Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu?


Kriminal 05 Avq 2022 08:10:00 124 0

Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu?

Bakıda özünü general Hikmət Həsənov kimi təqdim edən şəxsə hökm oxunub.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsinin hökmünə əsasən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməkdə təqsirləndirilən Hikmət Həsənov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun törətdiyi əmələ gəlincə, H.Həsənov 2021-ci ilin dekabrında Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alan tanışının oğlunun koronavirusa yoluxduğunu öyrənib. Bundan sonra Bakıda olduğu zaman gecə saat 02:00 radələrində həmin şəxsin səhhəti ilə maraqlanmaq üçün akademiyaya gedib. H.Həsənov karantin vaxtı şəhərdə maneəsiz hərəkət etmək üçün evində olan hərbi sahə üzrə general-leytenant formasını geyinib. 

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin formanı necə əldə etdiyini xatırlamadğını bildirib. Özü məhkumluq həyatı yaşadığından, hərbi sahədə cəmi 1 ay işlədiyini qeyd edib.

H.Həsənov akademiyaya gələn zaman növbətçi hissədə olan gizir Cabir Əlizadə ona yaxınlaşıb. Bu zaman H.Həsənov özünü əks kəşfiyyatın rəisi, general-leytenant kimi təqdim edib. Cabir Əlizadə isə öz növbəsində içəri daxil olaraq növbə rəisinə məruzə edib. Saxta general koronavirusdan əziyyət çəkən tanışını soruşarkən, növbə rəisi ona kursantların məzuniyyətə buraxıldığını, hazırda heç kimin olmadığını deyib. H.Həsənov bu zaman növbə rəisinə yenə də general olmağını, FHN-də və digər qurumların rəhbər şəxsləri ilə əlaqələrinin olmasını, vəzifənin artırılması və rütbənin verilməsini təmin etmək imkanın olmasını, istəsə, müraciət edə biləcəyini deməklə nömrəsini onlara verib.

Həmin görüşdən bir neçə gün sonra növbə rəisi ona zəng edərək görüşmək istədiyini deyib və tərəflər "Atabağı" restoranına üz-üzə gəliblər. Görüş zamanı növbə rəisi akademiyada növbətçi kimi işlədiyini, komendant rəisi yerinin tezliklə boşalacağını, odur ki, həmin vəzifəyə keçmək istədiyini, lakin bununla bağlı köməklik edəcək şəxsi tapa bilmədiyini deyib. Bu zaman saxta general FHN-nin vəzifəli şəxsləri ilə əlaqələrinin olduğunu deyib və sağollaşıb.

Maraqlıdır ki, H.Həsənov görüşə də general forması ilə gəlib. Görüşdən sonra H.Həsənov növbə rəisinin vəzifəsinin artırılması üçün 5.000 manat tələb etmək qərarına gəlib və bununla bağlı görüşmələri barədə sonuncuya zəng edib. Zərərçəkənlə yenidəndən "Atabağı" restoranında görüşən saxta general yalandan söhbət zamanı guya FHN-nin Kadrlar Siyasəti Baş İdarəsinin rəisi general-mayor Sevda Şirinova ilə danışdığını deyərək komendant xidmətinin rəisi vəzifəsinə təyin olunması üçün ondan 5.000 manat tələb edib.