Bəhreyndə ÜGTnin sessiyası


Digərləri 06 Dek 2022 08:59:00 136 0

Bəhreyndə ÜGTnin sessiyası

Bəhreynin Manama şəhərində dekabrın 5-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 87-ci sessiyası öz işinə başlayıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir: "Siyasi Komissiyanın 24 üzv dövlətlərinin nümayəndələrinin qatıldığı sessiyanın açılış mərasimində Bəhreyn Krallığının daxili işlər naziri Şeyx Rəşid bin Abdullah bin Əhməd Əl Xəlifə çıxış edib. Sessiya gündəliyinin qəbulundan sonra ÜGT Şurasının sədri Şeyx Əhməd bin Hamad Əl Xəlifənin məruzəsi dinlənilib, ÜGT Baş katibi Kunio Mikuriya Strateji planın tətbiqi üzrə tərəqqi hesabatını təqdim edib. Sessiyanın ilk günündə "ÜGT-nin 2022-2025-ci illər üzrə strateji planı və 2023-2024-cü illər üzrə icra planı", "Təşkilatın maliyyə perspektivləri", "Yaşıl gömrük", "Hibrid gömrük idarələrinə doğru inkişaf" və "ÜGT-nin məlumat strategiyası: məlumat və statistika üzrə işçi qrupun fəaliyyəti haqqında yenilənmiş məlumatlar" mövzusunda hesabatlar dinlənilib, müzakirələr aparılıb".

Sessiyada "Yaşıl gömrük" mövzusu ilə bağlı müzakirələrdə çıxış edən Ş.Bağırov ətraf mühitə ziyan vuran, dünyada ekoloji tarazlığın pozulmasına səbəb olan problemli sahələrdən birinin də minalanmış ərazilərin olduğunu bildirib, Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında yer aldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, 30 il ərzində işğal altındakı ərazilərimizdə minaların basdırılması regionda ekoloji vəziyyətə ciddi təhdid olmaqla yanaşı, dinc sakinlərin həlak olması və yaralanması kimi faciələrə də səbəb olub: "Azərbaycan ekoloji vəziyyəti bərpa etmək üçün işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı minatəmizləmə əməliyyatları həyata keçirilir. Amma bu cür əməliyyatlar regionda irəliləyiş baxımından ölkələr üçün böyük səylər və həqiqətən də əhəmiyyətli xərclər tələb edir. Xüsusən də minatəmizləmə əməliyyatlarında yüksək texnoloji avadanlıqlar tələb olunur".

Məhz bu zəruri məsələyə diqqət çəkən Ş.Bağırov bütün üzvləri ətraf mühitin qorunması üçün çox vacib olan bu problemə diqqət yetirməyə çağırıb.

Eyni zamanda, "Hibrid gömrük idarələrinə doğru inkişaf" mövzusunda da söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri ÜGT-nin katibliyinə bu istiqamətdə görülmüş işlərlə bağlı təşəkkürünü bildirib.