Rusların ukraynalı uşaqlarla alveri:


Dünya 25 Noy 2022 11:09:00 74 0

Rusların ukraynalı uşaqlarla alveri:

Ruslar ukraynalı uşaqları avqust ayında Balakliya şəhərindən çıxarıb və geri qaytarmayıblar.

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Nikolos Kristof ABŞ-ın "New York Times" qəzetindəki "Rusların ukraynalı uşaqlarla alveri" adlı məqaləsində yazıb.

Bildirilib ki, ruslar müxtəlif hədiyyələr, yay düşərgəsi və təhlükəsizlik təminatı adı ilə aldadaraq azyaşlıları yay düşərgəsinə aparıblar.

29 yaşlı Nadia Borysenkonun sözlərinə görə, onun 12 yaşlı qızı düşərgəyə aparılanlar arasındadır:

"Mənə söz verdilər ki, 2-3 həftədən sonra övladımı geri qaytaracaqlar. Amma belə olmadı. Qızım Daria və digər uşaqlar indi Rusiya sərhədindən kənardadırlar".

Ukrayna hökumətinin hesablamalarına görə, 11 461 uşaq Rusiyaya və ya Rusiyanın nəzarətində olan ərazilərə aparılıb. Ukrayna Prezidenti Volodimir Zelenski G-20 liderlərinin noyabrın 16-da keçirilən sammitində demişdi ki, 10 minlərlə uşaq haqqında məlumat azdır.

Nəşrin məlumatına görə, minlərlə uşağın Ukraynadan çıxarılması ölkədəki müharibənin tipik münaqişə olmadığını göstərir:

"Bunlar müharibə cinayətləri ola bilər. Rusiya ukraynalı uşaqların başqa yerlərə aparılmasını gizlətmir. Əksinə, televiziya proqramlarında ruslar uşaqların xilaskarı kimi göstərilir. Televiziya proqramlarında rusların ukraynalı oğlan və qızlara oyuncaq ayı verdikləri göstərilir".

"New York Times" qəzeti, həmçinin bildirib ki, Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belova ötən ay ukraynalı bir oğlan uşağı övladlığa götürmüşdü:

"O, bununla öyünürdü. Ümumiyyətlə, oğurlanmış uşaqların çoxu rus ailələrinə övladlığa verilib".

Bildirilib ki, Rusiya hakimiyyəti ukraynalı valideynlərin öz uşaqlarına qovuşmasına bir şərtlə icazə verirlər: bunun üçün valideynlər Rusiyaya getməlidirlər:

"Bu isə o deməkdir ki, valideynlər pasport və digər sənədləri əldə etmək üçün xeyli xərc çəkməlidirlər. Bəzi valideynlər bunu bacarırlar. Ancaq çoxunda bu imkan yoxdur".

Ukraynalı prokuror Dementiev Mykola uşaqların ölkə ərazisindən çıxarılmasını müharibə cinayəti kimi qiymətləndirib:

"Qarşı tərəf həmin körpələrin geri qayıtmasını çətinləşdirməklə cinayət törədir. Yay düşərgəsi cəlbedici idi. Çünki bu, uşaqları Rusiya atəşindən qorumağın yeganə yolu kimi görünürdü".

Rusiyaya aparılan uşaqların çoxu uşaq evləri, internat məktəbləri və xəstəxanalar kimi müəssisələrdən çıxarılıb:

"Bu gənclərin bəzilərinin valideynləri yox idi".

Olena Matvienko adlı bir rus qadınının sözlərinə görə, onun 10 yaşlı nəvəsi İlya Matvienko anası Natalya ilə birlikdə Mariopol şəhərində qəlpə yarası alıb:

"Natalya İlyanın gözü qarşısında ölüb. Rus əsgərləri isə uşağı yerli xəstəxanaya deyil, Rusiyanın dəstəklədiyi qondarma Donetsk Xalq Respublikasındakı xəstəxanaya aparıblar:

"İlyanın Rusiyada övladlığa götürülməsi üçün sənədlər hazırlanır".

Məqalədə bildirilib ki, uşaqlar müharibə qəniməti olmamalıdır:

"Hökumət minlərlə uşağı alver predmetinə çevirməməlidir. Ukraynadakı müharibənin mənəvi riskləri artır. Dariyanın anasının yanına getməsi vacibdir".

Son.az