Səhərə qədər toylarda oxudu, övladını itirdi, nişanlısı onu aldatdı


Kriminal 02 Okt 2022 11:00:00 116 0

Səhərə qədər toylarda oxudu, övladını itirdi, nişanlısı onu aldatdı

Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Məleykə Əsədova haqqında maraqlı faktları təqdim edir.

Məleykə Əlifağa qızı Əsədova 23 aprel 1966-cı ildə Neftçala rayonunda anadan olub. Uşaqlıq illərindən musiqiyə marağı olduğundan balaca vaxtı rəfiqələrini başına yığar, onlar üçün səhnəciklər düzəldər, mahnılar oxuyarmış.

***

O, 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. İkinci kursda oxuyanda, atası 50 yaşında infarktdan dünyasını dəyişir. Həmin gündən sonra ailənin yükü Məleykənin və bacısının çiyinlərinə düşür. O, bacısı ilə birgə toylara getməyə, pul qazanıb ailəsini dolandırmağa başlayır. Bu barədə aktrisa müsahibələrinin birində deyir:

"Atalı-analı illərim həyatımın ən xoşbəxt illəridir. Universitet və gündəlik xərclərimi təmin etmək üçün toylara getməyə başladım. İlk evimi də toydan qazandığım pulla aldım. Əvvəl bir, sonra iki otaq... Hamısını əziyyətimlə əldə etmişəm. 17 yaşında şəhərdə tək-tənha idim. Ayaqda qalmağa çalışırdım. Özümə söz verdim ki, anamı gözü yaşlı qoymayacağam. O zamanlar anam da, bacım da işləyirdilər. Öz gücümlə təhsilimi başa vurdum. Yenə də hamıdan gözəl geyinib, yaxşı evdə kirayədə qalırdım. Amma heç kimin xəbəri yox idi ki, necə zəhmət və əziyyət çəkirəm. Hamı kinoteatra, gəzintilərə gedəndə, mən səhərə kimi Neftçalada ansamblla qız toyunda çıxış edirdim".

***

Aktrisa 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olur. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayır. Teatrda ilk tamaşası "Aydın" olur. Müəllimi Lütfi Məmmədbəyovun təklifi ilə Gənc Tamaşaçılar teatrına üz tutur, orada Həsən Əblucla rastlaşır. Həsən Əbluc ona "Aydın" tamaşasında Gültəkin rolunu həvalə edir. Bu tamaşa ona böyük uğur gətirir.

Elə həmin dövrlərdə Lütfi Məmmədbəyov Orxan Kamalın "Yad qızı" əsəri əsasında televiziya tamaşası hazırlayır. 21 yaşı olan Məleykə bu tamaşada Jalə obrazını canlandırır. Aktrisa həmin tamaşa haqqında deyir:

"Mənim onda 20-21 yaşım vardı. Amma "Yad qızı"nda olan Jalə obrazı 30 yaşında olan bir qız idi. Hər şeyə rəğmən, ona da çəkildim. Televiziya tamaşası idi. Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim "Aktyorlar evi"nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın. "Yad qızı" mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair və ilaxır".

***

Bir çox tamaşalarda Məleykəni izləyən Həsən Turabov 1993-cü ildə onu şəxsən "Azdrama"ya işə dəvət edir.

Elə həmin dövrlərdə Əlibala Hacızadənin "İtkin gəlin" tamaşası əsasında Lütfi Məmmədbəyov serial çəkir. Baş rol üçün bir çox aktrisalar sınaqdan keçsə də, Əlibala müəllim Məleykəni görən kimi deyir:

"Mənim aktrisam Məleykədir. O, Əfqanıstanda gördüyüm qıza bənzəyir".

***

Bu serial aktrisaya inanılmaz uğur gətirir. Serialdan sonra nə qədər valideyn öz övladlarına Jalə, Əfsanə, Gültəkin adını qoyurlar.