Alternativ Laçın yolu: Ermənistan Azərbaycanın sürətinə uyğunlaşmasa...


Digərləri 06 Avq 2022 11:18:00 112 0

Alternativ Laçın yolu: Ermənistan Azərbaycanın sürətinə uyğunlaşmasa...

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Laçın şəhərindən yan keçən alternativ yol demək olar ki, hazırdır. Yada salaq ki, yeni yolun tikintisi dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yol infrastrukturu layihələrindən biridir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun tikintisi artıq başa çatmaq üzrədir. Yolun 22-ci kilometrliyində uzunluğu 149,5 metr, eni 13,5 metr olan dördtağlı körpünün tikintisi, eləcə də, süni qurğuların, beton arxların və s. tikintisi yekunlaşıb. Alternativ yolun Azərbaycan hissəsinin inşasının yaxın vaxtlarda başa çatdırılması üçün əraziyə lazımi işçi qüvvəsi cəlb olunub.

Azərbaycanın operativliyinin səbəbi aydındır. Ancaq məlumdur ki, yolun Ermənistana aid hissəsinin (8 km) inşasına hələ indi-indi başlanılır. O zaman bizim tələskənliyimizin anlamı qalırmı? Bəlkə öncədən Paşinyanla şifahi anlaşma olub ki, o tərəf də tikintiyə vaxtında başlayacaq, ancaq Paşinyan yenə öz vədinə xilaf çıxıb?

Bu arada Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, Laçın dəhlizinə alternativ yolun Ermənistana aid hissəsinin tikintisi yazda bitəcək.

"Tikinti başlayıb, texnika işləyir, yol çəkilir. Biz onu üç hissəyə bölmüşük və fəal işləyirik", - o əlavə edib.

Demək, Laçın şəhərinin təhvili yaza qalır? Bəzi bilgilərə görə, Ermənistana aid 8 km-lik hissə əslində mövcuddur, sadəcə, pis vəziyyətdədir və yenidən qurulmalıdır. Yəni alternativ yol tezliklə istifadəyə verilərsə, ermənilər, sadəcə, həmin 8 km-lik yolu əzab-əziyyətlə gedib gələcəklər. Bu isə əlbəttə ki, bizim problem deyil.

Siyasi analitik Asif Nərimanlı bu məsələdə Rusiya və Ermənistanın maraqlarının uzlaşdığını bildirdi: "Ermənistan Laçın dəhlizinin alternativ marşruta köçürülməsini uzatmaq üçün öz ərazisindən keçən yolun tikintisini gecikdirir. Əsas məqsədləri dəhlizin hazırkı marşrutda qalması, ermənilərin hələ də qaldığı Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsinin qarşısını almaqdır. Bunun üçün zamana ehtiyacları var, hesab edirlər ki, 10 noyabr razılaşmasına görə 1,5 il vaxtlar var və bu müddətdə şərtlərin dəyişməsinə çalışırlar. Halbuki bəyanatda dəhlizin yeni marşruta köçürülməsinin 3 il sonra yox, 3 il ərzində icrası qeyd olunur. Azərbaycan da öz ərazisində marşrutun inşasını başa çatdırır və haqlı olaraq dəhlizin köçürülməsini tələb edir. Yolun Ermənistan ərazisindən keçən hissəsinin hansı vəziyyətdə olması Azərbaycanın problemi deyil, rəsmi İrəvan indiyə qədər bunu etməli idi, etməməsi də prosesi uzatmağa hesablanmış addımdır.