Molla, sərHƏDDini


Siyasət 07 Dek 2022 13:37:00 122 0

Molla, sərHƏDDini

Qonşunun davranışı bərbad, özü naqis, əxlaqı çürük, düşüncəsi fəsadlıdırsa, yaşam asan deyil.

İllah da ki, qonşu yolunu kəsməyə çalışa və bunu da izah etməyə çalışanda əlindəki təsbehi oynadaraq, başını ləngər vurdurararaq sarsaq, hətta sərsəm bəhanələrdən bəhs edə.

Azərbaycanın şərqdəki Ermənistan və cənubunda da İran kimi iki yaramaz, ölkəmizlə xalqımıza düşmən kəsilmiş qonşusu var.

Ermənilərlə məsələ tam aydındır. 30 ildir ki, "azərbaycanlıları məhv etmək, Azərbaycanı viran qoymaq, bütün torpaqlarını işğal etmək gərəkdir" deyir.

Ermənidir - adı üstündə, niyyəti dilində, quldur xisləti də qəlbində.

Fəqət, cənubumuzda özünü "dövlət" adlandıran Tehran Respublikasının hakimiyyətlərinin siyasi əxlaqsızlığı və mənəviyyatsızlığı ilə müqayisədə Ermənistanın yürütdüyü dövlət siyasəti belə, geridə qalır.

Erməni niyyəti açıq deyirsə, Tehran Respublikasındakı ləyaqətlə şərəfi çoxdan itirmiş mollakratiya rejimi dildə "müsəlman birliyi, İslam birliyi, dostluq və qardaşqlıq"dan danışır, "Azərbaycan gözümüzün nuru, Azərbaycan vətəndaşları qardaşlarımız və bacılarımızdır, Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir" deyir - əməldə isə məhvimizə can atır.

Fars klerikal hakimiyyətinin və Tehran teokratiyasının mahiyyəti bəyanatlarla real əməllər arasındakı antoqonizm, niyyətlə açıqlamaların tam ziddiyyətidir.

Ermənistana onillərdən bəri siyasi, iqtisadi, geosiyasi, texniki və s. dəstək verən, ermənilərə "qardaş və dost ölkə" deyən Tehran respublikası ildə bir dəfə "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" deməklə zahirən işini bitmiş sayırdı.

Batin isə çirkindi.

1993-cü ildən bəri Tehrandakı mənəviyyat yoxsunu olan molla rejimi erməni işğalındakı ərazilərimizin talan və viran edilməsində aktiv iştirak etdi. Həmin ərazilərdəki binalar və tikililər dağıdıldı, hətta daşlar və kərpiclər belə daşındı. Bir hissəsi Ermənistana, yerdə qalanı cənuba, İrana.

Daha sonra erməni işğalındakı ərazilərimizdə İranın "İnqilab Keşikçiləri Korpusu"nun (SEPAH) bilavasitə nəzarəti və iştirakı ilə narkotik plantasiyaları salındı.

İşğalda olan ərazilərlə İran arasında sərhəd olmadığından Tehran respublikası olmayan sərhədi asanlıqla keçən şəxslərə dəstək oldu.

İşğalın davam etdiyi 30 il ərzində Ermənistanın mövcudluğunun əsas təminatçıları Rusiya ilə bahəm, İran idi. Məhz İranın sayəsində ermənilər təbii qaz, elektroenerji, ərzaq və yanacaq problemləri ilə üzləşmədilər.

Həmin illər ərzində Tehran respublikasındakı molla rejimi bir dəfə də olsun (!) "Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı bizim üçün qırmızı cizgidir" demədi.

Lakin 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistanın kapitulyasiyası, Azərbaycanın qələbəsi ilə başa çatandan sonra ayətullarlarla höccətülislamlar sanki "ayıldılar" və yaramaz mahiyyətli siyasətlərini pərdələməyə lüzum görmədilər.

"Ermənistanın sərhədləri və ümumiyyətlə, bölgədə sərhədlərin dəyişməzliyi bizim üçün qırmızı cizgidir" tipli bəyanatları sıralayan Tehran mollakratiyası ilk əvvəl cənub sərhədlərimiz boyunca genişmiqyaslı hərbi təlimlər keçirdi.

Daha sonra ayətullalardan və generallardan tutmuş, hansısa "ağa"nın həyətinə girmiş iti qovan birisi Azərbaycanı hədələməməyə, təhdidlər səsləndirməyə başladılar.

Molla rejiminin tragikomik şousu indi də səngiməyib.

Tehran respublikasının ali dini rəhbəri ayətulla Əli Xamneyinin total nəzarətindəki "İmdad Xomeyni" təşkilatının media strukturlarından olan və SEPAH tərəfindən maliyyələşdirilən "Bultan News" agentliyi dünən "Biləsuvar-Naxçıvan yolu İran tərəfindən kəsilə bilər" başlıqlı xəbər yayıb.

Azərbaycana qarşı kəskin antipatik mövqeyi ilə xüsusilə seçilən agentliyin "xəbər"ini olduğu kimi təqdim edirik: "Tehranın Bakı Respublikasından Naxçıvana yeganə nəqliyyat dəhlizi olan Biləsuvardan Naxçıvana gedən kommunikasiya yolunu bağlamaq qərarı ilə bağlı bəzi xəbərlər yayılıb. Bu yolun müəyyən problemləri var və indiki şəraitdə ondan istifadə etmək mümkün deyil. Digər tərəfdən, Əliyev mafiyası Türkiyə ilə əlbir olaraq talışların yaşadığı cənub bölgələrində hərbi təlimə başlayıb ki, bu da etnik baxımdan İrana açıq-aşkar mesaj sayılır. Biləsuvar rayonu da talış zonasıdır və İran sərhədi yaxınlığında NATO qüvvələrinin olması səbəbindən Naxçıvana gedən yolun təhlükəsizliyi risk altındadır".

Ermənipərəst İran nəşri Azərbaycan-Türkiyə "Qardaş yumruğu" birgə təlimindən təşvişə düşərək ölkəmizə və bütün türk dünyasına qarşı təhqiramiz ifadələr işlədib, hətta qərəzli şəkildə İranla sərhəddə keçirilən təlimi etnik məsələlərlə və NATO ilə əlaqələndirib. Təbii ki, bu da fars-molla rejiminin daxili narazılıqlarından fikri yayındırmaq məqsədi daşıyır.

Bunca bisavad, absurd və qərəzli "xəbər"i sadəcə, Tehrandakı molla rejiminin isteriyya qapılmış mirzələri hazırlayıb paylaşa bildiklərindən, məzkur zavallılara bir para məqamları aydınlatmaqda fayda var.

Başda ayətulla Əli Xamneyi və ayaqda Makuda, Ərdəbildə, Urmuda başında əmmamə, əynində əba veyillənən "Bəsic" ideoloqlarına və ələlxüsus da SEPAH-ın dimdikpapaqlı "sərtib"ləriylə "sərhəng"lərinin diqqətinə: Tehran respublikasından şimalda Azərbaycan Respublikası yerləşir.

"Vilayəti-vəqih"in marazmatik ideologiyasından tam süst düşmüş beyinlər, lütfən, işə salınsın və heç olmasa, əmmamənin altındakı qafadakı hipofiz, yaxud da hipotalamusun fəaliyyəti nəticəsində mütləq gerçək dərk olunsun.

Sürəkli olaraq cənubdan şimala nifrin və qarğış ünvanlayan, siyasəti debilizm səviyyəsinə tənəzzül etdirmiş şəxslərin idarə etdikləri "Bultan"ın rəhbərliyi isə lütfən, barı onurğa beyninin funksiyasının məziyyətlərindən faydalanaraq sonucda anlasın ki, gerçək mafiya elə Tehrandadır.

O mafiya ki, müqəddəs Əhli-Beyt, Quran, İslam adları ilə pərdələnərək bütün Yaxın Şərqin xərçəng yarasına, qonşu dövlətlərin daxili işlərinə əmmamələrini soxmağa çalışan kriminal oliqopoliyadır.

O mafiya ki, SEPAH vasitəsilə narkoplantasiyalar salır, narkoticarətlə məşğul olur və qonşu dövlətlərə narkotik maddələr satışını genişləndirməyə çalışaraq İslamda ən böyük günahlardan birini edir, haram əməllərlə məşğul olur.

Azərbaycanın Biləsuvar rayonundan Naxçıvan Muxtar Respublikasına gedən yolun bağlanması ilə bağlı "qərar"a gəldikdə isə, bu, Tehran respublikası ilə rəsmi Bakı arasındakı münasibətlərə çox ciddi zərbə vura bilər.

Mollakratiya dərk etməsə də, anlatmağa çalışaq: geosiyasi və iqtisadi suisidin daha rahat yolları var.

İranla normal əlaqələrdə, bu əlaqələrin inkişafında maraqlı olan Azərbaycana qarşı belə şizoidal qərarın qəbul edilməsi münasibətləri həddən ziyadə sərinləşdirə bilər.

Hətta o münasibətlər donma səviyyəsinə də çata bilər.

Azərbaycan-İran sərhədi boyunca uzanan Biləsuvar-Naxçıvan marşrutunun ümumi uzunluğu 393,2 kilometrdir. Bu yol Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrindən başlayaraq, Poldəşt-Şahtaxtıdan keçmək şərtilə Naxçıvan şəhərinədək uzanır.

Bu yolun mifik "NATO qüvvələri" səbəbindən qapadılması istəyi isə İslama, mənəviyyata və Tehran respublikasının Azərbaycanla bağlı "dostluq-qardaşlıq" bəyanatlarına zidd olmaqla bahəm, praqmatik siyasətə və rasional təfəkkürə də əks olan olaydır.

Kollektiv Qərbin ən sərt sanksiyalar tətbiq etdiyi və iqtisadiyyatı az qala günbəgün geriləyərək ağır hiperinflyasiya, resessiya və böhranda olan İran məntiqlə davranaraq Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.

Hallüsiogen röyalarındakı "sionist-NATO" xəyulələrinə əsir olmaqda davam edərsə, Tehran mollakratiyası gerçəkdən də, artıq müalicəsiz mərəzə tutulduğunu etiraf edəcək.

Belə mərəzdən yeganə qurtuluşsa ya cərrahi müdaxilə, ya da evtanaziyadır.

Seçim Tehran respublikasınındır.

Elçin Alıoğlu Son.az