Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar...


Digərləri 06 Avq 2022 23:20:00 116 0

Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar...

Qeyd etməliyik ki, biz adi insanların ibadət bilib könül verdiyimiz işləri özü üçün günah hesab edənlər də var. Yaxşı əməllər sırasında birinci yerdə duran namaz haqqında buyurulur: "Namaz dinin sütunudur." ("Vəsailuş-şiə", 4-cü cild, səh.27.)

Görən, bu sifət bütün namazlaramı şamildir? Övliyalar diqqət və səmimiyyətlə qılınmamış namazı özləri üçün günah bilib belə namaza tövbə etmişlər. Günümüz 24 saatdan ibarət olsa da, adətən, qıldığımız namazlar üst-üstə heç bir saat da davam etmir.

Ən əsası isə, namaz halında diqqət və səmimiyyətdən faydalana bilməyənlər də az deyildir. Əgər namaz Allahla söhbətdirsə, bu söhbət zamanı hansı əsasla başqa işlər barəsində düşünmək olar?! Allah cisim olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir.

Uca məqam sahibləri ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. "Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı" deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.

Əlbəttə, insanın övliyalar haqqında düşünməsi onu öz nöqsanlı ibadətinə görə xəcalət çəkməyə vadar edir. Övliyalar günaha yox, naqis ibadətə xatir tövbə edirlərsə, günahkarlar nə üçün tövbə etməməlidirlər?! Övliyalara bənzəmək üçün Allahdan yardım istəyək.

Əhli-beyt yolunu getmək onlara oxşamaq üçün çalışmaq deməkdir. İmam Əli (ə) buyurur: "Ali məqama qüdrətiniz olmasa da, haramdan çəkinməyinizlə, özünüzə nəzarətlə bizə yaxınlaşın." ("Nəhcül-bəlağə", 45-ci məktub.)

Onlara oxşamağa çalışaq! Əhli-beytin varlığından xəbərdar olan insan Əhli-beyt ruhiyyəsini dadmaq üçün Allahdan yardım istəməlidir.

Nəfsin hesab mərtəbələrindən biri Allahdan qeyrisini düşünməyin günah hesab olunmasıdır. Hər halda, övliyalar belədir. Əlbəttə ki, övliyalar üçün də dərəcələr vardır. Hətta peyğəmbərlər də eyni dərəcədə deyillər.

"Bəqərə" surəsinin 253-cü ayəsində buyurulur: "Bəzi peyğəmbərləri o birilərindən üstün etdik." Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar Ona diqqətsizliyi günah hesab edirlər.

Biz isə elə güman edirik ki, yalnız namaz vaxtı Allahın hüzurunda oluruq. Başqa vaxtlarda isə ev, iş, dərs, övlad haqqında düşünürük. Mərhum İmam Xomeyni isə "aləm Allahın hüzurudur" buyurardı.

Qurani-Kərimdə belə düşünən övliyalar haqqında buyurulur: "Heç bir alış-veriş və ticarət onları Allahın zikrindən ayırmaz." ("Nur"/37.) Bu çox ali bir məqamdır.

Görən, belə bir bağlılıq mümkündürmü? Mümkündür, bunu təsəvvür etmək çox çətindir. Amma bacarmadığın işi qeyri-mümkün hesab etmək məntiqə sığmır. Özünü Allah hüzurunda bilən adam Ondan qəflətdə qala bilərmi? Belə insan danışdığı sözlərdə Allahın razılığını gözləyir. Bəli, belə bəndələr vardır.

Onları tanımamağımız onların yoxluğuna dəlalət etmir. Məhz onların varlığı səbəbindən yer üzü mərhəmətə bürünmüşdür. Həyatın davamı üçün həqiqi Əhli-beyt aşiqlərinin varlığı mühüm şərtdir.