Bakının mərkəzindəki Şahmat məktəbinin binası sökülür?


Digərləri 05 Okt 2022 13:08:00 87 0

Bakının mərkəzindəki Şahmat məktəbinin binası sökülür?

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu ərazisində Şahmat məktəbinin yerləşdiyi tarixi binanın sökülməsi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, artıq bina sakinlərinə və adıçəkilən məktəbə köçürülmə barədə xəbərdarlıq da edilib.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir.

"Həmin bina XVIII əsrə aid memarlıq abidəsidir. Bu binanın sökülməsi, əhalinin köçürülməsi barədə bizdə məlumat yoxdur", - deyə qeyd olunub.

Bakı şəhər İcra Hakimiyyətindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin binaya yaxın ərazidə yerləşən, Nəsimi rayonu, Mirzağa Əliyev 150 ünvanındakı binanın sökülməsi nəzərdə tutulub.