Ukraynada “ən ağır” mərhələ başlayır


Dünya 08 Avq 2022 16:30:00 191 0

Ukraynada “ən ağır” mərhələ başlayır

Böyük Britaniyanın Müdafiə Nazirliyinin şənbə günü açıqladığı yeni kəşfiyyat məlumatlarına görə, Rusiya "Ukraynanın mümkün əks-hücumlarına" hazırlıq məqsədi ilə qoşunlarını "cənub istiqamətinə" yığır.

Son.az lent.az-a istinadən xəbər verir ki, nazirliyin hərbi kəşfiyyata dair sənədində Rusiyaya məxsus hərbi yük maşınları, tanklar, artilleriya qurğuları və digər silah-sursatdan ibarət uzun karvanın Ukraynanın Donbas əyalətindən çıxarılaraq ölkənin cənub-qərbinə tərəf irəlilədiyi əks olunub.

Məlumatda Rusiyanın işğalı altında olan Melitopol, Berdiansk, Mariupol, eləcə də Rusiyanın sərhəd ərazilərində olan hərbi təchizat sistemlərinin Kerç körpüsü vasitəsi ilə Krıma daşındığı qeyd edilib.

Bundan əlavə, qurumun açıqlamasında hər biri 800-1000 canlı qüvvədən ibarət olan batalyon taktiki qruplarının da Krıma cəmləşdirildiyi bildirilir. Britaniya hərbi kəşfiyyatı bu qüvvələrdən Xerson regionunda olan rus ordusuna dəstək məqsədi ilə istifadə ediləcəyi qənaətindədir.

Ukrayna qüvvələri isə ölkənin cənubunda yerləşən strateji körpüləri, Rusiyaya məxsus sursat anbarlarını və dəmiryol xətlərini sıradan çıxarmağa fokuslanıb, Britaniyanın Müdafiə Nazirliyi bəyan edib. Ukrayna bu yolla Rusiyanın cənubdakı qoşunlarına logistik dəstəyi kəsməyə çalışır.