Barbarların London basqını: İzlər hara gedir antitürk planı, yoxsa...


Digərləri 06 Avq 2022 16:12:00 209 0

Barbarların London basqını: İzlər hara gedir  antitürk planı, yoxsa...

Ölkəmizə qarşı planlaşdırılan və icrasına cəhd edilən çoxsaylı məkrli planlar indiyədək baş tutmayıb. Qərb, Avropa dairələrinin Azərbaycanda "inqilab" etmək üçün ictimai-siyasi sektordan "oğurladıqları", ələ aldıqları fəallar vasitəsilə 2005-2018-ci illər ərzində qurduqları ssenarilərin hamısı ifşa edilib.

Nəhayət, ölkəmizdə xaosu, "inqilabı" din pərdəsi altında həyata keçirmək variantı üzərində dayanılıb. Hazırda bu plan üzrə bütün maraqlı və qara niyyətli dairələr baş sındırır, çabalar göstərir.

Dini inanc məsələsi tarix boyunca həssas olub. Azərbaycanda isə son 10-15 ildə bu, qorxunc hala gəlib çıxıb. Bəlli qaydalarla, gizli yollarla xeyli adamı xarici ölkələr "dini" təsirləri altına alıblar.

Bu gedişatda öz siyasi planları üzrə Qərb, Avropa - xristian ölkələri (!) də özlərinin "islamçı" dini cameəsini yaradıblar...

Son 10 gündə Bakıda və Londonda baş verən iki hadisə bu prosesə xeyli işıq saldı.

Məhərrəmlik başlayan kimi Binə kəndində Şəhla Rzayeva adlı bir qadın evinin divarının çöl hissəsinə qara bayraq asdı, ərəbcə yazılar yazdı. Əlbəttə, hər kəsin dini inancı onun üçün toxunulmazdır. Amma Azərbaycan dünyəvi ölkədir, əlifbası, dili ərəbcə deyil. Həyətinin, evinin içərisində nə yazırsan yaz, kim nə deyər? Ümumən Bakıda, bütün ölkəmizdə küçələrdə, ictimai yerlərdə bütün dinlərə, təriqətlərə aid şüarların yığışdırılmasının tərəfdarıyam. İnanc hər kəsin şəxsi işi olmalıdır, zorən təşviqatla olmaz. 

Heç kimə də sirr deyil ki, səmimi inanclılar, gerçək dindarlar bu kimi təxribatlarla məşğul olmurlar. Yalnız ölkəmizdə sabitliyin pozulmasında maraqlı olanlar, Qarabağ Zəfərindən və Azərbaycanın regionda söz sahibi olmasından təlaşlanan, buna əngəl olmaq istəyən dairələrin, ölkələrin əlində alət olanlar "dini hoqqabazlıqlar" edirlər, əslində siyasi tapşırıqlarını yerinə yetirirlər.

Hüquq-mühafizə orqanları tam haqlı və konstitusiyamıza uyğun olaraq bu məsələni nəzarətə götürdü, xəbərdarlıqlar etdi. Əslində, bu təxribatın qarşılığında Azərbaycan dövləti çox humanist davrandı. O qadının videomüraciətlərində Azərbaycan dövlətinə qarşı çıxışlarını dinləyəndə heç də təsadüfi adam olmadığı bəlli olurdu. Aşura günü ərəfəsində müəyyən bir çevrənin bu oyunlara başlaması xaricdən idarə olunan bir prosesdir və ölkədə qarışıqlıq salmaq istəyindən doğur. Haradan yönəldildiyi haqda bir neçə versiya vardı. Təbii, bu dönəmdə nəzərlər ilk baxışda İrana yönəlmişdi. Çünki Tehran son zamanlar Azərbaycanın deyil, Ermənistanın "qardaşı", "dostu" kimi davranır. Onlar bu baş verənlərə şübhəsiz ki, sevinir, ancaq təşkilatçılığın onlara aid olduğunu söyləməyə əsas tapmaq olmur. Bəlkə "London radikalları"nın İrandakı hansısa qeyri-rəsmi, radikal qruplarla gizli əlaqələri ola bilər, bu, istisna deyil, mümkündür. Böyük izlər, ləpirlər isə başqa yerə, ingilis kəşfiyyatına qədər gedib çıxır. Bu baxımdan rəsmi Tehranın etmədiklərini də boynuna qoyub İranı qıcıqlandırmağın faydamıza olmadığı qənaətini bölüşürəm... Bakıda bəlli proses başlayanda ilk gündən bir məqam diqqətimi xüsusi cəlb edirdi: Avropanın, Qərbin media orqanlarının Azərbaycan nümayəndəlikləri, xaricdən idarə olunan "evrosaytlar", "evroblogerlər" Şəhla adlı qadını ciddi-cəhdlə müdafiə etdilər və etməkdədirlər. Ona guya dəhşətli təzyiqlər olmasına dair görüntü yaratmağa çalışdılar. Hətta "Şəhlanın divarı yazması Azərbaycan qanunlarına zidd deyil" şüar-sərlövhə ilə materiallar da hazırlandı. Bu tipli materiallar sosial şəbəkələrdə sponsor dəstəklə geniş-geniş yayıldı.

Britaniyanın "BBC"-i də bu prosesdə fəal idi...

Daim dini radikalizmdən əziyyət çəkən, bununla mübarizə apardığını bəyan edən Avropanın, Qərbin nəzarətindəki media quruluşlarının Azərbaycanda heç bir qayda-qanun tanımayan radikalları Aşura ərəfəsində fitvalaması, araqızışdıranlıq etmələri təəccüblü idi. O baxımdan ki, bunun ardınca nə gələcək? Ancaq çox gözlətmədilər özlərini: Cəmi 2-3 gün sonra pərdə yırtıldı! Azərbaycana qarşı "dini plan" üzrə ikinci hadisə Britaniyada baş verdi!