Koronavirus “irəliləyir” təhlükəli ştam proqnozları


Digərləri 05 Avq 2022 15:56:00 190 0

Koronavirus “irəliləyir” təhlükəli ştam proqnozları

Bir çox ekspertlər 2022-ci ilin yay aylarında pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar verirdilər. Amma bu proqnozlar özünü doğrultmadı. Əksinə, yeni, daha təhlükəli ştamların olacağı barədə xəbərlər yayılır... Ötən dövrü qısaca xatırlasaq, pandemiyanın bir neçə tarixi hadisə ilə yadda qaldığının da fərqinə vararıq. Dünyada koronavirus 2019-cu ilin sonlarından yayılmağa başladı.

O zamandan bəri bütün dünya ölkələri bu virusla mübarizəyə qalxdı. Azərbaycan isə bu dönəmdə hər iki cəbhədə "vuruşmağa" məcbur oldu: 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ savaşı, eyni zamanda tüğyan edən koronavirus pandemiyası. Düzdür, erməni vandalizmindən və virus səbəbindən ölənlərin sayı az olmadı... Amma itkilərin olmasına rəğmən ölkəmiz hər iki cəbhədən üzüağ çıxdı. Pandemiya dövrü yalnız Qarabağ savaşı ilə də yadda qalmadı. 2022-ci ilin fevral ayında Rusiya-Ukrayna müharibəsi də pandemiya dövrünə təsadüf etdi. Müharibənin ilk vaxtlarında Ukraynada koronavirus sürətlə yayıldı, bir yandan müharibədə itkilər, digər tərəfdən də virus qurbanları. Bu müharibə hələ də bitməyib. Pandemiyanın davam etdiyi bugünlərdə Azərbaycan yenidən Qarabağda antiterror əməliyyatlarına başlayıb, ermənilərin avqustun 3-də başladığı təxribata cavab verib. Görünən odur ki, tarixə yazılan hər üç savaş pandemiya dövrünə təsadüf etdi. Koronavirus isə bitmək istəmir, əksinə, yenidən alovlanmağa doğru gedir. Pandemiya dövrü bizə daha hansı "sürprizləri" göstərəcək, bunu da yaşayıb görəcəyik...    

Amma görünən odur ki, ekspertlər pandemiyasız mərhələyə keçidin 2022-ci ilin əvvəlində başlanacağını düşünsələr də, ancaq koronavirusun yüksək mutasiyaya uğramış "Omikron" variantı ortaya çıxdı və gözləntilər alt-üst oldu. Təhlükələr hələ qalır. "Omikron"un hazırda dominantlıq edən alt növlərini üstələyəcək yeni variantların ortaya çıxıb-çıxmayacağı bilinmir. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, immunitetdən daha çevik yayınmağa, daha ağır xəstəlik törətməyə qabil virus variantlarının ortaya çıxması ən pis ssenari olardı. Qurumun London İmperial Kollecinin modeli əsasında hazırladığı hesabatda vurğulanır ki, yeni variantlarla bağlı bütün ssenarilər gələcəkdə daha böyük epidemiya dalğalarının baş verəcəyinə işarə edir.

Alimlərin proqnoz verməsini çətinləşdirən bir mühüm məqam da odur ki, peyvənd kombinasiyalarının, gücləndirici dozaların, həmçinin əvvəlki yoluxmalar nəticəsində qazanılmış immunitetin adamları qarşıdakı aylarda qoruyub-qorumayacağı bilinmir, həmçinin buster doza kampaniyalarının nə dərəcədə effektli olacağı bəlli deyil.

Azərbaycanda isə baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Dəyişikliklə COVİD-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Qeyd edək ki, yoluxma artıq 500 üzərindədir və ölənlərin sayında da artım var. Baş nazirin qərarı da göstərir ki, koronavirus xəstəxanalarında işləyən həkimlərin hələ qarşıda görəcəkləri işlər çoxdur. Qapanma olmasa da, qadağalar qayıda bilərmi?

Eyni zamanda "Omikron"un yeni alt variantları nə ilə fərqlənir? Pasiyentlər daha çox nədən şikayət edir? Ağır vəziyyətdə olanlar əsasən hansı kateqoriya insanlardır? 4-cü doza vaksin tətbiq edilməlidirmi?