdür. Kapitulyasiyanı (2020) və idarəetmə xaosunu (2023) yaşamış cəmiyyət bu gün simvollardan çox - konkret hüquqi təminatlar və institusional dayanıqlılıq tələb edir.

Ermənistan daxilində kilsə ilə biznes dairələrinin birləşdiyi revanşist blokların yaradılması Bakı tərəfindən potensial təhdid kimi qəbul edilir.

Biz bəzi erməni biznesmenlərinin, o cümlədən digər ölkələrin vətəndaşlarının milli qurtuluş adı altında cəmiyyətdə qarşıdurma yaratmaq və konfrantasiyanı diriltmək cəhdlərini qeydə alırıq. Hər hansı sərhəd təftiş cəhdləri rəsmi Bakı üçün qırmızı xətdir.

Bu, həm də onu göstərir ki, Karapetyanın çevrəsindəki qüvvələrin fəaliyyəti təkcə daxili deyil, regional təhlükəsizlik sisteminə də ziddir və bu baxımdan beynəlxalq müşahidəçilər və vasitəçilər üçün də ciddi siqnaldır.

Bugünkü Ermənistan müxalifəti təkcə parçalanmış deyil, eyni zamanda real alternativ təqdim etmək gücündən məhrumdur. Onun siyasi xətti "Paşinyan getsin" ritorikasından o yana keçmir. Bu kontekstdə istinad nöqtəsi kimi kilsə, oliqarxiya və köhnə elita seçilib - hansı ki, cəmiyyətin əksəriyyətində etimad doğurmur.

Nə Vardanyan, nə də Karapetyan siyasi baxımdan kifayət qədər nə əxlaqi legitimlik, nə idarəetmə qabiliyyəti, nə də institusional zəmin göstərə biliblər. Onlar, sadəcə, xarici dairələrin Ermənistan üzərində oynadığı növbəti epizodun personajlarıdırlar - və bu, əhalidə daha çox məyusluq, yox, ümid yaradır.

Kilsəyə söykənən, biznes dairələri tərəfindən maliyyələşdirilən və keçmişlə bağlı nostalgiya üzərində qurulan "milli dirçəliş" tezisləri əslində tərəqqi yox, dövr etmə strategiyasıdır. Bu, Ermənistanı irəli aparmaq yox, onu siyasi dalana qaytarmaq cəhdidir.

Əgər Ermənistan cəmiyyəti real siyasi keçid modelini - simvol və xarici resurslardan asılı olmayan, yerli və dayanıqlı institusiyalara əsaslanan bir modeli - formalaşdıra bilməsə, ölkə passiv gözlənti və frustrasiya arasında get-gəldə qalacaq. Bu isə, regionun başqa ölkələrində olduğu kimi, nə sabitlik gətirir, nə də inkişaf.

Bugünkü Ermənistan Karapetyanla Paşinyan arasında, kilsə ilə sekulyarizm arasında, Qərblə Şərq arasında seçim etmir. Ermənistan bu gün yetkinliklə yeniyetməlik, millət olmaqla müştəri olmaq, vətəndaşlıqla asılılıq arasında seçim edir.

Əgər bu seçim bir daha imitasiyanın xeyrinə edilərsə - Ermənistan sadəcə tarixdə deyil, öz tarixində də öz səsini itirəcək.

Elçin Alıoğlu Trend

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq like
  • 24 İyn 12:22  
Digərləri Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Azərbaycanda iyunun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənili

arrow Ətraflı
Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi  səhhəti anidən ağırlaşıb like
  • 24 İyn 12:20  
Şou-biznes Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi səhhəti anidən ağırlaşıb

Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın Bakıd

arrow Ətraflı
Şəhid xanımı ali məktəbdən məzun oldu like
  • 24 İyn 12:12  
Digərləri Şəhid xanımı ali məktəbdən məzun oldu

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsən

arrow Ətraflı
Azərbaycanda yeni informasiya sistemi yaradılacaq like
  • 24 İyn 12:04  
Digərləri Azərbaycanda yeni informasiya sistemi yaradılacaq

Səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokol və q

arrow Ətraflı
Alovlanan aypara: İrana endirilən zərbələrin strateji anatomiyası və qlobal nəticələri like
  • 24 İyn 11:56  
Siyasət Alovlanan aypara: İrana endirilən zərbələrin strateji anatomiyası və qlobal nəticələri

İyunun 13-nə keçən gecə İranın səması parlaq işıq selinə bürünənd

arrow Ətraflı
İstilik təchizatı sektorunda yeni qaydalar  Mexanizm dəyişir like
  • 24 İyn 11:47  
Digərləri İstilik təchizatı sektorunda yeni qaydalar Mexanizm dəyişir

İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı suby

arrow Ətraflı
İran ATƏŞKƏSİ POZDU  Yenidən İsraili vurdu like
  • 24 İyn 11:40  
Dünya İran ATƏŞKƏSİ POZDU Yenidən İsraili vurdu

İran yenidən İsrailə raket hücumu edib.

arrow Ətraflı
İsrail daha bir nüvə alimini öldürdü  Görün harada gizlənirmiş like
  • 24 İyn 11:33  
Dünya İsrail daha bir nüvə alimini öldürdü Görün harada gizlənirmiş

İranda nüvə sahəsində çalışan daha bir mütəxəssis qətlə yetirilib.

arrow Ətraflı
Yanaraq yerə çırpılan hava şarında turistlərin son anları like
  • 24 İyn 11:19  
Dünya Yanaraq yerə çırpılan hava şarında turistlərin son anları

Xəbər verdiyimiz kimi, Braziliyada 22 nəfərin olduğu hava şarı yanaraq ye

arrow Ətraflı
Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi həbs olundu like
  • 24 İyn 11:10  
Digərləri Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi həbs olundu

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü in

arrow Ətraflı
"300 min manat kredit borcum var" like
  • 24 İyn 11:00  
Şou-biznes "300 min manat kredit borcum var"

Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Prezident Mingəçevirdə Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  FOTO like
  • 24 İyn 10:56  
Siyasət Prezident Mingəçevirdə Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçev

arrow Ətraflı