Öz vətənini sevəsevə mömin olmaq...


Digərləri 06 Avq 2022 11:48:00 195 0

Öz vətənini sevəsevə mömin olmaq...

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Mənim dini dünyagörüşümün fərqli olduğuna baxmayın, bu ölkədə məndən çox mömin dost-tanış olan az-az adam olar. Onların sırasında yaxın qohumlar və qohumların yaxın-uzaq qohumları da var.

Tanıdığım, yaxın olduğum mömin dost-tanışların tam əksəriyyəti çox səmimi, içdən gələn ruhani ehtiyacla ibadət yolu seçmiş, vicdanlı insanlardır. Bir-birimizə münasibətlərimiz də çox tolerantdır. Hər kəs öz əqidəsində sabitdir, heç kim qarşısındakını öz dini məfkurəsindən döndərmək xətti yürütmür.

Onların bəziləri öz ibadətlərində o qədər təvazökardırlar ki, yad adam heç vaxt onların nə dərəcədə dindar olduqlarını bilməz. Bu şəxslər öz ibadət vaxtlarını bir saniyə də keçirməzlər, namazlarını qılar, oruclarını tutarlar, amma bunu başqalarına göstərə-göstərə etməzlər.

Bir də var, dəqiqəbaşı, yeri gəldi-gəlmədi, "qıldığım namaz haqqı" deyə and içən, "ağzım orucludur" deyə başqalarına oruc tutması barədə işarə verən, ibadət etdiyini hər kəsə bəyan edən, hətta alnına möhürü izi qalacaq şəkildə basan, dindar olmasından özünə ictimai həyatda üstünlük və mötəbərlik qazanmaq üçün istifadə edən şəxslər. Dindarların sevimli sözü ilə desək, Allah onları hidayət etsin.

İctimai açıqlamalarını çoxdan izlədiyim və qəbul etdiyim din xadimlərindən olan Hacı Şahinin təşəbbüsü ilə bu gün "Məşədi Dadaş" məscidinin qarşısında baş tutan milli bayraqlı möminlərin mitinqi göstərdi ki, ölkəmizdə səmimi və təvazökar, milliyyətçi və dövlətçi dindarlar çoxdur.

Gerçəkdən də, dindar olarkən başqa dövlətlərin paytaxtlarına və dini mərkəzlərinə boylanmağa, oradan direktiv, fətva, buyruq gözləməyə ehtiyac yoxdur, bunlar olmadan da insanlar öz ruhani həyatlarını yaşaya bilərlər.

Əksinə, dindar olarkən yad ölkələrdəki dini mərkəzlərə bağlanmaq, onların iradəsi ilə təşkilatlanmaq, zaman-zaman başqa dövlətlərin mənafeyi naminə hərəkətlənmək heç bir dini əqidəylə bir araya sığmır. Bu, din pərdəsinə bürünmüş siyasətçilikdir, bir çox hallarda öz xalqına xəyanətdir.

Təəssüf ki, ölkəmizdə özünü başqa dövlətlərin təsir agentləri kimi aparanlar, onların fitvası ilə ortalığı qarışdırmağa çalışanlar, qaşınmayan yerdən qan çıxarmağa cəhd edənlər də var.

Bu adamlar əslində siyasi mübarizə aparırlar, hakimiyyətə gəlmək, sekulyar dövlət quruluşunu dəyişmək, şəriət rejimi qurmaq istəyirlər, həm də bunu xarici ölkələrdən aldıqları tapşırıq əsasında edirlər.