"Ermənistanın mina təhdidi beynəlxalq cinayətdir"


Siyasət 25 Sen 2022 14:42:00 89 0

"Ermənistanın mina təhdidi beynəlxalq cinayətdir"

Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsindən sonra əvvəllər işğal altında olmuş bütün ərazilərdə irimiqyaslı quruculuq işlərinə start vermişdir və ən qısa müddətdə möhtəşəm layihələri gerşəkləşdirməyə başlamışdır. Ancaq bu işlərin surətlə, ardıcıl və təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün ən ciddi təhdidlərdən biri bizim ərazilərimizdə ermənilər tərəfindən yüz minlərlə minaların yerləşdirilməsidir.

Müharibələr və müxtəlif silahlı münaqişələr bitdikdən sonra onların fəsadlarının və yaratdiqları təhlükələrin aradan qaldırılması ən mühüm vəzifələrdən biridir. Ancaq çox təəssüf ki, Ermənistan bu əhəmiyyətli məsələdə, hamişə olduğu kimi, məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranış sərgiləyir.

Nəzərə almaq lazımdır ki, minaların geniş miqyasda yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-cı ildə BMT çərçivəsində "Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında" Konvensiya (I, II və III saylı Protokollar daxil olmaqla) və 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində "Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında" Konvensiya qəbul olunmuşdur.

Birinci Konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minib və onun 125 iştirakçısı var, ikinci Konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib və hal-hazırda bu beynəlxalq sənədinin iştirakçı dövlətlərinin sayı 164 çatmışdır. Ermənistan bu Konvensiyaları imzalamayıb ratifikasiya etməsə də, hətta bu mühüm müqavılələrin iştirakçısı olmayan dövlətlər qeyd edilən hər iki konvensiyanın beynəlxalq adət hüququna əsaslanmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidirlər.

Ümumiyyətlə silahlı münaqişələr hüququnda minaların istifadəsinin məhdudlaşdırılması beynəlxalq adət hüququ norması statusunu əldə edən bir necə mühüm prinsipdən irəli gəlir.

Birincisi, fərqləndirmə prinsipidir. Yaxşı məlumdur ki, beynəlxalq humanitar hüququn təməlində mülki şəxslərlə kombatantların (münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan şəxsi heyət) fərqləndirilməsi durur.

12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına "Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" I saylı Əlavə Protokolunun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməzlər. Həmin Protokolun 85-ci maddəsinin 3-cü hissəsinin "a" bəndi "mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini" beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirir. Məsələ burasındadır ki, minalardan istifadə müvəqqəti xarakter daşıyır və yalnız müharibə dövrü ilə məhdudlaşır. Müharibənin bitməsi mina təhlükəsinin aradan qaldırılmasını mütləq formada özündə ehtiva edir. Ermənistan 6 iyun 1993-cü ildə Cenevrə konvensiyaları və onların I və II saylı Əlavə Protokollarına qoşularaq, həmin sənədlərdən irəli gələn bütün hüquqi öhdəliklərə riayət etməli olduğu halda, yalnız hüquqi məsuliyyətsizlik nümayış etdirir. Bunu təsdiq etmək üçün həmçinin Ermənistanın 17 may 2005-ci ildə qoşulduğu "Beynəlxalq müqavilələr hüququ haqqında" 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının ən vacib müddəaların pozulmasına istinad etmək olar. Sonuncu Konvensiyanın 26-cı maddəsində "pacta sunt servanda" prinsipini əks etdirən "qüvvədə olan hər bir müqavilə onun tərəfləri üçün məcburidir və onların tərəfindən vicdanla yerinə yetirilməlidir" müddəasına Ermənistanın məhəl qoymaması, sivil dövlətlərin davranış qaydalarını müəyyən edən beynəlxalq hüquq müqavilələrinin bu dövlət üçün yalnız əhəmiyyətsiz kağız parçası olmasının bariz nümunəsidir. Əlbəttə ki, təcavüzkar siyasəti yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, etnik təmizləmələr, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədən Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət edilməsini gözləmək sadəlövhlük olardı.

Mülki şəxslərlə kombatantların fərqləndirilməsi Ottava konvensiyasında da öz əksini tapıb və həmin sənədin ayrılmaz tərkib hissəsi olan Preambulasına daxil edilib. Həmçinin 1980-cı il tarixli Konvensiyaya dair "Minalar, tələ-minalar və digər qurğuların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında" II saylı Protokolun 3-cü maddəsinin 2-ci hissəsində də hədəf seçməyən, yəni mülki əhali ilə legitim hərbi hədəfləri fərqləndirməyən, mülki şəxslərin təsadüfi ölümlərinə və ya yaralanmalarına səbəb olan, silahların tətbiqi qadağan edilir.

İkinci mühüm humanitar prinsip, mütənasiblikdir. Həmin prinsip Cenevrə konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin "b" bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyanın vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır. Yuxarıda istinad edilən 1980-cı il tarixli Konvensiyaya II saylı Protokol və 1997-ci ildə qəbul olunmuş Ottava Konvensiyası bu prinsipə əsaslanırlar. Həmçinin nəzərə almaq lazımdır ki, həmin II saylı Protokolun 10-cu maddəsinə əsasən, fəal hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra münaqişədə iştirak edən hər bir tərəf bütün mina sahələri, minalanmış zonalar, minalar, tələ-minalar və digər qurğular barədə məlumat verməyi öhdəsinə götürür.

Ermənistan tərəfindən minalanmış sahələrin xəritələrinin ölkəmizə təqdim edilməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasıblik prinsiplərini açıq-aşkar pozaraq, müharibə cinayəti kimi tövsüf edilməlidir. Bunun əyani formada hüquqi təsdiqini 1998-ci ildə Roma Diplomatik konfransında qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq cinayət məhkəməsinin Statutunda (Nizamnaməsində) tapmaq olar. Həmin Nizamnaməyə uyğun olaraq "mülki şəxslərin təsadüfi ölümünə və ya xəsarət yetirilməsinə və ya mülki obyektlərə ziyan vurulmasına səbəb olan, əldə edilməsi gözlənilən hərbi üstünlüyə açıq-aşkar mütənasıb olmayan hücumların qəsdən törədilməsi" (maddə 8 (2b, "iv")), "mahiyyətınə görə hədəf seçməyən və ya lüzumsuz xəsarətlər yetirən və ya artıq iztirablara səbəb olan silah, sursat və texnikanın və həmçinin müharibə üsullarının beynəlxalq silahlı münaqışələr hüququnun əleyhinə tətbiqi" (maddə 8 (2b, "xx")) müharibə cinayəti hesab edilir və bu əməlləri törətmiş şəxslər beynəlxalq cinayət məsuliyyəti daşıyırlar.

Yolveriməz məqamlardan biridə ondan ibarətdir ki, ermənilər bizim ərazilərimizdə basdırdıqları minalar, müharibənin başa çatmasına baxmayaraq, yenə də can almaqda davam edir. Bu günədək ümumilikdə 49 min 395 hektar ərazinin minalardan təmizlənməsinə, minalar və ümumiyyətlə partlamamış hərbi sursatlar aşkar edilərək, zərərsizləşdiriliməsinə baxmayaraq, 240-dan çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Məlum olduğu kimi, "Qisas" əməliyyatı çərçivəsində Kəlbəcər-Laçın istiqamətində bəzi hərbi postlar Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülmüşdur və təkcə bir məntəqədə 2021-ci ildə Ermənistan tərəfindən istehsal edilmiş 900-dən artıq piyada əleyhinə mina aşkar edilmişdir. Bu fakt bir daha göstərir ki, Ermənistan öz cinayətkar minalama siyasətini həyata keçirməkdə davam edir. Ancaq mənfur qonşumuz hec vaxt unutmamalıdır ki, onu kapitulyasiya aktına imza atmağa məcdur edən qüdrətli dövlətimiz, mina təhlkəsini də dəf edəcək və azad edilmiş ərazilərimizi çiçəklənən diyara çevirəcək.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru