ASCO İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olundu


Digərləri 26 Sen 2022 15:32:00 107 0

ASCO İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olundu

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin edilib.

ASCO-dan bildirilib ki, Sərəncama əsasən, ASCO-nun Hüquq departamentinin rəisi Zaur Nağıyev və Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyevə sədr müavinləri vəzifəsi həvalə olunub.

Zaur Rəsul oğlu Nağıyev 10 noyabr 1982-ci ildə anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini "Hüquqşünaslıq" ixtisası üzə bakalavr, 2006-cı ildə magistr təhsilini Fərqlənmə diplomu ilə bitirib. 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi "Biznesin idarə edilməsi" ixtisası üzrə magistr dərəcəsi alıb. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetinin Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını bitirib.

2005-2008, 2009-2013 illərdə Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı təşkilatlarında (UNHCR, WFP və UNICEF) hüquq və idarəetmə sahəsində müxtəlif vəzifələrdə, o cümlədən xarici missiyalarda çalışıb.

2008-2009 və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və sonradan vitse-prezidentin müşaviri vəzifələrində işləyib. 2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.

Zaur Nağıyev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2018-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.