Türkiyədən hansı lokumu almalı? SEÇİMLƏR


Digərləri 05 Avq 2022 12:36:00 186 0

Türkiyədən hansı lokumu almalı?  SEÇİMLƏR

Demək olar ki, bütün dünyanın "Turkish Delight" (Türk ləzzəti) kimi tanıdığı və sevdiyi Türk Lokumu, köklü tarixi və xüsusi ləzzəti ilə ən özəl şirniyyatlardan biridir. Lokum Anadoluda təxminən 15-ci əsrdən tanınır, lakin Avropada tanınması isə 18-ci əsrdə baş verib. 18-ci əsrdə bir İngilis turist tərəfindən İngiltərəyə aparılan və "Turkish Delight" kimi təqdim olunan lokum Avropada da çox sevilir və bununla da beynəlxalq qənnadı ədəbiyyatına daxil olur.

Damaq dadı hər bir insan üçün özəldir. Ənənəvi lokum su, şəkər, nişasta və bəzi əlavələrlə hazırlanır. Ancaq hər bir insanın zövqünə uyğun və daha da ləzzətli olması üçün lokuma fındıq, qoz, fıstıq və ya quru meyvə kimi əlavələr edilir. Bu yazımızda Türkiyəyə yolunuz düşəndə haradan ən yaxşı lokumu ala bilərsiniz onu təqdim edirik.

Afyon

Heç şübhəsiz ki, Türkiyədə lokumun ən yaxşı hazırlandığı məşhur yer Afyon bölgəsidir. Afyonkarahisardan keçib buradan lokum almayan çox nadir insan var. Afyonda demək olar ki, hər növdə lokumu (fındıqlı, qozlu, ağ lokum, püstəli, klassik lokum, ikiqat qovurulmuş lokum, qaymaqlı lokum və s.) rahatlıqla tapa bilərsiniz. İçərisinə əlavə edilən inqrediyentlərdən asılı olaraq lokum çeşidləri 150-yə çatır. Qısacası Afyon demək, lokum deməkdir.

Siz də yolunuz Afyona düşərsə ləzzətləri dillərə dastan olan Öztaylan Yayla Şekerleme, İkbal Şekerleme, Altınay Şekerleme kimi məşhur ünvanlardan əla lokumlar ala bilərsiniz.

Tarixi köklərə malik lokumçuların əksəriyyəti hazırda İstanbulda fəaliyyət göstərir.

Ali Muhiddin Hacı Bekir (İstanbul - Ankara)

Hacıbəkirin 245 illik ənənəsi var, çeşidləri ilə dünya brendidir. Ailə biznesinin qurucusu olan Hacı Bekir Efendinin Malta əsilli rəssam Preziosinin akvarellə çəkdiyi rəsminin orijinalı Luvr Muzeyində, surəti isə Topkapı Sarayında sərgilənir. 6-sı İstanbulda və 1-i Ankarada fəaliyyət göstərən filialların hansına girməyinizdən asılı olmayaraq, daha çox rəğbət görən püstəli (ikiqat qovurulmuş), fındıqlı, qozlu, qızılgüllü, nanəli, saqqızlı, kofeli, mixəkli, qaymaqlı, darçınlı, zəncəfilli və s. lokumlarından ağız dadınıza uyğun olanını rahatlıqla seçə bilərsiniz.

Şekerci Cafer Erol (İstanbul - İzmir)

Şekerci Cafer Erolun 7-si İstanbul və 1-i İzmirdə fəaliyyət göstərən filiallarında onlarla növ lokum tapa bilərsiniz. Xüsusilə bir az turşməzə desertləri sevirsinizsə, buranın narlı lokumu sizin üçün unudulmaz ola bilər.

Hicipoğlu Şekerleme (İstanbul)

Hicipzade Mustafa Efendinin Sultan I Mahmud zamanında Eminönündə açdığı dükan indi də eyni yerdə fəaliyyət göstərir və 277 ildir özəl bir ləzzət hekayəsi yazır. Buranın da növ-növ lokumlarından dadmağınız məsləhətdir.

Altan Şekerleme (İstanbul)

157 ildir ki, Eminönündə eyni ünvanda xidmət göstərən tarixi mağazanın lokumları çox bəyənilir. Kokoslu lokumundan meyvəli lokumuna, limonlu lokumundan sultan lokumuna növ-növ lokumları yeyən bir də yemək istəyir.

Özsoy Şekerleme (İstanbul)

İstanbulun ən sevilən şirniyyatçılarından olan bu kiçik mağaza illərdir müştərilərinə ən dadlı təamları təqdim edir. Xüsusilə qatqısız şəkər çuğunduru ilə hazırladıqları təbii lokumları əfsanədir.

Üçyıldız Şekerleme (İstanbul)

96 illik bu mağaza şirniyyat sevərlər üçün cənnətdir. Üçyıldız şirniyyat mağazasının müxtəlif növ türk lokumları və şirniyyatlardan başqa öz istehsalları olan ləzzətli mürəbbələri də çox məşhurdur.

Tarihi Galata Şekercisi (İstanbul)

Türkiyə ilə yanaşı xüsusilə Almaniyada da çox məşhur olan bu butik müəssisədə hər cür konfet və şirniyyat tapa bilərsiniz. Şokoladlı qəhvəli lokum və ya sultan fındıqlı lokumlarından dadmağınız məsləhətdir.

Cemilzade (İstanbul)

139 illik Cemilzade lokum dedikdə ağıla ilk gələn yerlərdən biridir. Fındıqlı və qızılgül ilə hazırlanan lokumlarının dadı damağınızda iz buraxacaq.

Şekerci Ali Galip (İzmir)

İzmirin ən məşhur şirniyyatçılarından biri olan Şekerci Ali Galip 1901-ci ildən fəaliyyət göstərir. Şekerci Ali Galipdə 100-lərlə növ lokum tapa biləcəksiniz. Burada klassik türk lokumları ilə yanaşı əncirli, qarpızlı, ikiqat qovrulmuş püstəli, qızılgüllü lokumları ən çox sevilənlər arasındadır.

Servet Şekerleme (Muğla)

Servet Şekerlemedə meyvə şəkəri ilə hazırlanan xüsusi türk lokumları o qədər çoxdur ki, siz hansını seçəcəyinizə qərar verməkdə çətinlik çəkəcəksiniz. Şəkərsiz şirniyyatlar mənə görə deyil deyirsinizsə qarışıq lokumlardan və bol püstəli şokoladlı lokumlardan dada bilərsiniz.

Safrantat Lokumcusu (Karabük)

Safranboluya gəlib dünyaca məşhur Safranbolu lokumunu dadmamaq mümkün deyil. Safranbolu lokumu az şirin və yüngül olduğu üçün digər lokumlardan fərqlənir. Bura Safranboluya məxsus xüsusi zəfəranlı lokumu ilə məşhur olsa da, əncirli və qozlu lokumu da mütləq dadmalısınız. Özünəməxsusluğu ilə seçilən Safranbolu lokumunu xüsusilə yapon turistlər çox seçir.

Tarihi Yeni Uğur Helvacısı (Adana)

73 illik təcrübəyə malik Tarihi Yeni Uğur Helvacısı türk lokumunu Adana üslubu ilə hazırlayan butik firmadır. Bütün məhsullar təbii qoz-fındıq, quru meyvələr, ekstraktlarla, boya tələb edən məhsullar isə orqanik qida boyaları ilə istehsal olunur. Şəhərin ən qədim lokum mağazalarından biri olan Yeni Uğur Helvacısında yüzlərlə çeşiddə lokum və qənnadı məmulatları sizi gözləyir.

Oğuz Uzun Çikolata ve Şekerleme (Ankara)

Ankaranın ən qədim şirniyyatçılarından biri olan Oğuz Uzun-da ənənəvi üsullarla hazırlanan dəyişməyən dadları tapacaqsınız. Xüsusilə ikiqat qovurulmuş və meyvəli lokumları ən məşhurlar arasındadır.

Tuğba Kuruyemiş (Aydın, İzmir, Balıkesir, Eskişehir, Muğla, Ankara, İstanbul, Manisa, Sakarya, Antalya, Uşak, Bursa, Samsun, Denizli, Kütahya)

Mərkəzi Aydın şəhərində olan Tuğba Kuruyemiş Türkiyə daxilində 100-dən çox mağazası ilə müştərilərinə xüsusi məhsullar təqdim edir. Xüsusi hazırladıqları müxtəlif növ lokumlarından ağız dadınıza uyğun olanı rahatlıqla tapacaqsınız.

Yıldırım Şekerleme (Isparta)

Ispartada fəaliyyət göstərən Yıldırım Şekerleme müştərilərin tələbləri istiqamətində məhsul çeşidini daim inkişaf etdirir və müxtəlif lokum növləri, tahin halvası, mürəbbələr ilə süfrələrə dad qatır. Gülləri ilə məşhur olan bu şəhərə yolunuz düşərsə mütləq şəkildə müxtəlif növ gül lokumlarından almalısınız.

Ağzınız şirin olsun, həmişə gəzməkdə!

AviaTravel

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az